“Turan ideyasının gerçəkləşməsinə doğru Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın birlikdə atdıqları cəsarətli addımlar dünya çapında çox ciddi narahatlıq yaradıb”
“May ayının 14-də qardaş Türkiyədə keçirilən prezident və parlament seçkiləri bütün Türk dünyası kimi Azərbaycanda da böyük diqqət və həyəcanla izlənilirdi. Azərbaycan vətəndaşlarının tam əksəriyyəti Hörmətli Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyənin prezidenti seçilməsini istədiklərini və Türkiyəli qardaş və bacılarının onun leyhinə səs vermələrinə çağırış edirdilər”.
“AzPolitika.info” xəbər verir ki, bu sözləri Haqq Ədalət Partiyasının sədri Əli İnsanov partiya idarə heyətinin iclasında çıxışında bildirib.
“Türkiyədə baş vermiş və böyük insan tələfatına səbəb olmuş zəlzələnin və COVİD-19 pandemiyasının fəsadları qardaş Türkiyənin iqtisadiyyatına ciddi zərər vurub və Prezident Ərdoğanın faktiki olaraq əleyhinə işləyib” – deyə, o əlavə edib.
Bundan başqa Ə.İnsanov deyib ki, Türkiyənin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə sürətli inkişafına, iqtisadi dirçəlişinə, güclü ordu quruculuğuna qısqanclıqla yanaşan bir sıra böyük güclərin onun əleyhinə göstərdikləri səylər və bəyanatlar da onun reytinqinə təsir edib: “Turan ideyasının gerçəkləşməsinə doğru Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın birlikdə atdıqları cəsarətli addımlar da dünya çapında çox ciddi narahatlıq yaradıb. Ölkə daxilində və xaricdəki bədxaqların qurduqları xəyallarla Rəcəb Tayyib Ərdoğanın prezident seçilməyəcəyindən və bunun Azərbaycanda da ciddi nəticələr verəcəyini tirajlayırdılar. Prezident İlham Əliyev dostluq və qardaşlığa sadiq qalaraq, seçki qabağı Türkiyə Cumhuriyyətinə səfər etdi və Rəcəb Tayyib Ərdoğana açıqdan-açığa dəstək verdiyini bəyan etdi.
Belə bir mürəkkəb zamanda Haqq Ədalət Partiyasının Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi və sonra qardaş Türkiyə seçicilərinin Rəcəb Tayyib Ərdoğanın leyhinə səs vermələri üçün çağırış bəyanatına qoşulan partiya üzvlərimizə təşəkkür edirəm”.
Ə.İnsanov daha sonra prezident seçkilərinin 28 mayda keçiriləcək ikinci turu barədə danışıb. O bildirib ki, Cumhur İttifaqının parlamentdə yerlərin əksəriyyətini qazanması seçicilərin qanunvericilik orqanında lazımi dəstəyi olmayan prezidentliyə namizədi seçməsinə əngəl olacaq: “Müxalifət qanadındakı məyusluq da Kılıçdaroğlunun ikinci turda səslərini əridə biləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsi Türk dünyasının qələbəsidir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Turan ideyasının carçıları və Türk dünyasının iki qoşa zirvələridirlər. Prezident seçkilərinin ikinci turunda Hörmətli Rəcəb Tayyib Ərdoğana qələbə arzulayırıq”.
“AzPolitika.info”


Şərhlər