Son günlər Rusiya öz arsenalındakı bütün növ raketlərlə Ukrayna paytaxtını intensiv atəşə tutur. Rusiyanın əsas məqsədlərindən biri Kiyevə atdığı raketlərin qəniminə çevrilmiş “Patriot” Zenit-Raket Kompleksinin mövqeyini müəyyənləşdirmək və onu sıradan çıxarmaqdır. Lakin ruslar bütün cəhdlərinə baxmayaraq, istədiklərinə nail ola bilməyiblər. Bunun əsas səbəblərindən biri Ukrayna hərbçilərinin Hava Hücumundan Müdafiə(HHM) sistemlərindən məharətlə istifadə etmək bacarığıdır.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” saytı “Raket gücsüzlüyü: Ukrayna Hava Hücumundan Müdafiə sistemləri Kremlin planlarını necə məhv edir” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub.

Həmin məqaləni təqdim edirik: ”Rusiyalılar “Patriot” Zenit-Raket Kompleksinin yerini müəyyənləşdirmək üçün ilk əvvəl qanadlı raketlərlə və dron kamikadzelərlə Kiyevə hücum etdilər. Sonradan hücum uçuşlarını təhlil edib, ballistik raketləri işə saldılar. Bunun üçün “X-47M2 Kinjal” və standart “İskəndər M” raketlərini hücuma qoşdular. Onların sonradan ”Kinjal”dan imtina edib “İskəndər”dən istifadə etmələrini qıtlıq faktoru ilə izah etmək olar, amma səbəb təkcə bu deyil. Ukraynaya “İskəndər” raketlərini ən çox 18 və 22 may tarixlərində atıblar. Ancaq işğalçıların bundan aldığı səmərə sıfır faiz olub, çünki raketlər HHM tərəfindən məhv edilib. Ruslar 28 apreldən 29 maya kimi müxtəlif tipli 190 raketdən istifadə ediblər. Ümumiyyətlə, Rusiya ordusu ehtiyat toplamaq üçün arada iki həftəlik “tənəffüs” də götürür.

Ən başlıcası odur ki, bu cür zərbələrin effekti rusiyalılar üçün cüzidir, amma “Kinjal” və “İskəndər” raketlərinin məhv edilməsi üzündən onların reputasiya itkisi çox böyükdür. Xüsusən də həmin raketlərin real hədəfləri olan “Patriot” sistemləri heç bir ciddi zərər görməyib. Ümumi yekunda ruslar bütün zərbə güclərini Kiyevə yönəltməyi qərara alsalar da, lazım olan effekti əldə edə bilməyiblər.

Kiyevə vurulan son zərbələr kontekstində qeyd etmək lazımdır ki, Ukrayna HHM-i dünyada ən yaxşılardandır və bir çox parametlərinə görə xoş təəssürat bağışlayır. Ukraynalı mütəxəssislər müxtəlif növ hücumların dəf edilməsi ilə bağlı böyük təcrübə qazanıblar və biz bunu real döyüş şəraitində görürük. Dünyanın heç bir ordusunun HHM personalı bu cür təcrübəyə malik deyil. Ukrayna hərbçiləri bir ildən artıq müddətdə müasir tələblərə cavab verməyən köhnəlmiş texnoloji vasitələrlə düşmənin raket zərbələrini dəf etməyə müvəffəq olublar.

Qeyd etmək lazımdır ki, müharibənin ilk aylarında Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiya hücumlarına qarşı hazırlığı və onun öhdəsindən gəlmək bacarığı ilə bağlı neqativ şərhlər yazılırdı və həmçinin də digər ölkələrdən “Patriot” və “Dəmir günbəz” kimi müasir sistemlərin alınmasının vacibliyindən danışılırdı.

Əgər biz ümumi NATO kontekstini yox, ayrı-ayrı ölkələri götürsək, heç bir Avropa ölkəsi öz potensialına görə Ukrayna HHM ilə müqayisəyə gələ bilməzdi. Bununla yanaşı, Ukrayna HHM-i əsas etibarı ilə SSRİ dövründə istehsal olunmuş köhnə nümunələrdən ibarət idi. Yeri gəlmişkən, 27 fevral 2022-ci ildə Rusiya Müdafiə Nazirliyi gurultulu bəyanatla çıxış edərək bildirmişdi ki, Ukrayna HHM sistemi tamamilə məhv edilib və Rusiya aviasiyası Ukrayna hava məkanına tam nəzarət edir. Bəs yekunda nə oldu? Bu günə kimi Rusiya Hərbi Kosmik Qüvvələri döyüş aviasiyası və xeyli sayda pilot itirib. İndi Rusiyanın təcrübəli pilotları Ukraynada döyüş tapşırığı yerinə yetirməkdən imtina edirlər, bu tapşırıqları əsasən kursantlar yerinə yetirirlər.

Ukraynaya vurulan əksər aviazərbələri Rusiya öz hava məkanından həyata keçirir, amma əsas məsələ heç də bu deyil. Ukrayna ordusu “Patriot” və “SAMP/T” kimi müasir vasitələrin bütün spektrlərini alana qədər hava məkanını nəzarətdə saxlmaq üçün böyük işlər görüb və çox nadir alqoritm qurub.

Hazırkı məqamda Ukrayna Rusiyanın bütün tip raketlərinin - “Kalibr”, ”X-47M2 Kinjal”, “İskəndər M/K - Operativ Taktiki Raket Kompleksinin , ”X-22”, ”P-800”, ”X-101”, ”X-55”, ”X-555”, ”X-59”, ”X-29”, ”X-58” və eyni zamanda “Shahed-136” dronlarının məhv edilməsi alqoritmlərini işləyib hazırlayıb. Hər bir raketin zəif yerləri öyrənilib və hər tipin reaksiyası, ona qarşı əks fəaliyyət metodu hazırlanıb. Bu, təkcə müasir HHM vasitləri sayəsində olmayıb.

Səudiyyə Ərəbistanı Yaxın Şərqdə ən yaxşı HHM sistemlərinə malikdir. Səudiyyə ordusunun silah arsenalında 100 ədəd “Patriot ZRK” qurğusu var. Lakin yəmənli husilərə qarşı mübarizə aparan zaman heç də Səudiyyə Ərəbistanı ərazisinə buraxılan bütün raketlər yaxalanmamışdı.

Beləliklə, yüksək texnoloji HHM sisteminin varlığı tam müdafiə olunmağın təminatı sayılmır. Çox şey operatorun peşəkarlığından və sistemin qurulmasına yanaşmadan asılıdır. İndi əminliklə deyə bilərik ki, Kiyev ətrafında qurulmuş HHM sistemi raket və dron təhlükəsinə qarşı yüksək effektlilik nümayiş etdirir. Təəssüf ki, resurslar məhdud olduğu üçün digər böyük şəhərlərdə anoloji sistemlər yaratmaq mümkün olmayıb, amma tərəfdaşlarımız bizə dəstək verməyi davam etdirir. Ukraynanın səması addım-addım Rusiya təhlükəsindən tam şəkildə qorunacaq”.

“AzPolitika.info”