MALİYYƏ BAZARLARININ GÖZÜ BU TƏYİNATDADIR... – Türkiyə Mərkəzi Bankının ilk qadın prezidenti olacağı gözlənilir + FOTOLAR

Bankın aktivlərini 270 milyarda çatdırdı, ən gənc maliyyə professoru oldu, ABŞ-da “Möhtəşəm Türk qızı” adını qazandı...

ABŞ-da “Möhtəşəm Türk qızı” kimi tanınan Hafize Gaye Erkanın Türkiyə Mərkəzi Bankına (TCMB) prezident təyin olunacağı gözlənilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Mehmet Şimşek Türkiyənin yeni Xəzinə və Maliyyə Naziri olduqdan sonra əsas diqqətlər TCMB-na kimin təyin olunacağına yönəlib. Bu təyinatla bağlı isə ən çox Hafize Gaye Erkanın adı hallanır.

Bəs Hafize Gaye Erkan kimdir?

1982-ci ildə İstanbulda anadan olan (Əslən Malatyalıdır-red.) H.G.Erkan ali təhsilini Boğaziçi Universitetində alıb. Burada sənaye mühəndisliyi fakültəsini bitirən Erkan, daha sonra ABŞ-ın Princeton Universitetinə qəbul olub və xaricə köçüb. 


O, Princetonda iki illik doktorantura proqramını bir ildə bitirən ilk tələbə olub və ölkənin “ən gənc maliyyə professoru” adını qazanıb. Daha sonra Harvard Biznes Məktəbinin və Stenford Universitetinin təlim proqramlarında iştirak edib.

İş həyatı

2005-ci ildə “Goldman Sachs” şirkətində işə başlayan Erkan, təxminən 9 ildən sonra “First Republic Bank”-da menecer kimi fəaliyyət göstərib.

O, 2014-cü ildə şirkətin baş vitse-prezidenti seçilib. Gaye Erkan bankın İnvestisiya Departamentinin Rəhbəri və Risklərin İdarə Edilməsi üzrə həmsədr vəzifələrində çalışıb. Erkanın bu vəzifədəki uğurlu fəaliyyəti bankın vəsaitlərini 10 dəfəyə qədər artırıb.


Gaye Erkan vəzifəyə gələndə bankın aktivləri 25-30 milyard dollar civarında idisə, 2021-ci ilin dekabrına qədər bu məbləğ 250 milyard dollara yaxınlaşıb.

G. Erkan 2021-ci ildən bankın baş direktoruğluna yüksəlsə də, 7 aydan sonra oradakı iş yerindən ayrılıb. Daha sonra “Marsh McLennan” şirkətinin direktorlar şurasında işə başlayıb.

Erkan həmçinin, ABŞ-da yerləşən zərgərlik şirkəti - “Tiffany & Co”-nun iki il İdarə Heyətinin üzvü olub. G. Erkan ABŞ-dakı uğurlu iş həyatına görə, “Möhtəşəm Türk qızı” kimi tanınıb.

“San Francisco Business Times”-ın 2018-ci ildəki araşdırmasına görə, ABŞ-ın 100 ən böyük bankında prezident və CEO titulu daşıyan 40 yaşdan kiçik yeganə qadın Gaye Erkan olub.

G. Erkan bu ilin mart ayından “Dünya” qəzetində məqalə yazmağa başlayıb. Onun ilk məqaləsinin başlığı “Maliyyə sahəsində qadınların adı yoxdur” olub.

G. Erkan sözügedən məqalədə bunları yazıb: “İşləyən, əməyinin ardınca gedən ana, Riyaziyyat müəlliminin qızı olduğum üçün bütün qadınların bu özəl gününü qeyd etmək istərdim. 1970-ci illərdə Lüksemburq kimi ultra model ölkələrdə belə qadınların səs vermək və seçilmək hüququnun olmadığını öyrənmək bizi təəccübləndirir. ABŞ-da oxuduğum və işlədiyim ilk dövrdə qarşımızdakı insanın ləhcəsinə, cinsinə və irqinə görə mühakimələrin edildiyini gördüm. 40 yaşdan aşağı bir türk və müsəlman olaraq mən 270 milyard dollarlıq bir bankın prezidenti və baş direktoru olarkən belə, bu qərəzli münasibətlə üzləşdim. Çünki mən qadınların çox güclü təmsil olunmadığı bir sahədə işləyirdim”.

“Alarko Holdinq” İdarə Heyətinin üzvü Leyla Alaton isə Gaye Erkanın bu vəziyə gətiriləcəyi ilə bağlı xəbərlərlə bu cür münasibət bildirib:“Mərkəzi Banka bir qadın rəhbərlik edəcək deyə çox həyəcanlı və qürurluyam. Doqquz aylıq körpəsini araxada qoyub Mərkəzi Bankın rəhbəri vəzifəsini daşımaq - bunun arxasında duran motiv böyük vətənpərvərlik ruhudur. O, vətəninə çox bağlı, uğur qazanan, böyük maneələri dəf edən bir anadır. Başqa izahı yoxdur. Onun Mərkəzi Bankın rəhbərliyinə gətirilməsi çox düzgün qərar olardı. Çox uğurlu olacağına ürəkdən inanıram. Təbii ki, hamı kimi onun da uğuru çalışdığı komandadan asılı olacaq”.

Əgər Gaye Erkan gözlənildiyi kimi Mərkəzi Banka rəhbər təyin olunarsa, onun ilk sınağı iyunun 22-də olacaq. Belə ki, 22 iyun tarixində Pul Siyasəti Komitəsində hazırda 8,5-lik faiz dərəcəsinin eyni səviyyədə qalıb-qalmayacağı müəyyən olunacaq.

Elvin

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2023-06-07 14:31:10

Bele bir kadrla ,teyinatla ancaa fexr etmek qürür duymaq olar.Allah qardsş Türkiyyenin bu çetin meqamda qorusun ,onun bu çetin sınaqdan çuxmasına yardımçı olsun İnşeallah.

Son yazılar