Menu

Azərbaycan hansı təşkilatlarla daha sıx əməkdaşlıq edir? - Dünya birliyi ilə inteqrasiya gücləndirilir

31.03.2023, 15:28
Azərbaycan hansı təşkilatlarla daha sıx əməkdaşlıq edir? - Dünya birliyi ilə inteqrasiya gücləndirilir

XX əsrin sonlarına doğru dünyada baş verən qlobal proseslər, xüsusən də “Soyuq müharibə” dövrünün başa çatması və SSRİ-nin dağılması fonunda yeni bir geosiyasi vəziyyət yarandı. Nəticədə digər ölkələr kimi, postsovet məkanında yaranan yeni müstəqil dövlətlər də beynəlxalq münasibətlər sisteminə inteqrasiya edərək, öz xarici siyasət kurslarını həyata keçirməyə başladılar. 

Mühüm geosiyasi məkanda yerləşən Azərbaycanın 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi ilə birlikdə ölkəmizin xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi əsas şərtlərdən birinə çevrildi. 

Bu zaman əsas məqsəd təcavüzün və etnik separatizmin qarşısını almaq, onların ağır nəticələrini aradan qaldırmaq, dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünya birliyi ilə siyasi və iqtisadi inteqrasiyaya qoşulmaqdan ibarət idi. 1991-1992-ci illərdə Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərin qurulması ölkəmizin dünya birliyinə sistemli şəkildə inteqrasiyasına gətirib çıxardı. 

Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi" və sonrakı dövrdə imzalanmış çoxsaylı neft kontraktları Azərbaycanın dünya birliyinə inteqrasiyasını gücləndirdi və qarşılıqlı faydalı əməkdaşlıq üçün digər ölkələrlə ortaq təmas nöqtələrinin yaranmasına səbəb oldu.

Azərbaycan müstəqilliyinin ilk illərindən etibarən regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur.

Azərbaycanın sıx əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilatların bir qismini təqdim edirik:

Azərbaycan-BMT

Azərbaycanın 1992-ci ildən üzv olduğu BMT dünyada universal beynəlxalq təşkilat kimi qəbul edilir. Azərbaycan-BMT münasibətləri çərçivəsində ölkəmizə müxtəlif layihələrlə bağlı yardım göstərən BMT-nin İnkişaf Proqramlarını xüsusilə vurğulamaq vacibdir. Bundan əlavə, UNESCO, UNİCEF və BMT-nin digər xüsusiləşdirilmiş təşkilatlarının fəaliyyəti də diqqətdən yayınmamalıdır.

Azərbaycan - Türk Dövlətləri Təşkilatı

Azərbaycan 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmış  Türk Dövlətləri Təşkilatında (ötən ilə qədər adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın idi)  aparıcı rola malik olan dövlətlədən biridir.  Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulan təşkilatın bu qısa müddətdə üzvlərinin sayı 7-yə çatıb, daha 2 dövlət — Macarıstan və Türkmənistan isə müşahidəçi statusu alıb. Türk Dövlətləri Təşkilatının (TDT) ötən illər böyük inkişaf yolu keçməsində, türk ölkləri arasında münasibətlərin dərinləşməsində Türkiyə və Azərbaycan əsas rol oynayır. 

Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul və Səmərqənd olmaqla doqquz Zirvə görüşü keçirilib ki, Azərbaycan bunların hər birində fəal rol oynayıb. 

Türk Dövlətləri Təşkilatının bir sıra əlaqəli orqan və təşkilatı var. Bunlardan Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir..

Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə Görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Türk İnvestisiya Fondunun təsis edilməsi haqqında Sazişin Səmərqənddə keçiriləcək 9-cu Zirvə Görüşü zamanı imzalanıb.

Həmçinin TÜRKSOY Şuşanın 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmasına dair qərar qəbul edib.

Azərbaycan - İƏT

1991-ci ildə İƏT-yə üzv olduqdan sonra Azərbaycan bu təşkilatın fəal iştirakçılarından birinə çevrilmişdir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin daha da möhkəmləndirilməsinin tərəfdarı kimi çıxış edir.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar ölkə kimi tanıyan və pisləyən ilk beynəlxalq təşkilatdır. İƏT-in bu həyati əhəmiyyətli məsələyə dair aydın və ədalətli mövqeyi həmin təşkilatla münasibətlərimizin yüksələn xətlə inkişafına əlverişli zəmin yaradır.

Azərbaycan - Avropa Şurası

Avropa institutlarına inteqrasiya ölkəmizin xarici siyasətinin başlıca prioritetlərindən hesab olunur. Bu səbəbdən də Azərbaycan 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlər görür. 

Hazırda Azərbaycan milli qanunvericiliyin demokratikləşdirilməsinə köməklik göstərən AŞ-nin Venesiya Komissiyası ilə sıx əlaqələr quraraq, Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyası və onun Protokollarını 25 yanvar 2001-ci il tarixində imzalamış, 15 aprel 2002-ci ildə isə onları ratifikasiya etmişdir.

Azərbaycan - Avropa Birliyi

Avropa məkanına daha sıx inteqrasiyanın zəruriliyi mövqeyindən çıxış edən Azərbaycan AB ilə çoxşaxəli qarşılıqlı əlaqələr yaratmışdır. Azərbaycanın AB ilə münasibətləri TACİS, TRACECA və s. kimi müxtəlif proqramlar çərçivəsində inkişaf etdirilir. 

1996-cı ildə Azərbaycan ilə Avropa Birliyi arasında 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq sazişi imzalanmışdır. Bu saziş siyasi dialoq, demokratiyanın qurulmasına kömək, eləcə də iqtisadi əməkdaşlıq və sərmayələrin qoyuluşunu nəzərdə tutur.

2004-cü ildə Avropa Birliyinin şərqə doğru genişləndirilməsilə Azərbaycan Cənubi Qafqaz ölkəsi olaraq, “Genişləndirilmiş Avropa” təşəbbüsü çərçivəsində AB-nin "Yeni qonşuluq siyasəti"nə daxil edilmişdir. Bu isə ölkəmizin Avropa Birliyilə əməkdaşlığı daha da inkişaf etdirərək yeni keyfiyyət mərhələsinə qaldırması üçün zəmin yaradır.

Azərbaycan - NATO

Azərbaycanın Avro-Atlantika məkanında təhlükəsizliyinin başlıca elementlərindən olan NATO ilə münasibətlərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, ölkəmiz “Sülh naminə tərəfdaşlıq” proqramına elə onun təqdim edildiyi 1994-cü ildə qoşulub. Planlaşdırma və analiz prosesi və Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində fəaliyyət, eləcə də Azərbaycan hərbçilərinin NATO-nun başçılığı ilə Kosovodakı sülhməramlı əməliyyatlarda iştirakını buna bariz nümunə kimi göstərmək olar.

Azərbaycan - Antiterror koalisiyası

Həm nisbətən yaxın olmayan tarixdə, həm də müasir dövrdə qarşılaşdığı erməni terrorçuluğu timsalında bu bəlanın nə olduğunu tam dərk edən Azərbaycan 2001-ci il sentyabrın 11-dən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının üzv olaraq, terrorçuluğun qlobal təhdidlərinə qarşı mübarizəyə öz töhfəsini verməkdədir. Bu istiqamətdə, azərbaycanlı sülhməramlıların Əfqanıstan və İraqda həyata keçirdikləri missiyaları qeyd etmək vacibdir.

Azərbaycan – MDB

1993-cü ildən MDB-nin üzvü olan Azərbaycanın əsas məqsədi bu təşkilat çərçivəsində öz müstəqilliyini möhkəmləndirmək və mehriban qonşuluq zonası yaratmaqdır. MDB həmçinin ətraf mühitin qorunması, elmi və mədəni əməkdaşlıq, eləcə də qanunsuz dövriyyələrə və cinayətkarlığa qarşı mübarizədə səylərin uyğunlaşdırılması və s. bu kimi sahələrdə fəaliyyətin nizama salınması üçün çərçivə kimi çıxış edir.

E. Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanmışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol