Erməni-fransız şüvəni artır, Azərbaycanın cavabı isə bəllidir!

Azərbaycanın öz suveren hüquqlarından istifadə edərək, beynəlxalq hüquqa tam uyğun şəkildə Ermənistan-Azərbaycan sərhədinin Laçın yolu hissəsində nəzarət-buraxılış məntəqəsi quraşdırması təkcə Ermənistanda yox, onun əsas himayədarlarından olan Fransanın məlum dairələrində də şok effekti yaradıb. Hazırda vay-şüvən mahiyyətli şikayətlər, müraciətlər, bəyanatlar və s. getdikcə artan trayektoriya üzrə davam edir.

“AzPolitika.info” xəbər verir ki, 44 günlük müharibəyə qədər Azərbaycana qarşı yekəxana açıqalama və təhlillərilə seçilən, müharibədən sonra isə şikayət və vay-şüvən “taktikasına” keçən erməni politoloq və erməni parlamentinin müxalif deputatı Tiqran Abramyan sərhəddə məlum nəzarət-buraxılış məntəqəsinin yaradılmasının ermənilər üçün qətiyyən yolverilməz olduğunu bildirib: “Tapşırıq tam aydındır – nəzarət-buraxılış məntəqəsi olmalı deyil, vəssalam! Nəzarət-buraxılış məntəqəsində rusiyalıların və azərbaycanlıların funksiyalarının bölgüsü barədə müzakirələr erməni tərəfi üçün pislikdir! Bu barədə danışıqlar aparmaq yolverilməzdir. Bəlkə də başqa mövzularda kompromis əldə edilməsi mümkündür, lakin nəzarət-buraxılış məntəqəsi mövzusunda kompromis olmalı deyil. Çünki o, işə düşsə, hər şey çox tezliklə bitəcək...”

Göründüyü kimi, ən qatı millətçi ermənilər də anlayır ki, Azərbaycan Qarabağdakı separatçılıq mövzusunu tam qapatmaq üzrədir və sərhədlərimizin Laçın yolu istiqamətində bərpası Azərbaycan ərazisində erməni separatizminin və terrorçuluğunun tabutuna vurulan son mismar rolu oynaya bilər...

Qeyd edək ki, sözügedən nəzarət-buraxılış məntəqəsilə bağlı narahatçılıq ən azı Ermənistan qədər də Fransadan eşidilməkdədir. Belə ki, ötən gün açıq ermənipərəst mövqeyi heç kimdə şübhə doğurmayan Fransa parlamentinin yuxarı palatası olan Senatın rəsmi saytında hazırda Ermənistanda olan fransız nümayəndə heyətinin senatorlara müraciəti dərc olunub.

Nəzarət-buraxılış məntəqəsinin yaradılmasını böyük faciə kimi qələmə verən Fransa parlamentinin təmsilçiləri vay-şüvən dolu müraciətdə deyirlər: “Ermənistan və “dağlıq Qarabağ” alov içindədir(?). Ancaq dünya ictimaiyyətinin nəzərləri başqa istiqamətə yönəlib”. Fransa senatorları bununla da Ukraynada davam edən müharibəyə işarə vururlar. Hansı ki, əslində Ukrayna da Azərbaycan kimi öz ərazi bütövlüyü və separatizmlə mübarizə aparır və Ukraynadakı rus işğalı ilə Qarabağda 30 il davam etmiş erməni-rus işğalı arasında demək olar, heç bir fərq yoxdur. Ancaq Fransa parlamenti və ümumilıikdə Fransanın siyasəti Ukraynada bir, Azərbaycanda isə tamamilə başqa bir sifətdə özünü göstərir və nə dərəcədə ikiüzlülük və ayrıseçkilik üzərində qurulduğunu növbəti dəfə sübut edir.

Lakin bütün bu riyakarlıqlara, ikili standartlara, şikayət və bəyanatlara ən dolğun və tutarlı cavabı Azərbaycan dövləti və Ordusu artıq verib – Laçın yolunda sərhədlərimiz bərpa olundu, nəzarət-buraxılış məntəqəmiz var və daim də olacaq!

C.Məmmədov

“AzPolitika.info”