Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, bu barədə mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada baş tutan görüşdə razılıq əldə olunub.
Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. Tərəflər həmçinin “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdirib, hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparıblar.
***
Mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər.
Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.
Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Nazirlər həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da ayrıca görüşlər keçiriblər.
***
Mayın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Tərəflər Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib və əlaqələrin geniş perspektivlərinin olduğunu bildiriblər. Bununla yanaşı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Heydər Əliyev İli çərçivəsində yüksək səviyyədə keçirilmiş tədbirlərin xüsusi əhəmiyyəti vurğulanıb.
C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.
Eyni zamanda Azərbaycan tərəfi normallaşmanın digər istiqamətləri, belə ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başa çatıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evində baş tutub.
Bundan sonra Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü başlayıb.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“İndi Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb, ondan sonra onlar bizə əldə olunan nəticələr barədə məlumat verəcəklər”, - Lavrov üçtərəfli görüşlə bağlı bildirib.
O bildirib ki, Azərbaycan və Ermənistan tərəfləri regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair yekun razılaşmaya yaxındırlar..
Rusiyanın XİN başçısı bildirib ki, gələn həftə baş nazirin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun bu məsələ ilə bağlı iclası keçiriləcək.
Rusiyalı diplomatın digər önəmli açıqlaması Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı olub.
Sergey Lavrov bildirib ki, yaxın zamanlarda Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclası keçiriləcək.
“Biz bu gün sülh müqaviləsinin bir sıra maddələri üzrə ümumi baxışları yaxınlaşdıra bildik. Hazırda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında dialoq davam edir. Rusiya tərəfi ümid edir ki, bugünkü görüş tərəflərə praktiki nəticələr əldə etməyə imkan verəcək. Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını təşkil edən Üçtərəfli Bəyanatın irəliləyişinə və yerinə yetirilməsinə bundan sonra da töhfə verəcək”, - deyə Sergey Lavrov vurğulayıb.
***

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.
“Report”un Rusiya bürosu xəbər verir ki, nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların növbəti raundunu keçirmək üçün Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”nə gəliblər.
Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl S.Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqda danışıqlar aparıb.
“Ümid edirik ki, Moskvadakı bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək”. - Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşdə deyib.
“Sonuncu görüşümüz uzun müddət qabaq olub. Çox sayda yeni mövzu yaranıb. Ümid edirəm ki, bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək və sizin birbaşa dialoqunuz əlavə nəticələrin əldə olunmasına kömək edəcək”, - o vurğulayıb.
“Üçtərəfli formatda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı bütün müzakirələrə nəzər salmağı və Rusiya Federasiyasının bunu asanlaşdırmaq üçün istifadə edə biləcəyi imkanları nəzərə alaraq gələcək addımların razılaşdırılmasını təklif edərdim”, - Rusiya XİN başçısı qeyd edib.
Lavrov bildirib ki, Rusiya Cənubi Qafqaz regionunda sabitlik və sülhün olmasında maraqlıdır.
“İnanırıq ki, liderlərimiz arasında əldə olunmuş razılaşmalara alternativ yoxdur. Vəziyyətin sabitləşməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bu və ya digər şəkildə bu regionda iştirak etməkdə maraqlı olan bütün digər ölkələr onlara hörmətlə yanaşacaqlar”, - o qeyd edib.
Rusiya XİN başçısı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsinin vacibliyini də vurğulayıb.
“Humanitar problemlərin həlli, iqtisadi və nəqliyyat əlaqələrinin açılması, hər iki tərəfin fəal işlədiyi sülh müqaviləsinin mətninin razılaşdırılması zərurəti var. Buraya ekspertlər, ictimai təşkilatlar və parlamentarilər vasitəsilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini də əlavə edərdim. Daha əvvəl belə bir təcrübə var idi. Hesab edirəm ki, bu, tərəflər arasında etimadın yaradılmasında əlavə addım kimi çox vacibdir”, - S.Lavrov bildirib.
Onun sözlərinə görə, üçtərəfli bəyanatlarda dayanıqlı həllə nail olmaq üçün “yol xəritəsi” var.
“Ümid edirik ki, bugünkü danışıqlar səmərəli olacaq və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bütün məsələlər spektrini nəzərdən keçirməyə imkan verəcək”.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov görüşdə bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə normallaşma prosesini ardıcıl olaraq dəstəkləyir.
“Düzgün şəkildə qeyd edildiyi kimi, postmünaqişə dövründə bu normallaşma müxtəlif istiqamətlərdən ibarət bir prosesdir. Biz bütün istiqamətlərdə paralel işin tərəfdarıyıq. İnanırıq ki, onlar bir-birini tamamlayır. Ötən ilin sonundan danışıqlar prosesində müəyyən durğunluq yarandığı müşahidə olunmuşdu. Biz mayın əvvəlindən danışıqlar dinamikasının ardıcıl və müsbət xarakter daşımasını müsbət qiymətləndiririk”, - C.Bayramov vurğulayıb.
“Ermənistan Azərbaycanla sülh müqaviləsinin bir neçə maddəsi üzrə irəliləyişin olduğunu qeyd edir”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, bəzi məqamlarda, xüsusən də nəqliyyat və logistika kommunikasiyalarının açılması kimi aspektlərdə, eləcə də Ermənistanla Azərbaycan arasında 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində artıq anlayış yaranır.
“Hesab edirik ki, tərəflər sülh prosesinin parametrlərinin daha da konkretləşdirilməsi üzərində işləməlidirlər”, - A.Mirzoyan deyib.
Ermənistan XİN başçısı eskalasiyanın qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini qeyd edib.

Şərhlər
Tamamilə boş,mənasız,yararsız şeylərdir .Formula və bələdiyyələr kimi.