Menu

Milyarderin “adamı” Trampın əsas rəqibi oldu – DeSantis iddiasını elan etdi

25.05.2023, 13:04
Milyarderin “adamı” Trampın əsas rəqibi oldu – DeSantis iddiasını elan etdi

Florida ştatının respublikaçı qubernatoru Ron DeSantis 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün ABŞ Federal Seçki Komissiyasına namizədliyi ilə bağlı bildiriş təqdim edib.

“AzPolitika.info” xəbər verir ki, o, Respublikaçılar Partiyasından namizəd olmaq üçün keçmiş prezident Donald Trampla yarışacaq.

Bir neçə saat sonra DeSantis namizədliyini “Twitter”də, həmçinin “Twitter Spaces” platformasında Elon Musk ilə söhbətində elan edib.

Maskın və onun çoxdankı dostu və yoldaşı Devid Saksın iştirak etdiyi bu təqdimat texniki nasazlıqlarla yadda qalıb: əvvəlcə 300.000 insanı birləşdirən yayım “donub” və uzun müddət kəsilib.

Qeyd edək ki, DeSantis və Elon Musk yaxın dostluq münasibətlərinə malikdir.

Bir müddət əvvəl DeSantis sorğularda Trampı qabaqlamışdı və Co Bayden üçün daha perspektivli rəqib hesab olunurdu. Lakin son həftələrdə onun respublikaçılar arasında populyarlığı nəzərəçarpacaq dərəcədə azalıb və o, Trampdan “xeyli dərəcədə” geri qalmağa başlayıb.

DeSantisin namizədliyinin lehinə əsas arqument onun Baydenə qalib gələ biləcək yeganə respublikaçı olmasıdır. DeSantis bu ayın əvvəlində Ayova ştatında keçirilən tədbirdə deyib: "Biz son illərdə partiyamıza təsir edən uduzmaq mədəniyyətindən irəli getməliyik. Bəhanələr üçün vaxt bitdi".

Qubernator ştatda abortları ciddi şəkildə məhdudlaşdıran, sakinlərin gizli silah gəzdirməsini asanlaşdıran, tələbələrin özəl məktəblərə getməsinə imkan verən vauçer proqramını genişləndirən və dövlət universitetlərində inklüziv proqramlar üçün maliyyələşməni ləğv edən tədbirlərə imza atıb.

Respublikaçıların digər namizədləri arasında ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli və Cənubi Karolina senatoru Tim Skott da var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol