PAŞİNYAN ÜÇÜN SEÇİM ZAMANI... – Ya Moskvanın zəncirini qıracaq, ya da Putinə boyun əyəcək

Mayın 25-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin dəvəti və iştirakı ilə keçirilməsi gözlənilən üçtərəfli görüşdən 3 gün əvvəl Ermənistanın Baş naziri Kremli qəzəbləndirəcək növbəti açıqlamalar verdi.

Nikol Paşinyan bu dəfə əvvəllər dilinə gətirmədiyi mövzuları səsləndirib:

-Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyan Rusiya sərhədçiləri ölkədə əbədi qala bilməz;

-Rusiya sərhəd qoşunlarının yerdəki bütün fəaliyyəti Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə razılaşdırılmalıdır;

-Rusiya sərhədçilərinin bölgədəki fəaliyyətinin qanunauyğunluğu araşdırılacaq və müvafiq qərar veriləcək;

-Ermənistan məqəsədə uyğun görərəsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər.

Bunlarla bərabər Paşinyan açıq mətnlə bəyan etdi ki, Qarabağ da daxil olmaqla Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini tanıyır.

Baş nazir Brüsseldə də bu cür bəyanat səsləndirmişdi və Rusiya Xarici İşlər naziri Sergey Lavrovdan sərt cavab almışdı. Lavrov bildirmişdi ki, Qərbin əsas məqsədi Rusiyanı Ermənistandan, bütövlükdə Cənubi Qafqazdan qovmaqdır. O, Paşinyana bir neçə örnək göstərərək Ermənistan rəhbərinə ciddi xəbərdarlıq da etmişdi.

Paşinyan bu xəbərdarlığa cavab verməsə də, mətbuat konfransı keçirərək Ermənistanı Rusiyanın vassalığından çıxarmaq niyyətində olduğuna dair mesajlar verdi.

Xatırladaq ki, Rusiya Ermənistanın iki ölkə ilə sərhədini mühafizə etməklə bərabər Gümrüdə 5 min nəfərlik şəxsi heyəti olan hərbi bazaya malikdir. Ölkənin qaz təchizatı əsasən “Qazprom”a məxsusdur, dəmiryolları şəbəskəsi də 2040-ci ilə qədər Rusiyaya icarəyə verilib, iqtisadiyyatın müxtəlif sahələri – metallurgiya, enerji təsərrüfatı, Metsamor AES, hərbi sənaye, və s. rus şirkətlərinin inhisarındadır.

Ermənistanın ən böyük ticarət tərəfdaşı Rusiyadır. Ukraynaya qarşı müharibədən sonra Rusiya ilə pul transferləri, sanksiya təsirinə düşən məhsulların, eləcə də qida məhsullarının ticarəti dəfələrlə artıb.

Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü kimi Rusiya ilə sadələşdirilmiş gömrük rejiminə malikdir, investisiya qoyuluşunda əlverişli şərtlərdən, habelə ticarətdə yumşaq qaydalardan faydalanır.

Ermənistanın ən böyük xarici borcu Rusiyayadır. “Qazprom”dan güzəştli şərtlərlə mavi yanacaq alsa da, Ermənistanın 2 milyard dollardan artıq qaz borcu var, habelə iki ölkə arasında uzunmüddətli kredit müqavilələri mövcuddur.


Ermənistanın Rusiyadan iqtisadi, hərbi və siyasi asılılığını şərtləndirən siyahını kifayət qədər uzatmaq olar. Əlbəttə, bunlar önəmli məsələlərdir, amma həlledici təsir gücü Rusiyanın erməni cəmiyyətindəkı rıçaqlarıdır.

Keçmiş siyasi elitadan ibarət olan erməni müxalifəti Rusiyaya sıx bağlıdır. Eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın liderlik etdiyi bu qüvvələr müharibədən sonra keçirilən seçkilərdə reanimasiya edildi və parlamentin üçdə birinə nəzarət imkanı qazandı. 

Bu qüvvələr ölkənin ən varlı adamlarını birləşdirib, iqtisadiyyatın və medianın bir hissəsini, vətəndaş cəmiyyətinin əhəmiyyətli subyektlərini əlində cəmləşdirib. Mütəmadi keçirilən rəy sorğularına görə, cəmiyyətdə onlara etimad aşağıdır, amma hakimiyyətin də reytinqi 20 faizi keçmir. Əhalinin 50 faizindən çoxu heç bir siyasi qüvvəyə inanmır.

Ermənistanın müdafiə və təhlükəsizlik sektorunda da Rusiyaya bağlı güclü şəbəkələr var. Paşinyan onların varlığını, gücünü etiraf edir və Azərbaycanla sərhədlərdə ermənilər tərəfəindən törədilən təxribatlarda onların əli olduğuna işarələr vurur.


Rusiyanın Ermənistan cəmiyyətinə daha bir təsir aləti Xankəndində qalan seprataçı-cinayətkar rejimin kriminal üsürləridir. Kreml vaxtı ilə bu cinayətkar ünsürləri Ermənistanda siyasi hakimiyyətə transfer edərək “cızığından çıxmaq istəyən” qüvvələri sərt şəkildə cəzalandırıb.

Bu gün də belə planlar var. Xankəndinə göndərilən milyarder Ruben Vardanyanın qarşısında duran əsas missiya Ermənistan siyasi həyatına transfer olunmaqdır. Yerli ekspertlər bu planı Kremlin növbəti “İvanaşvili layihəsi” adlandırırlar. Söhbət Gürcüstanda olduğu kimi, Paşinyanın Moskvaya bağlı, eyni zamanda Qərbdə də qəbul edilən milyarderlə əvəz edilməsidir.


Doğrudur, Azərbaycan Kremlin bu layihəsinə ciddi zərbə endirdi, Paşinyan da onun “vurulması” üçün səylər göstərdi. Amma Vardanyan hələ də Xankəndində Kremlin əmrlərini gözləyir...

Beləliklə, Rusiya Ermənistanda fövqəladə gücə malikdir, Paşinyanın indki məqamda onu sarsıtması, Kremlin maraqlarını gözardı edərək Qərbə inteqrasiya kursunu davam etdirməsi çətin görünür.

Əlbəttə, onun müəyyən uğurları var, xüsusən, müharibədən sonra xalqdan mandat alaraq dayaqlarını gücləndirib, amma Azərbaycanla sülh əldə edilməməsi tədricən onu zəiflədir. Nəzərə alsaq ki, onun uğurları həm də Rusiyanın dözümlü, ehtiyatlı münasibət göstərməsi ilə bağlıdır, o zaman Paşinyanın bu limitdən “sui-istifadə etməsi” ona baha başa gələ bilər. Baş nazirin dünən səsləndirdiyi bəyanatlardan sonra onun Moskvada necə qəbul olunacağı maraq doğurur. Mümkündür ki, Putin özü birbaşa ona son xəbərdarlığını etsin.

Əlbəttə, Rusiya-Ukrayna müharibəsi Putin hakimiyyətini xeyli zəiflədib, bunun əlamətlərini Cənubi Qafqazda da görürük. Azərbaycanın Laçın yolunda dövlət sərhədinə nəzarəti təmin etməsi, sülhməramlıların nəzarətində olan ərazilərdə əməliyyatlar keçirməsi bunun bariz sübutudur. Amma rəsmi Bakı kifayət qədər tədbirli və ehtiyatlıdır, Rusiyanın bölgədəki imkanlarını da nəzərə alır.

Ancaq Paşinyan ya situasiyanı adekvat dəyərləndirə bilmir, ya ikiüzlü siyasət aparır (dedikləri və əməlləri üst-üstə düşmür), ya da, Qərbdən elə təminatlar alıb ki, Lavrovun təbirincə desək, Rusiyanı Ermənistandan birdəfəlik çıxarmağa çalışır.


Bundan sonra nə baş verə bilər? Kreml Cənubi Qafqazda vəziyyətin öz nəzarətindən çıxması ilə barışacaq, tədricən mövqeləri əldən verməkdə davam edəcək, yoxsa, ən zəif bəndə - Ermənistan iqtidarına zərbə endirməklə müharibədən sonrakı status-kvonu bərpa etməyə çalışacaq?

Əgər Paşinyan öz erməni xislətinə uyğun olaraq ikiüzlü siyasət aparırsa, sözdə Rusiyanı ittiham etsə də, faktiki olaraq Putinin iradəsinə zidd getməzsə, əlbəttə, hakimiyyətinə qarşı ciddi problem də yaranmayacaq.

Ancaq əgər, Qərbdən gələn təlimatlarla Moskvanın boynuna keçirdiyi zənçiri açmağa çalışarsa, bu halda Rusiya Paşinyana qarşı qəti hərəkətə keçə bilər.

Bunun üçün lazımı şəraiti də formalaşdırıb. Belə ki:

Birincisi, Qarabağdakı separatçı-cinayətkar rejimi Azərbaycanla sülh planına qarşı səfərbər edib.

İkincisi, Ermənistandakı özünə bağlı müxalifəti fəallaşdırıb. Bu gün eks-prezident Serj Sarqsyan bəyanat yayaraq bütün qüvvələri Ermənistan hakimyyətinə qarşı həmrəyliyə çağırıb. Hətta həddini aşaraq, Qarabağın Azərbaycanın tərkibində olmayacağına dair sərsəm iddiasını da təkrarlayıb.

Üçüncüsü, erməni müxalifətinin, o cümlədən Rusiyanın bilavasitə nəzarətində olan media Paşinyan hakimiyyətinə qarşı geniş kampaniyaya başlayıb.

Məqsəd 44 günlük müharibədən sonra ölkədə yaranmış vəziyyətə qayıtmaq, Paşinyanı cəmiyyətin təpkisi ilə üz-üzə qoyaraq Azərbaycanla sülh razılaşmasına getməkdən çəkindirməkdir. Əgər bu, mümkün olmayacaqsa, Rusiya daha təsirli alətlərə əl atacaq, bura iqtisadi təzyiqlərdən tutmuş hərbi çevrilişə, sui-qəsdlərə qədər ən müxtəlif planlar daxil ola bilər.

Məsələ ondadır ki, Qərbin moderatorluğu ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Rusiyanın regionda, o cümlədə İrəvanda və Xankəndində mövqelərini itirməsinə gətirib çıxara, Avropaya inteqrasiya meyillərinin güclənməsinə şərait yarada bilər.

Ancaq Paşinyan bu məsələdə də ya tam səmimi deyil, ya qətiyyət ortaya qoya bilmir, ya da sifarişlə hərəkət edir. Belə ki, Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, bunu təsdiqləyən sülh sazişini imzalamağı ləngidir. Eyni zamanda regiondakı Rusiyanın hegemonluğunun Qərblə əvəzlənməsinə, hətta Azərbaycana beynəlxalq təzyiqlər yaratmaqla Qarabağda hansısa dövlətlərinin məsul olduğu təhlükəsizlik rejimi formalaşdırmağa can atır.


Əlbəttə, Azərbaycan qətiyyətlə milli maraqlarına və suverenliyinə zidd olan bu plana qarşıdır və Ermənistanı məcbur edir ki, sülh müqaviləsini imzalamaqla oyundan çıxsın, qalan məsələləri özü daxili qaydada həll edəcək. Şübhəsiz ki, Bakı Xankəndində suverenliyi təmin etmək üçün Rusiyanın himayəsində olan hərbi qruplaşmanın tərk-silah edilməsini tələb edəcək, əks təqdirdə hərbi zərbələr endirəcək. Daha sonra sülhməramlıların bölgədə görəcəyi bir iş qalmır.

Qərbin israr etdiyi erməni əhalinin təhlükəsizliyi və hüquqları məsələsilə bağlı da Bakının mövqeyi aydın və qətidir. Azərbaycanda yaşayan digər entik azlıqlar kimi Qarabağın kiçik bir hisəsində qalan azsaylı erməni əhalisi də ölkə Konstitusiyasında təsbit edilən hüquq və azadlıqlara malik olacaq. Başqa hansısa statusdan söhbət belə gedə bilməz.

Paşinyan da doğurdan da sülh və Moskvanın regionda təsirinin azalmasını istəyirsə, buna razılaşmalıdır.

Proseslərin bu nöqtəyə gələ bilməsi üçün isə Paşinyan hökuməti Rusiya ilə İrəvandakı qarşıdurmadan qalib çıxmalıdır. O, məğlub olduğu müharibədən sonra hakimiyyətini qorumaqla buna qismən nail ola bilib. Amma indiki həlledici məqamda onun imkanları kifayət qədər məhduddur. Ümid bəslədiyi Qərb isə regionda deyil və onun burada Paşinyanı Rusiyadan qorumağa resursları yoxdur.

Beləliklə, o, ya Putinə yenidən boyun əyərək sülh prosesini pozacaq, ya da riskə gedərək qarşıdurma yolunu seçəcək. 

Birinci yol Paşinyan üçün heç də yaxşı seçim deyil, çünki, Azərbaycan ondan sülhə imza atmağı gözləyir, əks təqdirdə həm anklavlar olan bölgədə, həm şərti sərhəddə, həm də Qarabağda yeni zərbələr endirəcək.

İkinci yolun seçilməsi isə Paşinyana Qərbin etimadını sarsıdacaq və o, taleyini Putinin mərhəmətinə bağlamalı olacaq...

E.Rüstəmli

“AzPolitika.info” 

635x100

Şərhlər

Turan 2023-05-23 19:17:30

Moskoviyanın beli qırılıb, onun Qərbdən idxalı Ermənistandan asılıdır, Paşinyan da bunu çox gözəl bilir və istifadə edir

Mubariz 2023-05-23 16:58:15

Bu yetim hər şeyi öz adı ilə çağırır ,ərazi bütövlüyü ,Qarabağın Azərbaycanın olmasını ,Türkiyəyə ərazi iddiasının olmaması və .s Daha ondan nə istəyirsiz?.... Paşik açıq deyir məsələnizi Kremllə həll edin .Doğrusu belə şans birdə ələ düşməyəcək ,əks halda tez-tez hər iki tərəfdə itki verəcək , beşinci kalonun əli ilə

Son yazılar