Məlum olduğu kimi, mayın 9-da Moskvada keçirilən “Qələbə paradı”nda iştirak edən Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət başçıları üçün təşkil edilən nahara qatılmayıb.Belarus başçısı paraddan dərhal sonra Moskvanı tərk edərək, Minskə uçub. Bu fakt, eləcə də Moskvadakı tədbirdə çıxış etməməsi və videogörüntülərdə əlinin sarıqlı olması onun səhhətində problemlərin yarandığına dair xəbərlərin yayılmasına səbəb olub.
“AzPolitika.info” xəbər verir ki, məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Vladimir Putinin sözçüsü Dmitri Peskov Lukaşenkonun səhhətinə dair məlumatları şərh etməkdən yayınıb.
Peskov deyib ki, onun üçün bu məlumatı şərh etmək doğru olmazdı. Putinin sözçüsü əlavə edib ki, Lukaşenko Minskdəki bayram tədbirlərinə də qatılmağı planlaşdırıb, ona görə də onun Moskvanı tezliklə tərk etməsinə anlayışla yanaşmaq lazımdır.
Lakin məsələ ondadır ki, Lukaşenko Minskdəki 9 may tədbirlərinə qatılsa da, həmişəkindən fərqli olaraq, həmin gün ilk dəfə əhali qarşısında çıxış etməyib. Lukaşenkonun əvəzinə bunu Belarusun Müdafiə naziri edib. Bu isə Belarus başçısının sağlamlığı ilə bağlı şübhələri bir qədər də artırıb.
“AzPolitika.info”


Şərhlər