Bu gün Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidentinin iştirakı ilə təşkil olunan üçtərəfli görüşün gündəliyi və orada qəbul ediləcək qərarlarla bağlı müxtəlif proqnozlar verilir.

“AzPolitika.info” xəbər verir ki, məlum görüşlə bağlı Ermənistan mətbuatında dərc edilən yazılarda Moskvada Azərbaycan və Ermənistan başçılarının iki ölkənin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasını əks etdirən sənəd imzalayacaqlarına dair iddialar var.

Məsələn, “Hraparak” qəzeti hakimiyyətdəki mənbələrinə istinadla yazır ki, artıq ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasına dair sənəd hazırdır. Hətta bu sənəd artıq imzalanıb və sadəcə, məsələ bunun harada elan olunmasıdır: “Hakimiyyətə yaxın dairələrdə ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasına dair sənədin imzalanacağı istisna olunmur. Hətta həmin dairələrdə əmindirlər ki, bu sənəd artıq imzalanıb. İndi yalnız bunun elan olunması üçün düzgün vaxt və yer seçilməsi məsələsi qalır”.

Qəzet iddia edir ki, bu yer Moskva ola bilər.

Rusiyanın “Kommersant” nəşri isə Moskva görüşündə iki sənədin imzalanacağına dair məlumat yayıb. Bununla bağlı dərc edilən yazıda göstərilir ki, sənədlərin biri iki ölkə arasında kommunikasiyaların qarşılıqlı şəkildə açılmasını nəzərdə tutur. Qeyd olunur ki, mayın 24-də bütün gün ərzində Rusiya tərəfinin iştirakı ilə iki ölkənin Baş nazir müavinləri səviyyəsində kommunikasiyaların açılmasına dair sənəd hazırlanıb. Gözlənilir ki, bu sənəd sözügedən görüşdə imzalanacaq. Paşinyan özü də Moskva səfərindən öncə rəsmi Bakı ilə bu mövzuda razılıq əldə olunduğunu bildirib.

“Kommersant” bildirir ki, bu sənədin üzərində 44 günlük müharibə bitən vaxtdan etibarən Rusiyanın iştirakı ilə iş gedir və onu Moskvanın apardığı işin nəticəsi hesab etmək olar. Yazıda iddia olunur ki, sözügedən sənəd Rusiyanın Cənubi Qafqazda rolunun və təsirinin qorunub saxlanmasının nümunəsidir...

İkinci sənədə gəlincə isə qeyd olunur ki, bu, İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin sayca beşinci birgə bəyanatı olacaq. Bəyanatın mətni ilə bağlı hələlik hər hansı açıqlama verilmir.

Erməni politoloq Boris Navasardyan sözügedən nəşrə açıqalmasında deyib ki, Moskva danışıqlarının məntiqi Brüssel və Vaşinqton danışıqlarından ciddi şəlkildə fərqlənməyəcək. 

O, hesab edir ki, fərq yalnız Rusiyanın özünün Qarabağdakı sülhməramlı kontingentinin statusu və orada qalma müddətilə bağlı məsələləri gündəmə gətirməsi ola bilər. Politoloq hesab edir ki, Moskva hətta öz hərbi kontingentinin sayı və statusu məsələsində güzəştə getməklə belə, qüvvələrini həmin ərazidə saxlamağa çalışacaq.

Onun fikrincə, Rusiya istəyir ki, tərəflər bu qüvvələrin orada qalmasında maraqlı olduqlarını ifadə etsinlər: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanıyırsa, o zaman Rusiya çalşacaq ki, onun da maraqları nəzərə alınsın”.

C.Məmmədov

“AzPolitika.info”