Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 00:01-də Xəzər dənizində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 5,5 bal gücündə olan zəlzələ Bakıda və Azərbaycanın bir sıra rayonlarında hiss olunub. Yeraltı təkanların episentri Xaçmaz rayonundan 46 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində hər hansı dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, ötən gecə zəlzələdən sonra Bakının bəzi yerlərində əhali evlərini tərk edərək, açıq yerlərə üz tutub. Hazırda insanlar yenidən növbəti zəlzələnin və afterşokların (zəlzələdən sonra baş verən kiçik təkanlar-red.) baş verə biləcəyindən narahatdırlar.

Bəs yaxın vaxtlarda Bakıda güclü təkanlar baş verə bilərmi?


Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gecə baş verən zəlzələylə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, yaxın dövr üçün zəlzələ olacağı proqnozunu vermək mümkün deyil:“Dünən gecə baş verən zəlzələdən sonra 5-6 afterşok olub. Bunların ən böyüyü 2,7 bal gücündə olub. Qırılma xətti boyunca 3 bal gücündə zəlzələ ola bilər. Lakin bu, əhəmiyyətsizdir. Əhali rahat istirahət edə bilər. Heç bir qorxulu hadisə yoxdur”.

Seysmoloq Ənvər Əliyev "AzPolitika.info"-ya şərhində bildirib ki, Xəzər akvatoriyasının şimal, şimal-şərq və cənub hissəsi seysmoloji baxımdan Abşeron yarımadasına nisbətən daha aktiv sahələrdir. Onun sözlərinə görə, bu ərazilərdə dənizdən təxminən 5-6 kilometr aralıda sınma xətləri olduğu üçün gələcəkdə güclü zəlzələlər bu ərazilərdə baş verəcək.

Ekspert qeyd edir ki, Bakının tarixində yəni, yaxın orta əsrlərdə Gəncə, Şamaxı və digər bölgələrdəki kimi dağıdıcı zəlzələlər qeydə alınmayıb:"Tarixə nəzər salsaq belə bir fakt yoxdur. Ən azında bir sıra abidələrimiz, məsələn, həmin dövrə aid olan Qız Qalası sağ-salamatdır. Əgər dağıdıcı zəlzələlər olsaydı, hər halda bu abidələrə ziyan dəyərdi. Xronoloji baxımdan Bakıda güclü zəlzələ olma ehtimalı çox azdır".

"Elmi cəhətdən Xəzər dənizindəki zəlzələ adi bir təbii fəlakət hesab olunur. Çünki dağıntı və insan tələfatı yoxdursa, bunu güclü zəlzələ adlandırmaq doğru olmaz. Digər tərəfdən, bu cür kiçik təkanların baş verməsi müsbət amil kimi qəbul olunur. Çünki kiçik zəlzələlər baş verməyəndə yerin altındakı enerji toplanır və sonda böyük fəlakətlər baş verir",-deyə o, bildirib.

Beynəlxalq ekspertlər:"Hər 20-25 ildən bir Bakıda güclü zəlzələ baş verə bilər"

Bəzi ekspertlər isə hər 20-25 ildən bir Bakıda güclü zəlzələnin baş verə biləcəyini deyirlər. Xatırladaq ki, paytaxda sonuncu dəfə 23 il öncə, 2000-ci ildə qeydə alınan ən böyük zəlzələ 6,8 bal gücündə hiss olunmuşdu. Zəlzələnin episentri Azərbaycanın Xəzər dənizi sektorunda yerləşirdi. Təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə çəkmişdi. Təbii fəlakət nəticəsində 30 nəfər həlak olmuşdu.

Zəlzələ anında necə davranmaq lazımdır?

Zəlzələnin təhlükəli təsirlərindən tam qorunmaq mümkün olmasa da, riski minimuma endirmək üçün müəyyən qaydalara əməl etmək vacibdir:


- İlk öncə bilməlisiniz ki, birinci təkanı hiss etdikdə binanı təhlükəsiz şəkildə tərk etmək üçün cəmi 10-15 saniyə vaxtınız var;

- Binanı tərk edərkən liftdən istifadə etmək olmaz;

- Binanı tərk etdikdən sonra açıq və təhlükəsiz yerdə dayanmaq lazımdır;

- Əgər binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalmağınız məsləhətdir;

- Bu zaman dəmir ayaqlı masa varsa, onun altına girin. Əgər yoxdursa, evin künc hissələrində dayanın;

- Bu zaman içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasının yanınızda olması vacibdir;

- Əgər zəlzələ sizi küçədə haqlayıbsa, bu zaman bina, elektrik dirək və xətləri, sıldırımlı yerlər, körpülərdən uzaq durun, dərhal açıq sahəyə çıxın;

- Əgər avtomobillə açıq sahədə hərəkət edirsinizsə, onu dayandıraraq pəncərələri bağlayıb, içində təkanların bitməsini gözləyin;

- Əgər avtomobillə binaların yaxınlığında hərəkət edirsinizsə, dərhal onu tərk edib, açıq sahəyə çıxın.

Elvin Bəyməmmədli

"AzPolitika.info"