Menu

Təbriz konsulluğumuza yeni terror təhdidi - Bu dəfə nəyi bəhanə edəcəklər?

15.04.2023, 16:08
Təbriz konsulluğumuza yeni terror təhdidi - Bu dəfə  nəyi bəhanə edəcəklər?

Yayılan xəbərlərə görə, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qarşısında anti-Azərbaycan və panfarsist qüvvələrin yeni təxribatı planlaşdırılır.

Məlumatlara görə, təxribat aprelin 14-də “Qüds günü” ilə bağlı (hər il Ramazan ayının axırıncı cümə günü qeyd olunur) konsulluğun qarşısında keçiriləcək aksiya Azərbaycanın İsraildəki səfirliyinin bağlanması və diplomatlardan Təbrizi tərk etmələri formasında təşkil olunmalı idi. Özü də bu cür aksiyanın məhz azərbaycanlıların hesabına izdihamlı edilməsinin planlaşdırıldığı məlumatlar sırasındadır.

Belə bir rəy yaratmaq hədəf götürülüb ki, guya güneylilər də Azərbaycan dövlətindən narazıdır. Bununla da fars rejimi cənubdakı soydaşlarımızda həm də Azərbaycan dövlətinə qarşı inamsızlıq yaratmaq niyyəti güdür. Məqsəd həmçinin Azərbaycanın “persona-non-qrata” elan etdiyi 4 diplomatın heyfini almaq və ümumiyyətlə, konsulluq binasının tamamilə bağlanmasına nail olmaqdır. Diplomatlarımıza qarşı terror aktı da istisna edilmir. Böyük ehtimalla, molla rejiminin məkrli planına qarşı Güney Azərbaycan türkləri səssiz qalmayacaq. Çünki bura səfirlik binasının yerləşdiyi Tehran deyil, Təbrizdir.

Təxribat nəticəsində konsulluq bağlanarsa, bunun ikitərəfli münasibətlər üçün hansı nəticələri olacaq? Azərbaycandakı İran səfirliyi də bağlanacaqmı? Maraqlıdır ki, bu ərəfədə İran səfiri Musəvi Prezidentin köməkçisi Hikmət Hacızadə ilə görüşüb. Fars-molla rejimi bununla nə demək istəyir?

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

Sosial Tədqiqatlar Mərkəzinin siyasi eksperti Tural İsmayılov xatırlatdı ki, Təbrizdəki Baş Konsulluğumuza qarşı indiyə qədər bir neçə dəfə müxtəlif formalarda təxribatlar həyata keçirilib: “Bu təxribatların arxasında isə İranın xüsusi xidmət orqanları dayanıb. Əsasən də təxribatlarda Azərbaycanın sekulyar dövlət modelinin əleyhinə olan "Huseyniyun" radikal təşkilatının üzvləri fəallıq nümayiş etdirirlər. Bundan əvvəl də İran parlamenti Azərbaycan əleyhinə qondarma sənəd qəbul edərkən həmin terror təşkilatı Təbrizdəki konsulluğumuzun qarşısında təxribatlar edirdilər.

Azərbaycanın Tehrandakı səfirliyinin məlum terror hadisəsi ilə əlaqədar fəaliyyətini dayandırdıqdan sonra İrana bağlı olan trol şəbəkələri və terror qruplarının yeni hədəfi Azərbaycanın Təbrizdəki Baş Konsulluğudur. Az qala hər gün konsulluğun qarşısında Azərbaycana qarşı, Azərbaycanı aşağılayan, hədələyici tərzdə təxribat aksiyaları, təxribatçı hərəkətlər edirlər. Belə görünür ki, İran hakimiyyəti də bu hərəkətlərin qarşısını almaq əvəzinə onlara şərait yaradır. İran xarici işlər naziri ilə Azərbaycan xarici işlər naziri arasında iki ölkənin münasibətlərinin düzəldilməsi ilə bağlı danışıqların aparıldığı bir vaxtda Təbrizdəki Azərbaycan Konsulluğuna qarşı təxribatların həyata keçirilməsi İran hakimiyyətinin səmimi olmadığını, əsl mahiyyətini ortaya qoyur.

Rejimin bizə qarşı addımları gözlənilməz deyil. Konsulluğumuza qarşı hər cür təxribatların təşkil edilməsi mümkündür. Tehran sanki hər vəchlə münasibətləri gərginləşdirmək istəyir. Sanki Təbrizdəki Baş Konsulluğumuzun da bağlanmasını istəyirlər. Təbriz azərbaycanlıların tarixi qədim şəhəridir. Belə görünür ki, Tehran rejimi Təbrizdə müstəqil Azərbaycan Respublikasının Baş Konsulluğunun mövcudluğunu qəbul edə bilmir. Elə vəziyyət yaratmaq istəyirlər ki, Azərbaycan özü konsulluqla bağlı qərar versin".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol