Rusiya rublu son 2 ayda rubl dollara nisbətən 14 faiz ucuzlaşıb. Sanksiyalar rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. Digər tərəfdən, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.
Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Rublun davamlı ucuzlaşması Azərbaycanla iqtisadi əlaqələrə necə təsir edə bilər?
İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, Rusiya pulunun manata nisbətən dəyər itirməsi Azərbaycanın ixrac edilən qeyri-neft məhsulların rubl ifadəsində bahalaşmasına səbəb olur.
“Bu isə qeyri-neft ixrac imkanları baxımından arzuolunan deyil”, - o əlavə edib.
İqtisadçı bildirib ki, tədiyə balansında profsit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin ilk 5 ayında 5.1% möhkəmləndirib: “Tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Bu aspektdən, ixracatın strukturunun keyfiyyət baxımdan daha da təkmilləşdirilməsi prioritetdir”.
Rusiya daxil olmaqla, qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə V.Bayramov bildirib ki, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Ekspert xatırladır ki, Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib.
“Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”, - deputat vurğulayıb.
“AzPolitika.info”


Şərhlər