Çin regional dənizlərdə daha iddialı olduğu üçün Yaponiya sahil mühafizə potensialının gücləndirilməsi və ordu ilə əməkdaşlıq da daxil olmaqla, dəniz təhlükəsizliyinin artırılmasını tələb edən yeni beş illik okean siyasətini qəbul edib.
“Beijing News” xəbər verir ki, Baş nazir Fumio Kişidanın Nazirlər Kabineti tərəfindən qəbul edilən Okean Siyasəti üzrə yeni Əsas Planda deyilir ki, Yaponiya öz nəzarət imkanlarını gücləndirmək üçün avtonom sualtı nəqliyyat vasitələri və uzaqdan idarə olunan robotların inkişafını sürətləndirməlidir.
Siyahıya Çin sahil mühafizə gəmilərinin Yaponiyanın ərazi sularına təkrar müdaxiləsi, Yaponiyanın müstəsna iqtisadi zonası daxilində xarici tədqiqat qayıqlarının icazəsiz dəniz fəaliyyətinin artması, Çin və Rusiyanın birgə hərbi təlimlərinin artması və Şimali Koreyanın təkrar raket buraxılışları salınıb.
“Yaponiya ətrafındakı okeanda vəziyyət getdikcə daha da gərginləşir” – deyən F. Kişida kabinet iştirakçıları ilə görüşdə əlavə edib ki, okean siyasəti islahatı və ya okean transformasiyası üçün sənaye, akademiya və hökumətdəki bilikləri birləşdirməyin vaxtıdır. O, həmçinin karbon neytrallığına nail olmaq üçün dəniz ehtiyatlarından daha səmərəli istifadənin zəruriliyini vurğulayıb.

Yeni strategiya Yaponiyanın zərbə qabiliyyəti ilə hərbi gücünün gücləndirilməsini və beş il ərzində müdafiə büdcəsini iki dəfə artırmağı nəzərdə tutur. Strategiya həmçinin, Tayvan və ya digər mümkün münaqişələrlə bağlı hər hansı fövqəladə vəziyyətdə ordu ilə sahil mühafizəsi arasında daha sıx əməkdaşlığa çağırır.
Okean planında həmçinin qeyd olunur ki, sərhəd mübahisələrində ön cəbhədə olan Yaponiya sahil mühafizəsinin imkanları təkmilləşdirilməlidir.
“Beijing News” yazır ki, sahil mühafizəsi tez-tez Şərqi Çin dənizində Yaponiyanın nəzarətində olan mübahisəli adalara yaxınlaşan Çin sahil mühafizə gəmiləri, Şimali Koreya brakonyerləri və şübhəli casus qayıqları və mübahisəli şimal adaları yaxınlığında Rusiya sahil mühafizə gəmiləri ilə qarşılaşır.
Bildirilir ki, Yaponiyanın sahil mühafizəsi hərbi əməliyyatlar üçün deyil, dənizdə mülki müdafiə üçün istifadə olunur və Özünümüdafiə Qüvvələri ilə daha sıx əməkdaşlığa çağıran yeni planlar onun mümkün münaqişədə rolu və təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Okean planında həmçinin deyilir ki, Yaponiya sualtı kəşfiyyat və sualtı resurslardan enerji üçün istifadə məsələsində daha aqressiv olmalı, dəniz külək turbinlərinin tikintisi üçün ərazi sularından kənarda yerləşən müstəsna iqtisadi zonadan daha çox istifadə etməyə çağırır.
Bu arada, Çinin Yaponiyadakı səfiri Vu Jianqao mətbuat konfransında cümə günü Yaponiyanı Tayvan məsələsindən uzaq durmağa çağıraraq bunun Çinin əsas milli maraqları olduğunu deyib və keçilməməsi lazım olan qırmızı xətt adlandırıb: “Tayvan müstəqillik qüvvələrinin son məqsədi Pekinin iddia etdiyi özünü idarə edən Tayvanı Çindən ayırmaqdır. Status-kvonun dəyişdirilməsi fəlakətli nəticəyə səbəb olacaq. Yaponiya müstəqillik qüvvələrinin tərəfini tutsa, bu, yapon xalqını “odun içinə” aparacaq”.
L.SƏMLA
AzPolitika.info


Şərhlər