Ukrayna cəbhəsində iki gündür ki, aktivlik müşahidə olunur. Əksər müstəqil ekspertlər bunu Ukrayna ordusunun xeyli vaxtdır gözlənilən iri miqyaslı əks-hücumunun kəşfiyyat-hazırlıq mərhələsi hesab edirlər. Çünki əsasən 4 istiqamətdə qeydə alınan aktivlik kəşfiyyat döyüşləri xarakteri daşıyır. Bunu həmin əməliyyatlara nisbətən məhdud sayda hərbi texnika və canlı qüvvə cəlb edilməsindən də görmək olar.

“AzPolitika.info” rusiya kanallarına istinadla xəbər verir ki, aktiv əməliyyatların başlamasından hələ tam iki gün keçməmiş Vladimir Putin Ukrayna əks-hücumunun artıq “uğursuzluğa düçar olduğunu” bəyan edib.

MDB ölkələri hökumət başçılarının iclası zamanı jurnalistlərin suallarına cavab verən Rusiya başçısı deyib ki, Ukrayna əks-hücumunun birmənalı olaraq başladığını söyləmək olar: “Tam dəqiq deyə bilərik ki, Ukrayna əks-hücumu başlayıb. Bunu Ukrayna ordusunun strateji ehtiyatlarından istifadə etməsi də göstərir... Döyüş əməliyyatlarının heç bir istiqamətində Ukrayna qoşunları qarşılarına qoyulan hədəfləri yerinə yetirə bilməyiblər”.

Əksər ekspertlər hesab edirlər ki, Putinin bu tez-tələsik açıqlaması bir tərəfdən onun Ukrayna əks-hücumu qarşısındakı təlaşını əks etdirirsə, digər yandan da daxili auditoriyanı sakitləşdirməyə hesablanıb. Çünki aktiv hərbi əməliyyatların başladığı cəmi iki gündür və 1000 kilometrdən artıq cəbhə xətti olan ərazidə qısa müddətdə hansısa böyük irəliləyişlərin əldə olunması mümkünsüzdür. Eyni zamanda, Ukrayna tərəfinin indiki məqamda yalnız kəşfiyyat xarakterli döyüşlər apardığı və işğalçının müdafiə xəttindəki zəif yerləri müəyyən etməklə məşğul olduğu bildirilir.

Rusiyalı müxalif jurnalist və Dumanın sabiq deputatı İqor Yakovenko deyib ki, Putin bu açıqlamanı verməkdənsə, sussaydı daha yaxşı olardı: “Putin indi Konoşenkovun (Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general İqor Konoşenkov-red.) rolunda çıxış edir. Ancaq Putində bu iş hər gün minlərlə Ukrayna əsgərini və yüzlərlə hərbi texnikasını “məhv erdən” Konoşenkovdan da pis alınır. Konoşenkov heç olmasa düz dayanır və rəqəmləri aydın səsləndirir, Putin isə nəsə “mızıldanır””.

Ukraynalı tanınmış hərbi ekspert, polkovnik Roman Svitan isə Putinin son bəyanatını şərh edərkən deyib ki, Rusiya başçısı həddindən artıq tələsir, Ukrayna ordusu hələ hücum əməliyyatlarının formalaşdırılması mərhələsindədir: “Bunlar batalyon taktiki qruplar səviyyəsində keçirilən kəşfiyyat döyüşləridir. Bu qruplara 10-a yaxın tank və 700-dək döyüşçü daxildir. Onlar gələcək hücum əməliyytaları üçün platsdarm yaratmaq məqsədilə kəşfiyyat döyüşləri aparırlar. Ancaq rusiyalılar bunu əsas hücum əməliyyatları kimi qələmə verirlər. Bu cür hücum əməliyyatlarının formalaşdırılması mərhələsi bir həftə-10 gün çəkəcək. Baş Qərargah həmin kəşfiyyat döyüşləri nəticəsində əldə olunan məlumatlar əsasında strateji qüvvələrin hansı istiqamətdə cəbhəni yaracağını müəyyən edəcək. Daha sonra briqadalar, hətta bütöv korpuslar hərəkətə keçəcək. Yalnız bu zaman strateji ehtiyatların işə salındığını və əsas hücumun başladığını söyləmək olacaq”.

Svitan deyib ki, kəşfiyyat döyüşlərində “Leopard” tanklarının, yaxud hansısa digər hərbi texnikanın istifadəsi və istənilən müharibədə olduğu kimi vurulması təbii haldır. Bunu Ukrayna ordusunun uğursuzluğu və yaxud məğlubiyyəti kimi qələmə verilməsi isə Rusiyanın apardığı informasiya müharibəsinin tərkib hissəsidir.

Rusiyalı müxalif hüquqşünas və tanınmış vəkil Mark Feyqin isə Putinin Ukrayna əks-hücumu barədə dediklərini şərh edərkən Kreml sahibinin özü-özünü pis vəziyyətə saldığını söyləyib: “Hələ əks-hücumun nəticələri barədə danışmaq çox tezdir. 1-2 günə hansı nəticələr olmalı idi ki? Bəs Putin bunu niyə edir? Ona görə ki, onlar bu cür primitiv üsulla Qərb müttəfiqlərinin Uklraynaya inamını sarsıtmaq istəyirlər. Guya heç nə alınmayacaq, əks-hücum uğursuzluğa düçar olur, gəlin danışıqlar masasına oturaq və sair. Ancaq Qərb müttəfiqləri də yaxşı bilirlər ki, Putinin bu cür çıxışları nəyə xidmət edir. Onların real vaxt rejimində cəbhədə nələr baş verdiyindən yaxşı xəbərləri var. Onlar bilirlər ki, Ukrayna əks-hücumu barədə indidən hansısa nəticələr çıxarmaq çox tezdir, çünki onun əsas hissəsi hələ başlamayıb”.

Qeyd edək ki, Rusiya özü cəmi iki gündür başladığını elan etdiyi Ukrayna əks-hücumunu “uğursuz” adlandırsa da, Ukrayna bölmələrinin artıq azı 3 istiqamətdə bir neçə kilometrədək irəlilədiyi məlumdur. Onu da xatırladaq ki, Ukrayna əks-hücumunun iki gündə uğursuz olduğunu az qala 10 ay ərzində böyük itkilər verməklə yalnız 10 min nəfərlik Soledar qəsəbəsini və 60-70 min nəfər əhalisi olan Baxmut şəhərini işğal etməyə və bu müddət ərzində cəmi 30-40 kilometr irəliləməyə müvəffəq olan Rusiya ordusunin Ali Baş Komandanı deyir...

Cəlal Məmmədov

“AzPolitika.info”