“Politico” nəşri yazır ki, ABŞ Prezidenti Co Bayden administrasiyası Ukraynanın əks-hücumda uğur qazanmayacağından ehtiyat edir. Bu halda ölkə daxilindəki tənqidçilər və xaricdəki müttəfiqlər Vaşinqtonun yanlış işə qol qoyduğu qənaətinə gələ bilər.
Rəsmi Kiyev açıqlamasa da, Ukraynanın itirdiyi əraziləri geri qaytarmaq üçün əks-hücuma keçəcəyi gözlənilir. Lakin bəzi dəyərləndirmələrə görə, Ukrayna keçənilki uğurunu təkrarlaya bilməyəcək – cənub və şərqdə müəyyən irəliləyişləri olsa da, bundan uzağa getmək alınmayacaq. Bəzi dairələrin qənaətincə, əslində Bayden komandası Ukraynaya heç də dediyi qədər dəstək vermədi – Kiyev uzaqmənzilli raketlər, döyüş təyyarələri, ümumiyyətlə, hava hücumundan müdafiə sistemi ilə təmin olunmadı. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski də dilə gətirir.
Administrasiya rəsmiləri narahatdırlar ki, Ukraynanın uğursuzluğu onun Rusiyanı öz ərazisindən tamamilə çıxara bilməyəcəyi iddialarını gündəmə gətirə bilər.
Ukrayna Rusiyanın Krıma quru körpüsünü dağıtmağa ümid edirdisə, ABŞ rəsmiləri indi buna skeptik yanaşırlar, - bunu "Politico"ya dəyərləndirmə ilə tanış iki administrasiya rəsmisi deyib. Ancaq yenə də Pentaqonda Ukraynanın Rusiyanın təchizat xətlərini çətinləşdirəcəyinə ümidlər var. "Əks-hücum gözlənildiyi kimi davam etməzsə, administrasiya ən çox ehtiyac duyulduğu anda müəyyən silahların verilməsini və yardımı əsirgədiyi üçün ancaq özünü günahkar bilməlidir", – Tramp administrasiyası dövründə Ukrayna üzrə xüsusi elçi Kurt Volker qeyd edir.
Vaşinqtondakı Atlantik Şuranın analitik mərkəzinin direktoru Klementin Starlinq isə enerji və iqtisadi xərclərinin yüksək qalması fonunda Avropada Ukrayna müharibəsinə ictimai dəstəyin zamanla azala biləcəyi ehtimalını vurğulayır. Starlinq həmçinin, bəzi Avropa dövlətlərinin Ukraynanı təslim olmağa sövq edəcəyini də deyir. Bayden və aparıcı müşavirləri Zelenskinin ancaq hazır olduğu halda, sülh danışıqlarına başlaya biləcəyini vurğulayırlar.
Xarici Əlaqələr Şurasının prezidenti Riçard Haas isə qeyd edir ki, Ukrayna döyüş meydanında qəti qələbə qazana bilmirsə, döyüşləri sülh danışıqları ilə əvəzləmək vaxtının yetişdiyini sorğulamaq lazımdır: "Bu proses kifayət qədər pul tələb edir, resurslarımız tükənir, dünyada gücümüzü yönəltməli olduğumuz başqa şeylər var. Biz artıq Ukraynanın məqsədlərinə xələl gətirmədən bu sualları verməyə başlamalıyıq".
Ayın əvvəlində prezidentin köməkçisi Andrey Sibiha "The Financial Times"a açıqlamasında bildirib ki, Ukrayna qüvvələri Krıma çatanda sülh danışıqlarına başlaya bilərlər. Lakin bu şərh dərhal Zelenskinin Krım üzrə nümayəndəsi Tamila Taşeva tərəfindən rədd edildi: Rusiya könüllü şəkildə yarımadanı tərk etməsə, Ukrayna torpaqlarını hərbi yolla azad etməyi dayandırmayacaq.
“AzPolitika.info”


Şərhlər
RFnın XİN bu müharibənin uzun illər Gürcüstana, Azərbaycana, Moldovaya, nə də Ukraynaya qarşı deyil, birbaşa ABŞna, *Avropa*ya, NATOya qarşı apardığını bəyan edib!!! Öncəki otuz illik kənara, son bir illik Ukrayna müharibəsi zamanı Adolf faşizminə (diz çöküb) təslim olmuş Avropa qitəsi kimi, hazırki bütün *qərb* alyansının Kremllə məxfi-aciz sövdələşmələrə getdiyi aşkar hiss olunmaqdadır?