Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər İttifaqının üzvü Aslan Kənan Elm və Təhsil Naziri Emin Əmrullayevə “Açıq məktub” ünvanlayıb.
Müəllif yazır:

Cənab Nazir!
Nəvəm Mahmudova Fatimə Fərid qızı 22 mart 2017-ci ildə Bakı şəhərində anadan olub. İki yaşında “Good luck” tədris mərkəzinin “Rus bölməsi”nə qəbul olunub. 2023-cü ilin may ayında hazırlığı müvəffəqiyyətlə başa vurduğuna görə xüsusi diploma layiq görülüb. Mahmudova Fatimə “Avropa liseyi”nə daxil olmaq üçün həmin liseyin müəllimindən xüsusi hazırlıq keçib. Bir sözlə, Mahmudova Fatimə Fərid qızı rus dili bölməsinə daxil olmaq üçün tam hazır olub.
May ayının 24-də nəvəm Mahmudova Fatimə birinci sinfə daxil olmaqdan ötrü Elm və Təhsil Nazirliyinin 276 saylı məktəbdə keçirdiyi müsahibəyə cəlb olunmuşdu. Müsahibə götürənlər Sizin rəhbərlik etdiyiniz nazirliyin “müəllim-psixoloq”ları (əgər bu adı onlara demək caizdirsə) 6 yaşlı uşaqla 22 dəqiqə sual-cavab aparmışdı (kamerada bu müsahibə öz əksini tapıb). Lakin nəvəm ilk dəfə belə vəziyyətə düşdüyündən suallara sıxıla-sıxıla da olsa cavab vermiş, bu da onları qane etməmişdi. Mənə elə gəlir ki, 6 yaşlı uşağın düşdüyü vəziyyət onlar tərəfindən normal qarşılanmalı idi.
Mən apelyasiya şikayəti verdim. 06 iyun tarixdə apelyasiya şıkayətinə baxan, ğzünü Elm və Təhsil Nazirliyinin işçisi kimi təqdim etdiyi “üzrü günahından betər” əməkdaşınız həmin “müəllim-psixoloq”lardan geri qalmamış, Mahmudova Fatimə ilə söhbət aparmadan kamera ilə tanış olmuş, sonra uşağın anasına “Siz niyə həyəcan keçirirsiniz, uşaq normal cavab verib də” - demişdi. Lakin 07 iyun tarixdə cavab gəldi ki, “...sizin apelyasiya müraciətinizə baxılmış və komissiyanın rəyinə əsasən övladınızın əvvəlki nəticəsi qüvvədə qalmışdı.”
Maraqlıdır, “Good luck” tədris mərkəzində və “Avropa liseyi”nin “Rus bölməsi”nə daxil olmaq üçün həmin liseyin müəllimindən xüsusi hazırlıq keçmiş uşağa necə “rus dilini bilmir” demək olar? Bununla da məndə 6 yaşlı uşaqdan müsahibə götürən müəllimlərə qarşı ikrah hissi yaratdı. Bununla da Sizin nazirliyin səviyyəsiz işçiləri ucbatından nəvəmin “Avropa liseyi”nin “Rus bölməsi”nə daxil olması üçün verəcək müsahibəyə bir dəfəlik qara xətt çəkildi. Bu da Sizin nazirliyin gələcək nəslə göstərdiyi münasibət.
Nəzərinizə çatdırım ki, mənim böyük nəvəm Mahmudlu Mehdi Fərid oğlu 132-134 saylı tam orta məktəbin 5-ci sinfinin “Rus bölməsi”ndə təhsil alır. Dərs əlaçısıdır. Onu da vaxtilə məktəbə qəbul etmirdilər. Əlaqədar təşkilatların müdaxiləsi nəticəsində məktəbə qəbul olundu. Nəvəm Mahmudlu Mehdi öz ana dilindən başqa rus, ingilis dillərini mükəmməl bilir, hal-hazırda da ərəb dilini öyrənir. O, dəfələrlə respublika və dünya üzrə ingilis dili fənnindən birinci yeri tutub, qızıl medala layiq görülüb.
Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinin II bəndində deyilir ki, “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”. Mən ruspərəst deyiləm. Uşaqlarımı da ana dilimdə tərbiyə edirəm. Böyük nəvəm rus dili bölməsində oxusa da o, tariximizi, ədəbiyyatımızı, folklorumuzu Azərbaycan bölməsində oxuyan uşaqlardan heç də pis bilmir. Sadəcə nəvəmi rus bölməsində oxutdurmaqda məqsəd, bu dili qrammatik cəhətdən mükəmməl öyrənməsidir. Təsadüfi deyil ki, dili, əlifbası, mədəniyyəti başqa xalqlardan oğurlayan mənəviyyatsız qonşularımızın “dili” Bakı Dövlət Universitetində tədris olunur. Səbəb də aydındır. Məhz mən də bu aydınlıq səbəbindən nəvələrimi rus bölməsində oxutdurmaq məcburiyyətində oldum. Düşündüm ki, sonralar əziyyət çəkib oxumaqdansa, əlavə maliyyə sərf etməkdənsə bu ən gözəl imkandır. Həm də bu dili qrammatik cəhətdən mükəmməl bilərsə, o zaman rəqibini öz dilində ram edə bilər. Vaxtilə böyük şair, maarifçi (Zaqafqaziya tədris dairəsi Seyid Əzim Şirvaninin maarif sahəsindəki xidmətlərini nəzərə alaraq, 1886-cı ildə onu gümüş medalla təltif etmişdi) rus dilinin öyənilməsi haqqında oğluna öyüd verərək yazırdı:
Ey oğul hər lisanə ol raqib
Müyəssər ol rus elminə talib
Onlara ehtiyacımız çoxdur
Bilməsək dil əlacımız yoxdur.
Bəli, hal-hazırda da Siz də gözəl bilirsiniz ki, rus, ingilis dillərinə ehtiyac duyulur. Heç kimə gizli deyil ki, bu dilləri bilmədən keçinmək çətin olur. Kimsə mənimlə razılaşmaya bilər, lakin bu belədir. Məgər böyük şair indiki “müəllim-psixoloq”lardan az bilirdi?
Xatırladım ki, Konstitusiyamızın, “Təhsil haqqında” qanunun 42-ci maddəsinin II bəndində göstərilən “Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir” inansaq, o zaman nə səbəbdən Bakı Şəhər Təhsil İdarəsinin məmuru mənə “aparın nəvəniz özəl məktəblərdə oxusun” deməlidir? Görünür, həmin məmur mənim dolanışığımla özünün dolanışığını “səhv salır”.
Əgər Azərbaycan Respublikasının Konstitusiyasının 45-ci maddəsinin I bəndində “hər kəs istədiyi dildə təhsil almaq hüququ vardır” yazırsa, o zaman bu nə məmur özbaşınalığıdır?
Cənab Nazir!
Mən apelyasiya şikayətindən sonra etiraz olaraq yenidən Elm və Təhsil Nazirliyinin qaynar xətti ilə əlaqə saxladım. Oradan mənə dedilər ki, bu məsələ ilə Bakı Şəhər Təhsil İdarəsi məşğul olur. Bakı Şəhər Təhsil İdarəsinin rəisi ilə görüşmək istədiyimi bildirdim. Cavabında bildirdilər ki, öncə idarənin sektor müdiri ilə görüşməli, əgər söhbətiniz alınmazsa, o zaman üç gün müddətinə rəislə görüşə bilərsiniz. Beş gün sonra iyun ayının 12-də Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxladım. Mənə bildirdilər ki, sektor müdiri ilə görüşünüz bir aydan sonra, yəni iyul ayının 17-də baş tuta bilər.
Bu zaman Azərbaycan xalqının ümummilli lideri, mərhum Heydər Əliyevin 70-ci illərdə çıxışlarının birində dediyi “JEK (Mənzil-İstismar Sahəsi) müdirləri kimdir ki, onların qəbuluna düşmək olmur” sözlərini xatırladım. 50 il bundan öncə peyğəmbərcəsinə deyilən bu qiymətli deyim indiki Sizin məmurların ünvanına aid etmək olar.
Elm və Təhsil Nazirliyinin müraciətimə etinasızlıqla yanaşmaqda məqsədi nəvəmin “Avropa liseyi”nin “Rus bölməsi”nə daxil olmasını əngəlləmək idi və buna da nail oldular. Görünür, Elm və Təhsil Nazirliyinin işçilərinin balaları özəl məktəblərdə oxuduqlarına görə onları bizim kimi sadə ziyalı övladların həyat dərsi düşündürmür.
Cənab Nazir!
Mənim nəvəmi məktəbə qoymaq üçün gecə-gündüzüm yoxdur. Sizin nazirliyin də insafı. Nəvəm mənə yaxınlaşıb deyəndə ki “məni məktəbə götürməyəcəklər”? Ona müsbət cavab versəm də, lakin o məktəbə daxil olmasa, sonu nə ilə bitəcəyini özümdə götür-qoy edirəm.
Sizə iki dəfə qızım G.Qasımlı bu barədə müraciət ünvanlamışdı. Birinci məktubun cavabında bildirilir ki, məktubunuz Bakı Şəhər Təhsil İdarəsinə göndərilib. Qəribədir, biz Bakı Şəhər Təhsil İdarəsinin özbaşınalığını qeyd edirik, lakin Elm və Təhsil Nazirliyi ərizəni həmin idarəyə göndərir. Bu nə ötür-ötürdür? Əgər müsahibə nazirlik tərəfindən keçirilibsə, nə səbəbdən Sizin nazirliyə müraciət olunan ərizəmiz Bakı Şəhər Təhsil İdarəsinə yönəldilməlidir? Axı, apelyasiya şikayətimə burada barmaqarası baxıblar. Belə çıxır ki, “səndən sənə şikayətim var”. Bundan sonra həmən şikayətə Siz bilən düzgün baxılarmı?
Cənab Nazir!
Nə vaxt bu özbaşınalığa son qoyulacaq? Yoxsa Sizin rəhbərlik etdiyiniz elm və təhsil idarəsinin işçiləri sözü bir yerə qoyub, mənim nəvəmin oxumasına “tabu” qoyublar? Çünki Sizə məktub göndərməyimizə baxmayaraq, heç bir əməli tədbir görülmür. Görünür, məktublar ünvanına çatmır. Əks halda bəlkə də Sizin tərəfinizdən müəyyən ölçü götürülə bilərdi.
İnanmaq istərdim ki, Elm və Təhsil Nazirliyinin və Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi etinasız işçilərinin bu soyuqqanlığına birdəfəlik son qoyacaq.
Əlaqə nömrəsi: 050 624-11-90


Şərhlər
Manqurt...
Ayıb olsun belə ziyalıya ki, rus dili üçün ürəyi gedir!
"Paz" lazımdır . Cənab Prezidentin, qara gödəkçəli xilaskarların "pazını" istəyirlər !
İdarəçilik sistemi idarə olunmayanda,məmurlar düzgün seşilib yerləşdirilməyəndə,ölkədə özbaşınalıq baş alıb gedəndə,ölkə düşmən əllərdə olanda belə halların başverməsi təəcüblü deyil.Guya nazir yerindədir?
Onu da diqqətinizə çatdırım ki, həmin imtahanda 1saat 20 dəqiqə sorğu sual edilən uşaqlar da olub.
Bədbəxtçiliyimizə bax da AYİ və AJB üzvü nəvəsinin Rus bölməsundə təhsil almağı üçün dava edir. Biz düzələn zad deyiilik.....
Rus dilini dövlət məktəblərində qadağan etmək lazımdır.Yalnız özəl məktəblərdə oxusunlar.
Allah bizə rəhm eləsin Adını ziyali qoyub rusdan ötrü ürəyi gedir