Keçmiş təhsil naziri Misir Mərdanov yerli mətbuata müsahibəsində bildirib ki, hazırda 4600 manat pensiya alır. 76 yaşlı Mərdanov 15 il Azərbaycanın təhsil naziri postunu tutub, 2017-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. Onun açıqlaması ölkənin pensiya sistemindəki problemləri yenidən gündəmə gətirib.
Xatırladaq ki, Azərbaycanda minimum pensiya 280 manatdır. Vətəndaşlar təqaüd almaq üçün 41 min manata yaxın pensiya kapitalına malik olmalıdırlar, əks halda onlara yaşa görə 220 manat müavinət təyin olunur.
Ötən bir neçə ildə müavinət alanların sayı 17 mindən 120 minə qədər artıb, pensiya alanların sayında isə kəskin azalma var. Ekspertlər pensiya sisteminin sosial dövlət modelinə uyğun gəlmədiyini bildirirlər.
M.Mərdanovun yüksək pensiya alması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vətəndaşlar sual edirlər ki, niyə görə 40 ildən artıq müəllim kimi fəaliyyət göstərmiş şəxsin pensiyası 400 manata çatmır, amma yüksək təminatlı nazir vəzifəsi daşımış şəxs bundan 15 dəfə artıq pensiya alır.
Keçmiş maliyyə naziri Saleh Məmmədov durumu “AzPolitika.info”ya şərh edərkən bildirib ki, Azərbaycanda pensiya sistemi dünyada ən ədalətsiz və səmərəsiz pensiya sistemi kimi qiymətləndirilir.

Onun sözlərinə görə, pensiya qazanc vasitəsi deyil, yaşlandıqda insanların minimum tələbatını ödəmək üçün məcburi toplanan əmanətdir: “Pensiya təminatında təbəqələşmə çox cüzi ola bilər. Azərbaycanda minimum pensiya ilə maksimum pensiya arasında 5000-6000% fərq var. Əksəriyyət ölkələrdə pensiya kapitalı vətəndaşların şəxsi əmanət hesabında saxlanılır, vətəndaşın özünün iştirakı ilə investisiya olunur və əsas məbləğdən daha çox faiz gətirir, sonda isə bütün məbləğ varisə ötürülür. Azərbaycanda isə vətəndaşın bütün pensiya aktivlərini dövlət öz əlində saxlayır və istədiyi kimi sərəncam verir. Bu həm də insan haqlarının kobud pozulmasıdır. Azərbaycan hökuməti buna görə beynəlxalq məhkəmələrə çıxarılsa, bir neçə onilliklər boyu böyük məbləğdə cərimə ödəməli olacaq”.
Keçmiş nazir əlavə edib ki, digər tərəfdən, əksəriyyəti ölkələrdə pensiya aktivləri investisiyaların maliyyələşdirmə mənbəyi kimi çıxış edir.
“Bütün ömrü boyu vətəndaşın topladığı pensiya aktivləri onların əmanət hesablarında saxlanılır və investisiya mənbəyi kimi istifadə olunur. Hollandiyanın bir trilyon dollar ÜDM var, vətəndaşlarının pensiya aktivləri isə 1,5 trilyon dollardır. Azərbaycanda isə pensiya aktivi reallıqda deyil, yalnız kağız üzərindədir. Bu gün toplanan vəsaitlər bu gün də hazırki təqaüdçülərə ödənilir. 30 il əvvəl pensiya işinin təşkilinin Sinqapur modelini təklif etmişdik, bu model dünyanın ən mükəmməl modellərindən sayılır. Təəssüf ki, nəzərə alınmadı”, - S.Məmmədov vurğulayıb.
Elçin
“Azpolitika.info”

Şərhlər
Bəs niyə hökumət bu məsələnin araşdırılaraq dünya normativlərinə uyğun olmasına dair sərəncam vermir....
Pensiya sistemində camaatın xeyrinə ciddi islahatlar aparılmalı,Türkiyə modelini tətbiq etmək lazımdır.Özüdə təcili.
Araqarışdıranlara fikir verməyin.
Azərbaycan inamla və əzimlə inkişaf edir. Hökümətin yaxşı işlərini dəyərləndirin.
Nə olsun?.Bu yazıları sadə insanların oxuması bir nəticə verməz.Əgər M.Mərdanov cürətli adamdırsa bə məsələni açıq şəkildə geniş əsaslar və sübutlarla Möhtərəm Prezidentə göndərsin.
Misir Mərdanova 4500 manat pensiya verirlər. Bu bir meşok pul deməkdir. Hər 2 aydan bir bir babat maşın, hər 5 aydan bir Bakı şəhərində novostroykadan bir ev almaq deməkdir. Bundan ötrü sıravi Azərbaycan vətəndaşı bir ömür sətf edir və sonda heç nəyə nail olmadan ölür.Ona görə deyirəm ki, Azərbaycanda ədalət o qədər və o qədər pozulub ki, onu bərpa etmək üçün cənab ALLAHın ÖZü bu ölkəyə təşrif buyurmalıdır. Mən ALLAHI Azərbaycana dəvət edirəm. ƏL-CABBAR VƏ ƏL-QƏHAR məziyyətləri ilə.
Pensiya barədə maraqlı fikirləri, 1996-1999-cu illərdə Əmlak Komitəsində Barat Nuriyevin “kassiri” olmuş, Famil Mustafayev səsləndirə bilər.
Misir Mərdəanovun Berlində villası var, bahalı avtomobilləri var, pulları da Azərbaycanın ALmaniyadakı Səfirliyinin seyflərində saxlanılırdı, 2018-ci ilin fevral ayında onun pulları (yarım milyon avro) oğurlandı, Bacanağı rəhmətlik Bahrət də bunun güdazına getdi, əvvəlki səfir Ramin Həsənov bu işi araşdırmaqda maraqlı deyildi, elə indiki səfir Nəsimi Ağayev də maraqlı görsənmir...
Pensiya nece duzgun islesin Bes Selim Muslumov kimiler ne ile dolanacaq
"...pensiya qazanc vasitəsi deyil, yaşlandıqda insanların minimum tələbatını ödəmək üçün məcburi toplanan əmanətdir: “Pensiya təminatında təbəqələşmə çox cüzi ola bilər. Azərbaycanda minimum pensiya ilə maksimum pensiya arasında 5000-6000% fərq var." ...
Saleh müəllim, Azərbaycanda barmaqla sayılası iqtisadçılardan biridir və şəxsən mənə dərs demiş bir müəllim kimi onun savadı, qabiliyyəti, ləyaqətinə bələd olan bir insan kimi deyə bilərəm ki, onun dedikləri ilə tam razıyam.
Mənim fikrimcə pensiyalar arasında fərq, yəni maksimumnan minimum arasındaki, 2 nisbətdən artıq olmamalıdır. Sovet dönəmində minimal pensiya 70 man., maksimal pensiya isə 120 manat idi. Sonradan maksimal pensiyaya 10% yəni 12 manat əlavə etdilər və oldu 132 manat. Axı insan yaşlanıb ömrünün axırıncı illərini yaşayır və burada kəskin fərq nə üçün olmalıdır? biri 3-4 min, digəri 2-3 yüz manat pensiya alırsa bu özü sosial ədalətsizlikdir.
Ümumiyyətlə pensiyanın minimal həddi olduğu kimi maksimal həddi də olmalıdır. Bu günkü gün, yəni cari dövr üçün maksimal pensiya məbləğibu məbləğ 1000-1500 manatdan artıq olmamalı, minimum məbləğ isə 500 manatdan əsükik olmamalıdır, bax bu olar sosial ədalətli bir sistem...