"DEMOKRAT" PAŞİNYAN ƏSL ÜZÜNÜ GÖSTƏRDİ... - “Ukrayna müharibəsində Rusiya uduzsa..."

“Rusiya Ukraynada uduzsa, Ermənistanla nə baş verəcəyini təsəvvür belə etmək istəmirəm”.

“AzPolitika.info” Ermənistanın “Hraparak” qəzetinə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının yığıncağında deyib.

Qeyd edək ki, iclasın gündəliyində xarici siyasi proseslər və Ermənistanın təhlükəsizliyi məsələləri olub. Görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və hökumətin digər təmsilçiləri iştirak edib. A.Mirzoyan mayın əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Vaşinqtonda keçirdiyi danışıqlar barədə məlumat verib.

“Hraparak” qəzeti özünün hakimiyyətdəki mənbələrinə isinadla yazır ki, iclasda Paşinyan 9 may paradında iştirakına görə bəzi partiyadaşlarının iradları ilə rastlaşıb. Onun mayın 9-da məlum tədbirlərdə iştirakı Ukrayna və Qərb tərəfindən də tənqid edilib. Ukrayna MDB-yə üzv 7 dövlətin liderlərinin bu mərasimdə iştirakını “mənəviyyatsız və dost olmayan" davranış adlandırıb.

Bu iradlara cavab verən Paşinyan parada qatılmaqla doğru addım atdığını bildirib və qeyd edib ki, Rusiya İrəvanın strateji tərəfdaşıdır və hazırda Ermənistan təbii qazı məhz Rusiyadan alır. Paşinyan toplantıda əlavə edib ki, 9 may paradından imtina etməsi “təhlükəli avantüra” olardı. 

 N.Paşinyan görüş iştirakçılarının nəzərinə çatdırıb ki, Ermənistan üçün həyati əhəmiyyət kəsb edən maraqlardan çıxış edərək iştirakla bağlı doğru qərar qəbul edib. 

Xəbərdə qeyd olunur ki, Paşinyan Ukraynanın qələbəsinin və Rusiyanın məğlubiyyətinin Ermənistan üçün böyük faciələrə yol açacağını iddia edib: “Bu halda Ermənistanı 100 il əvvəl baş vermiş hadisələr və müstəqilliyin itirilməsi gözləyir. Biz təkbaşına Türkiyə-Azərbaycan tandeminə qarşı müqavimət göstərə bilmərik”.

“Ukrayna müharibəsində Rusiya uğursuzluğa düçar olarsa, Ermənistanın başına nə gələcəyinin təsəvvür belə edə bilmirəm"-  deyə,  Paşinyan qeyd edib.

Görüşdə o, azərbaycanlıları və türkiyəli siyasətçiləri qətlə yetirən terrorçulara İrəvanda abidənin ucaldılmasına da münasibət bildirib. Baş nazir bildirib ki, onun başçılıq etdiyi hökumət Türkiyə ilə barışıq siyasəti yürütməyə çalışdığı bir zamanda belə bir abidənin ucaldılması məqsədəuyğun deyil. O, məlum abidənin ucaldılması məsələsinin onunla müzakirə edilmədiyini və bu hadisədən xəbərsiz olduğunu söyləyib. Bununla belə N.Paşinyan abidənin sökülməsi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Baş nazir səkkiz anklav kəndin Azərbaycana qaytarılması ilə bağlı sualı da cavabsız qoyub. “Hraparak” yazıb ki, N.Paşinyan Qarabağ və Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın rayonunda yaradılmış sərhəd-keçid məntəqəsi ilə bağlı məsələlərə ümumiyyətlə toxunmayıb.

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar