“KİYEVƏ YAXINLAŞDIQ, SONRA İSƏ “BATIRDIQ” VƏ GERİ ÇƏKİLDİK” – “Ukrayna Ordusunu daha da gücləndirdik” (VİDEO)

“Biz nə etdik? Gəldik, “nasistlər” axtarışında kobudluqla, öz çəkmələrimizlə bütün ərazini tapdaladıq. “Nasistləri” axtaran vaxt kimi gəldi məhv etdik. Kiyevə yaxınlaşdıq. Sonra isə “batırdıq” və geri çəkildik. Sonra Xersonda “batırdıq”, sonra İzyumda, Limanda və sair”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Vaqner”in başçısı Yevgeni Priqojin internet kanallarının birinə son müsahibəsində deyib. Priqojin növbəti dəfə Kremlin başlatdığı “xüsusi hərbi əməliyyatın” fiaskoya uğradığını, onun öz qarşısına qoyduğu məqsədlərə çatmadığını, əksinə, bu əməliyyatın əks-effekt verdiyini, Ukraynanı daha da gücləndirdiyini bildirib: “Beləliklə də, denasifikasiya əvəzinə biz Ukraynanı bütün dünyanın tanıdığı millətə çevirdik... Ukraynanı legitimləşdirdik”.

Priqojin Ukraynanın demilitarizasiyasının da alınmadığını və əksinə, Ukrayna ordusunun dünyanın ən güclü ordularından birinə çevrildiyini söyləyib: “Əgər “xüsusi əməliyyat” öncəsi onların şərti olaraq 500 tankı vardısa, indi 5000-dir. Əgər onlarda 20 min adam döyüşə bilirdisə, indi dörd yüz min adam döyüşə bilir... Hesab edirəm ki, Ukrayna ordusu bu gün ən güclü ordulardan biridir. Onların yüksək səviyyədə təşkilatçlılığı, yüksək səviyyədə hazırlığı, yüksək səviyyədə kəşfiyyatı var... Onlar istənilən sistemdə - Sovet və NATO sistemlərində eyni dərəcədə uğurla döyüşə bilirlər. Onlar öz itkilərinə də fəlsəfi yanaşırlar. Onlar hesab edirlər ki, hər şey yüksək hədəfə çatmaq üçündür – bizdə Böyük Vətən Müharibəsində olduğu kimi. Lakin daha texnoloji və dəqiq şəkildə”.

Beləliklə də “Vaqner” başçısı bu etiraflarla növbəti dəfə əvvəlki media fəaliyyətini və Rusiya hərbi-siyasi hakimiyyətini tənqid xəttini davam etdirdiyini göstərmiş olub. 

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar