DNEPR ÜZƏRİNDƏ FƏLAKƏT... - Nova Kaxovkanı kim və hansı məqsədlə partladıb?

Məlum olduğu kimi, ötən gecə Rusiyanın işğal etdiyi Nova Kaxovka su anbarında böyük təbii fəlakətə səbəb olan partlayış törədilib. Artıq bir çox müstəqil ekspertlər bu hadisəni Rusiyanın Ukraynada törətdiyi növbəti kütləvi terror aktı adlandırırlar, baxmayaraq ki, Rusiya tərəfi bu terror aktının həyata keçirilməsində Ukraynanı günahlandırır.

Ukrayna tərəfi isə Prezident Volodimir Zelenskinin dili ilə bu hadisənin Rusiyanın terrorçu dövlət olduğunun növbəti sübutu kimi təqdim edir.

Tərəflər bu fəlakətin yaşanmasında bir-birini günahlandırır. Ancaq fakt odur ki, sözügedən ərazi Rusiya işğalçı ordusunun əlindədir və günün 24 saatı ərazində xüsusi nəzarət altında olan bu strateji əhəmiyyətli obyektə kənardan müdaxilə olduqca çətindir. Odur ki, bu partlayışın fiziki olaraq həyata keçirilməsi daha çox işğalçı ordunun imkanları daxilindədir.

Digər yandan hadisədən dərhal sonra tərəflərin müşahidə olunan reaksiyaları bu terror aktının kim tərəfindən törədildiyinə dair müəyyən təsəvvür yaradır. Belə ki, Ukrayna tərəfi dərhal bunun işğalçı dövlətin hazırladığı partlayış olduğunu bəyan etdi. Rusiya tərəfindən isə ziddiyyətli açıqalmalar gəldi. İlk olaraq, ümumiyyətlə heç bir partlayışın olmadığı bildirildi. Novaya Kaxovkanın işğalçı administrasiyasının Rusiya tərəfindən təyin olunan başçısı Vladimir Leontyevə istinad edən TASS dövlət agentliyi heç bir partlayış-filan olmadığını bildirdi. Agentlik yazdı ki, guya su bəndi əvvəllər yaranmış zədələr səbəbindən suyun təzyiqinə tab gətirməyərək, uçub. Bundan bir neçə saat sonra isə elə həmin Leontyev Kaxovka HES-ə bir neçə zərbə endirildiyini və bunun Ukrayna tərəfinin etdiyini xəbər verdi. Daha sonra sosial şəbəkələrdə və mətbuatda yayılan görüntülərdən aydın oldu ki, su bəndi partladılıb, ona kənardan hər hansı hücum olmayıb. Sosial mediada yayılan videolarda bənd ətrafında şiddətli partlayışların baş verdiyi, suyun bəndin divarları arasından ətrafa axdığı görünür.


Bir sözlə, Rusiya tərəfinin ictimai rəydə çaşqınlıq yaradıb, məsuliyyəti Ukraynanın üzərinə atmaq cəhdi açıq sezilir.

Partlayışın nəticələrinə gəlincə, bu terror aktının hansı tərəfə daha çox sərf etdiyi cavab veriləcək əsas sualdır. İlkin mənzərə daha çox Dnepr çayının Ukraynanın nəzarətində olan hissəsindəki yaşayış məntəqələrinə ciddi təhlükə yarandığını və ümumiyyətlə, hadisənin daha çox Ukrayna tərəfini narahat etdiyini göstərir. Artıq Ukraynanın nəzarətində olan onlarla yaşayış məntəqələrindən əhali evakuasiya edilir. Belə görünür ki, bu istiqamətdə su altında qalacaq yaşayış məntəqlərinin sayı daha çoxdur, nəinki Rusiyanın işğalındakı ərazilərdə. Buraya onlarla kənd və qəsəbə ilə yanaşı, Xerson şəhərinin bir hissəsi, Korabel adası və s. daxildir.


Rusiyanın nəzarətində olan sahilə gəlincə, işğalçı üçün oradakı əhalinin, yaşayış məntəqələrinin taleyi az maraqlıdır. Rusiya indiyə qədər işğal etdiyi və sonradan qaçdığı əraziləri necə viran qoyubsa, onun Dneprin sol sahilinə də eyni taleyi yaşatmaq istədiyi açıq görünür.

Onu da qeyd edək ki, bu su anbarı eyni zamanda Krım yarımadasını və Zaporoje AES-i su ilə təmin edir. Hazırda yaşanan bu fəlakət işğal altındakı Zaporijye AES üçün ciddi təhlükə törədir.


Ümumilikdə bu hadisəni Rusiyanın Ukrayna torpağına gətirdiyi növbəti fəlakət adlandırmaq olar. Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak bəyan edib ki, Novaya Kaxovkadakı patlayışı Rusiya ordusunun 205-ci motoatıcı briqadası törədib. Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Natalya Qumenyuk isə deyib ki, Rusiya işğalçıları Ukraynaya təzyiq etmək üçün texnogen şantaj əməlinə əl atıb: “Ancaq nə törətdiklərini anlayandan sonra özləri evakuasiya olunmağa başlayıblar”.

Xatırladaq ki, Rusiya işğalçı qoşunları ötən il Xerson şəhərindən qaçanda da Kaxovsk HES-in partladılacağı barədə məlumatlar yayılmışdı. Məqsəd Ukraynanın qaçan qoşunun ardınca irəliləməsinə imkan verməmək idi. Lakin o zaman bu addım atılmadı. İndi isə görünür, böyük təlaş içərisində Ukraynanın əks-hücumunu gözləyən Rusiya tərəfi bu cinayətkar əmələ əl atmağa qərar verib.

İndi əsas suallardan biri odur ki, bəndin partladılması Ukraynanın çoxdan planlaşdırılan əks-hücumuna necə təsir edəcək? Sözsüz ki, əsas məqsəd Ukrayna əks-hücumunun qarşısını almaq, ləngitmək, Ukraynanın planlarını pozmaqdır. Lakin Volodimir Zelenskinin hadisədən dərhal sonra səsləndirdiyi bəyanat göstərir ki, Kiyev geri çəkilmək fikrində deyil: “Rusiya terrorçuları Kaxovka bəndini dağıtmaqla bütün dünyaya göstərdilər ki, onları Ukrayna torpağının hər bir küncündən qovmaq lazımdır!”

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2023-06-06 17:32:13

Bu Cellad gerizekalı Putin ve onun komandasının zenciri çekilib möhkem bağlanmasa bunlar bu alkaşkar dünyanın sonunu getirecrkler bu partlayış ise dünyanı gözleyen felaketin qarşılığında müştulyq olacaq.

Zeleniskiyə 2023-06-06 16:10:04

Bəlkə səni kimi satqınları ukraynadan qovalar ukraynada rahat nəfəs ala ukraynanın başına gələn bütün bəlaların baiskari sənsən ay amerikan kuklası

Azad 2023-06-06 13:27:48

Gemi batanda sıçovullar birinci qaçır..Rusiya tarixinin ən utanc günlərini yaşayır

Son yazılar