Türkiyədə prezident seçkiləri ikinci tura qaldığı təsdiqləndi. 

“AzPolitika.info” xəbər verir ki, bunu ölkənin Ali Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener deyib.

YSK sədri namizədlərin yetərli sayda səs toplaya bilmədiyini və seçkilərin rəsmi olaraq ikinci turda davam edəcəyini açıqlayıb.

O bildirib ki, ölkədə seçki qutularının 100 faizi açılıb, ölkədə iştirak 88,92 faiz, xaricdə isə 52,69 faiz təşkil edib.

“Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, Kemal Kılıçdaroğlu 44,88 faiz, Sinan Oğan 5,17 faiz, Muharrem İnce isə 0,44 faiz səs toplayıblar”,- deyə YSK sədri qeyd edib.

A.Yenerin sözlərinə görə, prezident seçkisində namizədlər kifayət qədər səs toplamadıqlarına görə mayın 28-də seçkinin ikinci turu keçiriləcək.

Qeyd edək ki, Türkiyədə parlament seçkilərində "Cumhur İttifaqı" qalib gəlib.  

“AzPolitika.info”

***

Türkiyədə prezident və parlament seçkiləri üzrə səsvermənin nəticələri açıqlanıb. 

Prezident seçkilərində səsvermə bülletenlərinin təxminən 99 faizinin sayılmasından sonra hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,36 faiz səslə liderdir.

İkinci yerdə 45 faiz səslə “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu gəlir.

Səsvermənin nəticələrini "TRT HABER"- in canlı yayım ilə təqdim edirik:

***

Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb. Yerli vaxtla saat 17:00-da (Bakı saatı ilə 18.00-da) səsvermə yekunlaşıb.

Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır.

İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

***

Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb.  Mayın 14-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.

Bu seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

Qeyd edək ki, Prezident postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs veriblər.  

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu prezident və parlament seçkilərində səs veriblər.M. Çavuşoğlu Antalya, S. Soylu isə İstanbuldakı seçki məntəqəsində səs veriblər.

"Millət ittifaqı"nın  prezidentliyə namizəd Kemal Kılıçdaroğlu,, İYİ Partiyanın sədri Meral Akşener, ATA Blokundan prezidentliyə namizəd Sinan Oğan və digər siyasətçilər də artıq səs veriblər.

Seçki prosesindən son xəbərləri  oxucularımıza təqdim etmək üçün "TRT HABER"- in   canlı yayımını təqdim edirik:


“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Səsvermə yerli vaxtla saat 17:00-də başa çatacaq

Mərkəzi Seçki Komissiyası səsvermə bitəndən sonra ilkin nəticələri açıqlamağa başlayacaq.