NÜVƏSİZ RUSİYA: DİŞSİZ AYI – Nüvə silahının ümidinə qalan bu “nəhəngi” nə gözləyir?

Son günlər xarici mətbuatda və sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri Vladimir Putinin bir qrup xarici ölkə səfirinin etimadnaməsini qəbul edərkən sərgilədiyi davranışlardır. Çünki artıq bütün dünyada sözünün qiyməti dərin “inflyasiyaya uğramış” Putinin çıxışlarının mətninə yox, daha çox davranışlarına fikir verilir.

Həmin tədbirdə çıxışını bitirəndən sonra Rusiya başçısı bir müddət kürsüdə dayanaraq, səfirlərin əl çalmasını gözlədi. Lakin heç bir reaksiya olmadı. Bir qədər pərt olduğu nəzərdən qaçmayan və canındakı sui-qəsd paranoyası səbəbindən səfirlərlə əllə görüşməyən Putin onlarla uzaqdan sağollaşıb getdi. Əlbəttə, bu gün dünyada nəinki Putinə əl çalmağa, hətta onu dinləməyə hazır olan xarici ölkə rəsmilərinin sayı olduqca azdır və səfirlərin də yəqin ki, ürəyindən onu alqışlamaq qətiyyən keçməyib. Ancaq məsələ ondadır ki, bu səfirlər hətta Putini “sevsəydilər” belə, onu alqışlamaq etimadnamə təqdimatıyla bağlı diplomatik etiketlərə daxil deyil və belə şey başqa zamanda da olmayacaqdı. Ona görə də Rusiya başçısının kürsüdə alqış gözləməsi onun qeyri-stabil psixoloji durumunun və adekvatlıq dərəcəsinin bariz nümunəsi kimi qəbul olunur. Adam “Vahid Rusiya” partiyası auditoriyası ilə rəsmi diplomatik proseduru səhv salacaq durumdadır. Ən acınacaqlısı isə odur ki, hazırda bu adam az qala bütün dünyanı öz qarşısına alan və artıq strateji məğlubiyyəti baş vermiş ən böyük nüvə dövlətinin başçısı, əsas söz sahibidir. Elə normal cəmiyyətlərin də qorxduğu belə qeyri-adekvat vəziyyətdə olan və küncə sıxışdırılmış birisinin əlində nüvə silahının olmasıdır...

Son olaraq Belarusa nüvə başlıqlarının yerləşdirilməsi də daxil olmaqla, Ukraynadakı uğursuzluqlara paralel olaraq Rusiya rəhbərliyindəki şəxslərin nüvə şantajı dilində danışması təkcə bütün dünyaya qarşı təhdid yox, həm də Rusiyanın imperiya, dövlət, ordu, iqtisadiyyat, nəhayət, cəmiyyət olaraq tükənməsinin, məğlubiyyətinin göstəricisidir. Belə çıxır ki, tarixən böyük alimlər, yazıçılar, bəstəkarlar, ixtiraçılar, sərkərdələr və s. yetişdirən, ərazicə və təbii ehtiyatlarına görə ən nəhəng ölkənin dünyaya göstrərəcək, verəcək heç nəyi qalmayıb – nüvə silahından başqa.

Belədə sual yaranır – bəs Rusiyanın nüvə silahı olmasaydı, nə olacaqdı? Əlində başqa nə var? Kreml Ukraynaya və Qərbə nəylə meydan oxuyacaqdı, onu nəylə hədələyəcəkdi?

Böyük ehtimalla, nüvə silahına malik olmasaydı, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə cəsarət etməzdi, etsəydi də artıq çoxdan keçmiş Yuqoslaviyada Serbiyanın düşdüyü duruma düşəcəkdi, hərbi məğlubiyyətə uğradılacaqdı, ordusu, müdafiə sistemi NATO tərəfindən bombalanacaq, məhv ediləcəkdi, Putin isə qiyabi yox, əyani şəkildə Haaqa Məhkəməsinin qarşısında duracaqdı.

Bir çox mütəxəssislər hesab edirlər ki, elə Çinə də Rusiya təbii sərvətlərilə yanaşı, daha çox məhz nüvə silahına görə lazımdır. Çünki Çinin nüvə silahı çox deyil və Qərblə mümkün qarşıdurmada Rusiya onun üçün “nüvə çətiri” rolu oynaya bilər...

Deməli, bugünkü acı reallığa görə Rusiya az qala sıfırlanmaq üzrədir və yalnız nüvə silahının ümidinə qalıb. Bəs hanı “dünyanın ikinci ordusu”, hanı uzun illərdir büdcəyə 100 milyardlarla daxil olan neft-qaz dollarları, hanı iqtisadi və hərbi islahatlar, hanı Rusiyanın məşhur rifah və inkişaf fondları və sair?

Bir sözlə, bu gün Rusiyanın nüvə silahından başqa ortaya qoyacaq heç nəyi yoxdur. Rusiyanın Ukrayna əsgərlərinin, əhalisinin qırılıb qurtaracağından başqa heç nəyə ümidi qalmır. Çünki Rusiya hələ müharibənin başlanğıcında NATO silahı, Qərb maliyyəsi ilə təmin olunmayan Ukraynaya belə qalib gələ bilmədi, indiki vəziyyətdə isə bu qələbə ümumiyyətlə mümkünsüzdür.

Odur ki, Ukraynaya soxulan “rus ayısı” dişsiz, caynaqsız, halsız, ağzı-burnu əzilmiş, qanamış vəziyyətdədir. Bu vəziyyət isə kifayət qədər böyük tarixi olan, dünya lideri olmağa, ABŞ-la, Qərblə rəqabət aparmağa iddialı olan dövlət və toplum üçün biabırçılıq və fəlakətdir. Bu gedişlə Rusiyanı heç gecə-gündüz öyündüyü nüvə silahı da xilas edə bilməyəcək.

Hazırda əsas suallardan biri odur ki, Kreml nüvə silahından istifadə edəcəkmi, yaxud edə biləcəkmi? Təbii ki, Qərb və ümumilikdə sivil dünya hər nə qədər özünü arxayın etməyə çalışsa da, belə bir təhlükə var. Lakin Putin, Medvedev və Rusiya rəhbərliyindəki digər “nüvə şantajçıları” bu mövzunu o qədər “çeynəyiblər” ki, bir növ nüvə silahını da hörmətdən, urvatdan salıblar. Ona görə artıq bir çoxları Kremlin nüvə təhdidlərinə məlum canlının heç nəyə baxmadan öz yolu ilə gedən karvana “reaksiyası” kimi yanaşırlar... 

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Seymur 2023-05-10 09:44:38

Mence siz rusiyani yaxshi tanimirsiz? ne xalqini ne servetini? Rusiya hec vaxt dizlerini yere qoymayacaq ! Tarixen bizim dushmen olsada duznu deyek. Muharibeni esliunde USA elemdimi? guya onlar bunlardan yaxshidi? Ilanin aginada qarasinada

Şəmsəddin Mənsuroğlu 2023-04-10 12:40:27

Təhıilli yazıdır.Mənaca çox şeyə aydınlıq gətirilib.Əllərinə sağlıq.

Son yazılar