“Ağzını yum! Vladimir Vladimiroviç, yaxşısı budur, sadəcə ağzını yum və sus! Biz də sənə görə utanmarıq ki, ölkəmizdə sənin kimi Prezident var, düşmənlərimiz də bizə istehza etməzlər!... Dərindən anlayıram ki, baş verənlər və baş verəcəklərə görə birinci növbədə Rusiya Federasiyası Prezidentinin böyük günahı var. Hansı ki, hal-hazırda da özünü min illik tarixi olan nəhəng dövlətin başçısı yox, əski parçası kimi aparır”.
“AzPolitika.info” xəbər verir ki, Donbasdakı separatizmin banilərindən biri, sabiq FTX polkovniki və qatı rus şovinisti, millətçisi kimi tanınan İqor Qirkinin(Strelkov) martın 20-də öz kanalında səsləndirdiyi bu fikirlərə və buna bənzər digər açıqlamalara görə həbs ediləcəyi gözlənilir.
Rusiya mətbuatının yazdığına görə, artıq ölkənin Daxili İşlər Nazirliyində Qirkinin açıqalmaları ilə bağlı araşdırmalara başlanılıb. Ona Rusiya ordusuna qarşı diskreditasiya, “feyk” məlumatların yayılması maddələrilə cinayət işi açıla bilər. Artıq eyni maddəyə görə minlərlə rusiyalının, o cümlədən müxalifət fəallarının həbs edildiyi, ya da cərimə olunduğu məlumdur.
Bu arada Novosibirskdən olan bir qadın da Qirkinə qarşı iddia qaldıraraq, onu ordunu və ölkə rəhbərliyini gözdən salmaqda, onlara böhtan atmaqda ittiham edib və Sankt-Peterburq istintaq orqanlarından ona qarşı müvafiq maddələrlə cinayət işi açılmasını tələb edib. Artıq bir çox Rusiya KİV-ləri sözügedən qadının hüquq-mühafizə orqanlarının sifarişini yerinə yetirdiyini və Qirkinlə bağlı “yuxarıdan” sifariş gəldiyini yazırlar.
Qeyd edək ki, son günlər Kremlin ən qatı təbliğatçılarından olan Vladimir Solovyov da Qirkini hədəfə alıb. O, son verilişində Qirkini Putinin ünvanına söylədiyi fikirlərə görə qınayıb və təhqir edib, onu “rus zabiti yox, zibil qırığı” adlandırıb.
Qirkin isə ona qarşı qaldırılan iddialara və ittihamlara cavab verməyə hazır olduğunu deyib.
“AzPolitika.info”


Şərhlər
Qirkin bir zibil deyil ,o da Kremlin tulasıdır ,Jirinovski kimi ,bu öz yerində məni güldürən o qadının şikayətçi olmasıdır ,bizdə olduğu kimi < zəhmətkeş > məktubları