Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Polşaya rəsmi səfəri çərçivəsində Varşava Universitetinin Fəxri diplomu və medalı ilə təltif olunub. Varşava Universitetinin rektoru professor Novak Alojzy Fəxri diplomu və medalı spiker Sahibə Qafarovaya təqdim edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə deputat Etibar Əliyev öz “facebook”səhifəsində məlumat verib.
Millət vəkili daha sonra yazıb: "Varşava Universitetinin əsası 1816-cı ildə qoyulub. Uniwersytet Warszawski Polşanın dövlət Ali məktəbləri sırasında 1-ci yeri tutur. 3100 professor - müəllim heyətinin çalışdığı bu Universitetdə 42.700 tələbə, diplomdan sonrakı təhsildə və aspiranturada 9200 nəfər təhsil alırlar. Universitetin 37 fakültəsi var: təbiətşünaslıq, dəqiq elmlər və humanitar elmlər də daxil olmaqla, 100 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Varşava Universiteti Avropanın 100 nüfuzlu Universitetlərinin sırasına daxildir. Dünya universitetlərinin məşhur QS reytinqində adını çəkdiyim Ali məktəb dünyanın ən yaxşı 300 universitetinin sırasında yer alıb. Dünya şöhrətli bəstəkar Frederik Şopen, məntiqçi, riyaziyyatçı Alfred Tarski, fizik, yazıçı Yanuş Zaydel, politoloq, Nyu-York Universitetinin professoru Adam Prejvorski, fizika üzrə Nobel mükafatı laureatı Yozef Rotblat, böyük riyaziyyatçı Vaslav Serpinski, Polşanın keçmiş prezidenti Bronislav Komorovski, riyaziyyatçı, statistik, Prinston universitetinin professoru Yeji Neyman, İsrailin 1-ci Baş naziri Devid Ben-Qurion, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Leonid Xurviç, böyük yazıçı Vitold Qombroviç, İsrail Dövlət xadimi, Sülh üzrə Nobel mükafatı laureatı Menahim Begin və başqa nüfuzlu şəxslər bu Universitetin məzunlarıdır.
Milli Məclisin sədri Sahibə Qafarova Varşava Universitetində "Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı" mövzusunda maraqlı məruzə ilə çıxış edib.

Spiker son dərəcə maraqlı və hərtərəfli çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə də geniş məlumat verərək, diqqətə çatdırıb ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb. İşğal illərində Ermənistan tərəfindən şəhər və kəndlərimiz viran edilib, Azərbaycanın tarixi, mədəniyyət və dini abidələri erməni vandalizmi nəticəsində dağıdılıb, həmin rayonların təbiətinə qarşı ekoloji terror törədilib. İşğal olunmuş torpaqlarda Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın vəziyyətinə salınıb.
Spiker bildirib ki, Azərbaycan uzun illər ərzində bu münaqişənin sülh yolu ilə həllini gözlədikdən sonra, nəhayət 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququndan istifadə edərək, öz gücü ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və beynəlxalq hüququn prinsip və normalarının icrasını təmin etdi, bununla da öz ərazi bütövlüyünü, həmçinin tarixi ədaləti bərpa etdi.
O, qeyd edib ki, indi biz "ağıllı şəhərlər və kəndlər" konsepsiyası əsasında bu ərazilərin bərpası və yenidən qurulması üzrə genişmiqyaslı işlərə başlamışıq. Keçmiş məcburi köçkünlərin ilk ailələri artıq evlərinə qayıtmağa başlayıb.

Qeyd edim ki, Sahibə xanım Qafarova 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, 2000-2020-ci illərdə Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, Avropa dilləri kafedrasının müdiri, Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində işləmişdir. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin Gender Araşdırmaları İnstitutunda çalışmışdır.
Milli Məclisin sədrinin Mərkəzi Avropanın nüfuzlu Universitetlərinin biri sayılan Varşava Universitetinin Fəxri medalı və diplomi ilə təltif olunması və Universitetdəki möhtəşəm məruzəsi bu Təhsil ocağının tarixində maraqlı səhifələr kimi qalacaq".


Şərhlər