Menu

"Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir" - Hərbi Prokurorluq

18.04.2023, 10:48
"Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir" - Hərbi Prokurorluq

"Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir".

"Report" xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O xatırladıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad olunub: "Azərbaycan Prezidentinin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və xalqımızın əzmkarlığı ilə həmin ərazilərdə yüksək intensivliklə abadlıq-quruculuq işləri həyata keçirilir.

Hərbi Prokurorluq tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər müvafiq qurumların nümayəndələri ilə birlikdə Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində aşkarlanan kütləvi məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

Qeyd etmək lazımdır ki, Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev 2022-ci il oktyabrın 26-da qeyd olunan ərazilərə gedərək həmin cinayət işinin istintaqının gedişatı ilə yerində maraqlanıb, müvafiq tövsiyələr və tapşırıqlar verib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol