Məlum olduğu kimi, mayın 14-də Brüseldə Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş baş tutacaq. Artıq tərəflər görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın “İravnuk” nəşri danışıqlar prosesi və Nikol Paşinyanın mövqeyilə bağlı dərc etdiyi yazıda bəzi maraqlı məqamlara toxunub. 

Qəzet iddia edir ki, Paşinyanın ötən gün dediklərinin əksinə olaraq, tərəflər arasındakı razılaşma sənədi tezliklə imzalana bilər və 14 may görüşü imzalanma öncəsi son görüş olacaq: “Bu, Paşinyanla Əliyev arasında konkret sənəd ətrafında yekun razılaşma öncəsi son görüş olacaq. Bu sənədi ən azından iyunun 1-də Kişinyovda keçirilməsi planlaşdırılan Avropa siyasi birliyinin sammitinin gedişində imzalamaq istəyirlər”.

Bununla yanaşı, erməni nəşri yazır ki, Paşinyanın bu görüşlər öncəsi qorxduğu məqamlar var:Bizim məlumatımıza görə, Brüssel görüşü öncəsi Paşinyanın bəzi qorxuları var. Bunlar ilk növbədə diaspora ilə bağlıdır. Diaspora nümayəndələri ilə istər Nikol Paşinyan, istərsə də Diaspor işləri üzrə müvəkkil Zare Sinanyan səviyyəsində son kontaktlar göstərir ki, artıq heç kim susmaq və dözmək fikrində deyil. Azərbaycanla sülh gündəliyi olan Brüssel görüşü isə əlbəttə ki, diqqətdən kənarda qalmayacaq və görüş ərəfəsində sürprizlər gözlənilir”.

Bununla da qəzet demək istəyir ki, Paşinyana xaricdəki erməni diasporu tərəfindən Azərbaycanla sülh sazişinin imzalanmaması üçün güclü təzyiqlər var.

Bu, həm də o deməkdir ki, xaricdəki erməni diasporu son 30 ildə olduğu kimi, öz qatı millətçi, təxribatçı və qızışdırıcı mövqeyindən əl çəkmir. Hansı ki, bunu xaricdə oturub, Azərbaycan əsgərini, ordusunu, onun qüdrətini görmədən etmək asandır.

Elə bunu nəzərdə tutan N.Paşinyan bir neçə gün əvvəl Praqa səfəri zamanı onu xəyanətdə ittiham edən Çexiyadakı erməni diasporunun nümayəndələrinə cavab verərkən deyib: “Torpaqları siz satmısınız, necə ki, torpaqları ataraq gəlib Praqada xoşbəxt həyat yaşayırsınız”.

C.Məmmədov

“AzPolitika.info”