Menu

Bakıda saxlanılan dəstə üzvləri danışdı - Video

20.11.2014, 08:57
Bakıda saxlanılan dəstə üzvləri danışdı - Video

İstintaq araşdırmaları zamanı onların başqa cinayət faktları da üzə çıxıb

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları paytaxtın müxtəlif ərazilərində çoxsaylı quldurluq, soyğunçuluq və oğurluq cinayətləri törətmiş üç nəfəri yaxalayaraq məsuliyyətə cəlb edib.

ANS TV-nin məlumatına görə, Yevlax rayonunda anadan olan 27 yaşlı Rəhman Məmmədov, Muxtar Rəhimov və Bakı şəhər sakini, 24 yaşlı Samir Yadigarovun 100-ə yaxın müxtəlif cinayətlər törətdiyi istintaqla sübuta yetirilib. Məlum olub ki, saxlanılan şəxslər bir neçə ay əvvəl Nərimanov rayonu ərazisində fəaliyyət göstərən mebel mağazasına quldur basqını ediblər. Onlar gecə saatlarında mağazanın yaxınlığına gələrək başlarına maska keçiriblər. Rəhman Məmmədov mağazanın gözətçisini yerə yıxaraq əl-ayağını bağlayıb. Muxtar Rəhimovla Samir Yadigarov isə içəri daxil olaraq içərisində külli miqdarda pul olan seyfi götürüblər.

Saxlanılan şəxs Rəhman Məmmədov deyir ki, obyektə getdik gözətçinin əl-ayağını bağladım: “Bunlar seyfi götürmək üçün yuxarı qalxdılar. Seyfi götürdülər. Gözətçi isə əl-ayağı bağla həmin ərazidə qaldı. Seyfi naçına qoyub “Çermet”ə apardıq. Samirlə mən getdim. Muxtar isə seyfin yanında qaldı”.

Saxlanılan şəxs Muxtar Rəhimov isə qeyd edir ki, Rəhmanın əlində bıçaq və skoç var idi: “O, gözətçinin əl-ayağını bağladı. Biz də gedib seyfi götürüb çıxdıq. Seyfi götürüb apardıq “Çermet” körpüsü adlanan əraziyə. Elə orda da seyfi kəsdik”.

Qrup üzvləri seyfi “Çermet” körpüsü adlanan əraziyə gətiriblər. Onlar seyfi sındıraraq içərisindəki 23 min manat pulu mənimsəyiblər. Pullar elə oradaca bölüşdürülüb.

Saxlanılan şəxs Samir Yadigarov bildiri ki, seyfi açandıq içindən 19 min manat pul çıxıb və pulların üç nəfər arasında böldük.

İstintaq araşdırmaları zamanı daha sonra müəyyən edilib ki, bu ilin avqust ayında Fətəli Xan Xoyski küçəsində yerləşən valyuta dəyişmə məntəqəsinə basqını da bu qrupun üzvləri həyata keçiriblər. Onlar gecə saatlarında valyutadəyişmə məntəqəsinin qapısını sındırıb içəri giriblər. Bu dəfə də içərisində külli miqdarda pul olan seyf oğurlanıb. Seyfi sındıran qrup üzvləri 4500 manat pulu talayıblar. İstintaqla o da məlum olub ki, saxlanılan şəxslər bir neçə ay əvvəl vətəndaş Qöncə Məmmədovaya zor tətbiq edərək 8300 manat pulunu də soyub. Onlar daha sonra son bir ilə ərzində 20-yə yaxın vətəndaşın da külli miqdarda pullarını və qızıllarını soyğunçuluq yolu ilə ələ keçiriblər.

Saxlanılan şəxslər ifadələrində həmçinin qeyd ediblər ki, bir neçə vətəndaşa məxsus evdən və avtomobildən də oğurluqlar ediblər.

Faktlarla bağlı cinayət işi açılıb, saxlanılan şəxslərin ətrafında istintaq əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol