Belə görünür ki, Azərbaycan Nazirlər Kabineti ölkədəki bütün iqtisadi, sosial, infrastruktur, nəqliyyat və s. problemlərin yeganə və olduqca “kreativ” həlli yolunu tapıb - qiymətlərin artırılması!
Bir müddət əvvəl Nəqliyyat naziri bəyan etdi ki, taksi xidməti qiymətləri çox aşağıdır və mütləq artırılmalıdır. 3 gün əvvəl isə Nazirlər Kabineti nəqliyyat vasitələrinin parklanmasına görə yeni ödəniş məbləğlərini təsdiq etdi. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzaladı. Qərardan belə məlum olur ki, parkinq qiymətləri Bakının mərkəzində 1 saata görə 1 manatdan başlayaraq, mərkəzdən kənar zonalara keçdikcə, 70, 40, 30 qəpik müəyyənləşdirilib. Bu o deməkdir ki, qiymətlər, məsələn, paytaxtdakı iri ticarət mərkəzlərinin dayanacaqlarındakı onsuz da yüksək olan hazırkı qiymətlərdən də xeyli baha olacaq. Əgər əvvəllər bu dayanacaqlarda birinci saata görə bir manat, sonrakı saat intervallarında isə daha az məbləğ ödənirdisə, indi hər saata görə bir manat ödənməli olacaq.

Məlum məsələdir ki, bu qərarı verənlər işə, yəni yayda sərin, qışda isti, lyuks kabinetlərinə yüz minlərlə qiyməti olan xidməti maşınla gəlirlər, parklamaya görə pul ödəmirlər və təbii ki, “quru maaşla” da dolanmırlar. Belələri ayda 600-700 manat maaş alan, işə ucuz və köhnə maşında gələn müəllimi, hansısa texniki işçini, satıcını, tibb bacısını və “qara camaat” kateqoriyasına aid olan digər vətəndaşları necə anlaya, başa düşə bilər?
Ayda ortalama 25 iş günü və hər gün saatı bir manatdan 8 iş saatı nəzərdə tutsaq, bu, aya 200 manat edir. Yəni, şəhərdə işləyən vətəndaş ayda azı 200 manat parklamaya görə pul ödəməlidir. Azərbaycanda minimum əmək haqqı 345 manat, orta əmək haqqı isə (guya) 830 manatdır. Deməli, maşını olan vətəndaş üçün gündəlik parkinq xərci minimum əmək haqqının təxminən 60 faizi, orta aylıq əmək haqqının isə az qala 25 faizini təşkil edəcək. Görəsən, hər qiymət artımında “beynəlxalq təcrübə”, “dünya bazarındakı qiymətlər” bəhanəsi gətirən hökumət üzvləri və onlara haqq qazandıran “ekspertlər” dünyanın hansı ölkəsində minimum və orta aylıq maaşlarla parkinq qiymətləri arasında belə bir “mütənasiblik” olan ölkə göstərə bilərlər? Bəli, Avropanın varlı ölkələrinin paytaxtlarında parkinq bir neçə avro təşkil edir. Ancaq orada insanların minimum əmək haqqı 200 dollar, orta əmək haqqı isə 490 dollar deyil... Əgər məqsəd şəhərdə nəqliyyatın sıxlığını azaltmaqdırsa, bunun üçün ilk növbədə bərbaddan da bərbad durumda olan ictimai nəqliyyatı qaydaya salmaq lazımdır. Bakının ətraf qəsəbələrindən işə öz ucuz avtomobili ilə gələnlərin böyük əksəriyyəti bunu kefindən etmir. Normal ictimai nəqliyyat olsa, heç kim öz pulunu və əsəblərini sərf edib şəxsi avtomobililə mərkəzə gəlməz. Əgər Bakıdakı hazırkı ictimai nəqliyyata ümid etsələr, bu insanlar işə çatmaq üçün az qala bir gün əvvəldən yola çıxmalıdırlar...

Digər yandan, hazırda paytaxtdakı ən nəzarətsiz, “başıpozuq”, pərakəndə sahələrdən biri parklama yerləridir. Onların nə rəsmi xəritəsi, nə bəlli yerləri, nə də sahibləri məlumdur. Bilinmir, hansı dövlətindir, hansı özəldir və sair. Burada işləyən imkansız, yaşlı adamların isə böyük əksəriyyətinin nə əmək müqaviləsi var, nə də buna uyğun sosial təminatı. Bu gün parklanma nəzarətçiləri faktiki qeyri-leqal işçilərdir və çalışdıqlarının qarşılığı olaraq onların təqaüdü, sosial təminatı həyata keçirilmir. Həmçinin, parklanmaya nəzarət edən müasir elektron cihazlar, avadanlıqlar olmalıdır, parklanma yerlərinin ünvanları şəffaf şəkildə müvafiq qurum tərəfindən müəyyən və elan edilməlidir, parklanma nöqtələrindən yığılan pulun normal şəkildə vergisi ödənməlidir. Bütün bunların hansı var? Heç biri. Bəzi mütəxəssislər hesab edirlər ki, bu sahədə ildə 50 milyon manata yaxın vəsait vergidən yayındırılır. Yəni, tam sistemsiz, nəzarətdən və rəsmiyyətdən kənar, cəngəllik qanunları ilə idarə olunan sahə. Ancaq nə olsun? Əvəzində, bu “başıpozuq bazar”a yeni və baha qiymətlər təyin edən Nazirlər Kabinetimiz var...
Bəs bu qiymət artımı nəyə və kimə xidmət edir? Xüsusilə də Bakıda parkinq yerlərinin kimlərə məxsus olduğu, kimlərin arasında bölüşdürüldüyünü bu sahədən xəbərdar olanlar çox yaxşı bilirlər. Bu barədə mətbuatda dəfələrlə yazılar gedib, açıqlamalar verilib, konkret adlar çəkilib. Nazirlər Kabinetinin iyulun 25-dən qüvvəyə minəcək yeni parkinq qiymətlərinin də məhz həmin adamların ciblərinin doldurulmasına xidmət edəcəyi heç bir şübhə doğurmur.
Ümid edək ki, Nazirlər Kabinetimiz bununla məhdudlaşmayacaq, “kreativlik” göstərməkdə davam edərək, məsələn, dayanacaqda avtobus gözləyən vətəndaşlardan da dayancaqda durduqları üçün hər dəqiqəyə görə ödəniş tələb edəcək...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Hamı bilir ki,yuxarıda yığılan manatların hesabını Mikayıl Cabbarov aparır.
Baş Nazirin miliyyəti nədir?Onun qərarıarından (əgər qərar onundursa )onun AZərbaycanlı olmasına
əsaslı şübhələr yaranıb.bunu kim aşıqlayacaq?ONun aəsl ad soyadı necədir?Peyğəmbər adına malik insan xalqa zülm etməz! Ona görə onun kimliyi şübhəlidir.Bir də belələeri neə nazir,Baş Nazir təyin olunub?bu xaıq yazıq deyil?
Məgər boş totpaq sahədə avtomobilin 1 saat dayanması üçün 1 manat ucuzdur? Bu adam insanları öz maaşı və paketi ilə ölçür.Ay adam vətəndaşa ayda 300-400 manat maaş,150-300 manat pensiya verirsiniz.ay 30 gündür və hər gün insan avtomobilini küçə dayanacağında 3-4 saat saxlasa bu ayda 90-100 manat edir.Bunu düşünə bilməyən adam necə öxznü Baş nazir hesab edir?
Narahat olmayin, icra bashcilarinin cibine getsede yuxarida, qara hesabin 1manatinin da hesabati aparilir, icra bashcilarina dushenide sonradan burunlarindan getirib, ozlerini de it kimi hormetden salirlar, yeni, hedefi duzgun cecin!
Hörmətli Cəlal müəllim ! Şəkinin bütün mərkəzi küçələrində Şəki Bələdiyyəsinə rəhbərlik edən İntiqam Əşirov tərəfindən Parklama yaradılmış, gündəlik toplanılna pullar isə İntiqamın cibinə daxil olur. Aidiyyatı üqurumlar isə qanunsuz toplanılna pulların vergidən yayınmasına fikir verməyir ? İntiqam isə kef içində yaşayır, əlbəttə icra başçısı elxan Usubovun hesabına !
Ruhunuz catir AZALA mudaxile edin.Buna ruh lazimdir.O saat kelle geder yerinden
Belə qərarlar,adətən,müstəmləkə ölkələrində verilir..