"HƏLƏLİK "SÜLH MÜQAVİLƏSİ YAXINDADIR" DEYƏ BİLMƏRİK" - “Qarşıda çoxlu “minalar” var...”

Ramiz Yunus: “Bu oyunda Brüssel, Vaşinqton və Rusiya üçün əsas fiqur Ermənistan deyil, Azərbaycan və Türkiyədir”

"Rusiya Sovet İttifaqının aqibətini yaşayır"

Vaşinqtonda yaşayan tanınmış azərbaycanlı politoloq Ramiz Yunus “AzPolitika.info”ya müsahibəsində Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turundan gözləntilərini açıqlamaqla yanaşı, Rusiya-Ukrayna müharibəsinin gündəmini, habelə Moskvada və Kişniyovda davam edəcək Azərbaycan-Ermənistan sülh danışıqlarının gedişatını dəyərləndirib.

Müsahibəni oxucularımıza təqdim edirik:

- İlk sualımız may ayının 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin 2-ci turundan gözləntilərinizlə bağlı olacaq. Sizcə, kim qalib gələcək və bunu təmin edən əsas faktorlar nədir?

- Açığı, ikinci turda böyük sürprizlərin olacağını gözləmirəm. Çünki birinci tur hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın və onun tərəfdarlarının açıq şəkildə üstün olduğunu göstərdi. Onlar seçki kampaniyasına yaxşı hazırlaşmışdılar və cəmiyyətlə düzgün işləmişdilər. Onların konkret ideologiyası bu 20 illik siyasət üzərində qurulub və növbəti beş ili də bu siyasətin davamı kimi təqdim edirlər. 

Kılıçdaroğlunun ətrafında birləşənlərə gəlincə, onların heç bir ideologiyası yox idi. Yeganə məqsədləri hazırkı Prezidenti devirməkdən ibarət idi. Təsəvvür edin, burada ateistlər dindarlarla, millətçilər isə kürd separatizmini təbliğ edənlərlə birləşiblər. Əlbəttə, bu, cəmiyyət arasında o qədər də birmənalı qarşılanmadı. Çünki cəmiyyət bilmək istəyir ki, növbəti beş ildə onları nə gözləyir.

Digər tərəfdən, müxalifət Türkiyədəki zəlzələ zamanı da operativ hərəkət edə bilmədi və öz ideologiyasını faciə baş verən zonada düzgün yaymadı. Ona görə də çoxlarının gözlənilmədiyi halda zəlzələ bölgəsindən olan seçicilər öz səslərini hazırkı Prezidentə verdilər.

Başqa bir gözlənilməz məqam isə müxalifətin parlament seçkilərində də məğlub olması idi. Çünki əksəriyyət elə düşünürdü ki, Prezident seçkilərində Ərdoğan qalib olsa da, parlament müxalifətin əlinə keçəcək. Ancaq nəticəyə baxanda görürük ki, müxalifət parlamenti böyük ölçüdə uduzub. Bu da onların tərəfdarları arasında ruh düşkünlüyünə səbəb olub. Hesab edirəm ki, ilk turda 24 milyon səs toplayan müxalifətin bütün seçiciləri ikinci turda iştirak etməyəcək. Lakin hazıkı iqtidarın 28 milyonluq seçici kütləsinin hamısı seçkiyə qatılacaq. Həmçinin, düşünürəm ki, Sinan Oğanın beş faizlik seçici kütləsinin ən azı yarısı ikinci turda Ərdoğanı dəstəkləyəcək (müsahibə Sinan Oğanın qərarını açıqlamazdan əvvəl götürülüb -red.). Ona görə də ikinci turda hər hansı bir sürprizin olacağını gözləmirəm.

-Ramiz bəy, Yaponiyada G7 ölkələrinin sammiti dünya siyasətinin əsas gündəmini təşkil edir. Liderlər Prezident Zelenski ilə görüşdülər və Ukraynaya tam, hərtərfli dəstək verməkdə davam edəcəklərini bəyan etdilər. Həmçinin, Ukraynaya “F-16” qırıcılarının verilməsilə bağlı koalisiya yaradıldı, Bayden də nəhayət, buna razılıq verdi. Bu arada ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan bəyan etdi ki, ABŞ Krıma zərbələri dəstəkləyəcək. Rusiyanın Vaşinqtondakı səfiri Antonov isə bəyan edib ki, Krıma zərbə olsa, bunu Rusiyaya qarşı təcavüz kimi dəyərləndirəcəklər və ABŞ bu bəyanatdan nəticə çıxarmalıdır. Bu hadisələri nəzərə alsaq, qarşıdakı günlərdən əsas gözləntiləriniz nədən ibarətdir?

- Yaponiyanın Xirosima şəhərində yeddi aparıcı ölkənin liderlərinin görüşü və bu görüşdə şəxsən Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirak etməsi, oradakı çıxışı və verilən bəyanatlar onu deməyə əsas verir ki, ABŞ və dünyanın ən güclü iqtisaidyyatına sahib ölkələr Ukraynanın arxasında daha möhkəm dayanıblar. Bu görüntülər onu göstərir ki, onlar həqiqətən də bu məsələdə axıra qədər gedəcəklər. Həmçinin, “F-16” məsələsi də bunun bariz sübutudur.

Bildiyiniz kimi, ABŞ daha öncə bu barədə tərəddüd edirdi. Burada belə bir qərarın verilməsi açıq-aşkar Rusiyaya, Ukraynanın tərəfdarlarına və bütün dünyaya göstərir ki, bu münaqişə birdəfəlik Ukraynanın qələbəsi ilə bitməlidir.

Krım məsələsinə gəlincə, Krım, Donbas və Rusiyanın öz əraziləri kimi elan etdiyi bölgələr bütün dünya tərəfindən Ukraynanın ərazisi kimi qəbul edilir. Ukrayna müharibə ərəfəsində Krıma da bir neçə dəfə zərbələr endirmişdi. Ona görə də bu məsələ Qərbdə heç kimi narahat etmir və tez bir zamanda siz bunun şahidi olacaqsınız. O ki qaldı Rusiyanın bəyanatlarına, onlar bu barədə bir ildən çoxdur ki, danışırlar. Bir nəticə əldə olunubmu?

- Rusiya hərbi-siyasi elitasında hazırki durumu necə dəyərləndirirsiniz? Qərbin gözlədiyi o kritik dövr yaxındadırmı?

- Rusiyanın özündə həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən vəziyyət gündən-günə qəlizləşir. Bu vəziyyət mənə Sovet İttifaqının 1987-1989-cu illərdəki dövrünü xatırladır. Bildiyiniz kimi, 1989-cu ildə onlar məcbur olub Əfqanıstandan ordunu çıxarmışdılar. Bütün iqtisadiyyat bərbad vəziyyətdə idi. İçəridə elitalar arasında parçalanma başlamışdı. İndi də biz bunları görə bilirik. Yevgeni Priqojinlə Müdafiə Nazirliyi arasında olan konflikt sıradan bir hadisə deyil. İçəridə də böyük proseslər gedir və çox güman ki, vəziyyət getdikcə daha da qəlizləşəcək. Cəbhədə uğur olmayanda bu, daxili siyasətə təsir edəcək. Hesab edirəm ki, Ukrayna Krıma yaxınlaşdıqdan, əks-hücumlar yaxşı nəticələr verdikdən sonra bu proseslər daha çox üzə çıxacaq. Deyə bilərəm ki, hazırkı Rusiya Sovet İttifaqının aqibətini yaşayır.

- Mayın 25-də Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Moskvada görüşəcəklər. Habelə, iyunun 1-də liderlər Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Kişniyovda bir araya gələcəklər. Ərdoğan da Kişnyov sammitində olacaq. Bu toplantılardan nə gözləyirsiniz? Ərdoğan da bu formatda görüşə qatıla bilərmi?

- Moskvada Azərbaycan və Ermənistan liderlərinin görüşünü Vaşinqtonda və Brüsseldə keçirilən görüşlərin davamı kimi qiymətləndirməliyik. Çünki bu, vahid bir prosesdir. Sadəcə, həmişə xüsusən də bizim regionumuzda Vaşinqton və Brüsselin Rusiya ilə savaşını, onların üst-üstə düşməyən geosiyasi maraqlarını nəzərə almalıyıq. Mən Vaşinqtonla Brüsselin aktiv mövqeyinə optimist yanaşıram, bu, ümidvericidir. Amma onların mövqeyi Rusiyanın maraqları ilə üst-üstə düşmədiyi üçün, buna ehtiyatlı optimistlik desək, daha doğru olar. Açığı mənim bu görüşdən o qədər də böyük gözləntilərim yoxdur. Bu, birinci görüş deyil, hər halda sonuncu görüş də olmayacaq. Əsas problem həll olunmalıdır. Bunun üçün isə Ermənistan və onun elitası qəti siyasi qərar qəbul edərək, onu cəmiyyətə təqdim etməli və Qərb də bunu dəstəkləməlidir. Hələ ki, biz bunu görmürük. Bu problem Ermənistanla bağlıdır. Çünki Azərbaycan ikinci Qarabağ savaşından sonra yavaş-yavaş üstünlüyə yiyələnir.

Ermənistan bu məsələni nə qədər uzadacaqsa, Azərbaycan yenə də üstünlüyə yiyələnəcək. Bunu lazım olanda güclə, diplomatiya ilə, yaxud Qərbin, Moskvanın və ya Türkiyənin təzyiqi ilə edəcək. Bu baxımdan, Kişinyov görüşündən də hər hanası bir gözləntim yoxdur. Hadisələr Praqa görüşündəki kimi ola bilər. Biz hələlik “sülh müqaviləsi artıq yaxındadır” deyə bilmərik. Bu, bir prosesdir və deyəsən müsbətə doğru gedir. Amma qarşıda çoxlu sayda “minalar” var və onların əksəriyyəti Rusiyanın və İranın əlindədir. Hələ də bəlli deyil ki, vəziyyət necə inkişaf edəcək. Sadəcə, biz bunu nəzərə almalıyıq və öz işimizi buna uyğun həyata keçirməliyik.

- Azərbaycan nə etməlidir?

- Azərbaycan Moskvada, Kişinyovda, eləcə də gələcək danışıqlarda Rusiyanın Brüssel və Vaşinqtonla maraqlarının üst-üstə düşməməsini nəzərə alaraq, hər biri ilə məsafəli davranmalı, bu mərkəzlərdən öz maraqlarına uyğun, məqsədyönlü şəkildə istifadə etməlidir. Çünki bütün bu mərkəzlərin Azərbaycana böyük ehtiyacı var. Onlar bilirlər ki, bu oyunda Brüssel, Vaşinqton və Rusiya üçün əsas fiqur Ermənistan deyil, Azərbaycan və Türkiyədir. Ona görə də biz öz siyasətimizi elə qurmalıyıq ki, onlardan istifadə edək və mümkün qədər uğur qazanaq.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Füzuli 2023-05-25 18:45:12

Bu adamın yenidən saytlarda hallandırılması anlaşılan deyil.Axə bu Azərbaycan dilində çətin danışan Leyla ilə (həyat yoldaşı) Amerikata köçmüşdülər və mətbuanda onların satqınlıqları ifşa olunurdu.İndi nə baş verdi ki tez-tez Ramiz mətbuatda görünür?

Son yazılar