Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı açıqlama verib.

O, Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib.

Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb.

Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.

***

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

"AzPolitika.info"  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yüksək Seçki Komissiyası YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib. Bildirib ki, səsvermə bülletenlərinin 99, 9 faizinin  nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52, 14 faiz səs qazanıb.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs toplayıb. 

Yener hazırki nəticələrin müvəqqəti olduğunu, lakin hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.

"Bu nəticələr Türkiyənin 13-cü prezidentinin Rəcəb Tayyib Ərdoğan seçildiyini söyləməyə əsas verir" - deyə, YSK sədri bildirib.

Beləliklə, nəticələr Rəcəb Tayyib Ərdoğan seçkinin qalibi olduğunu, daha 5 il Türkiyənin Prezidenti seçildiyini təsdiqləyir!



***

Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb. Bakı vaxtı ilə  saat 18:00-da bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.

Hazırda səslərin sayılmasına başlanılır.

İlkin nəticələrin bir qədər sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, səsvermə yerli vaxtla səhər saat 08:00-da başlamışdı.

***

Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb. Mayın 28-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.

Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

Səsvermə yerli vaxtla saat 17:00-da başa çatacaq

Yüksək Seçki Komissiyası səsvermə bitəndən sonra ilkin nəticələri açıqlamağa başlayacaq.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 %, müxalifət lideri isə 44,88 % səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17 % səs yığıb. Seçkilərə bir neçə gün qalmış prezidentlik yarışından geri çəkildiyini elan edən Məhərrəm İncə isə seçicilərin 0,43 faizinin etimadını qazanıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

***

Bu gün Türkiyədə prezident seçkisinin ikinci turuna start veriləcək. Seçkidə iki rəqib var, biri Cümhur İttifaqının prezidentliyə namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, digəri isə Millət İttifaqının prezidentliyə vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğludur.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Parlament seçkisində Cümhur İttifaqı 323 yerlə parlamentdə çoxluq qazanıb.

Prezident seçkisinə gəlincə, ilk turda Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

Ata İttifaqı siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

Rəcəb Tayyib Ərdoğanın səs faizi çox olsa da, ilk turda qalib gəlmək üçün lazım olan 50%+1 səs baryeri keçilmədiyinə görə seçki ikinci tura qalıb.

Sinan Oğan ikinci turda Rəcəb Tayyib Ərdoğanı, Ata İttifaqında təmsil olunan digər siyasətçi Ümit Özdağ isə Kemal Kılıçdaroğlunu dəstəkləyəcəyini bəyan edib.