Bu gün, iyulun 14-də Xankəndinin mərkəzində “aksiya” keçirilir. “AzPolitika.info” xəbər verir ki, mitinqdə separatçı rejimim “rəhbəri” Arayik Arutyunyan da iştirak edir. Məqsədlərinin Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinin götürülməsinə nail olmaq göstərilir.

Xatırladaq ki, sabah-iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. Görüşdən bir neçə gün əvvəl ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə və Baş nazir Nikol Paşinyana zəng edib. Dövlət katibi tərəfləri kompromislərə çağıraraq Brüssel görüşündə sülh müqaviləsi üzrə irəliləyişlərin mümkün olduğunu ifadə edib.

Xankəndində keçirilən etiraz aksiyası şübhəsiz ki, sülh prosesini dayandırmaq üçün beynəlxalq ictimaiyyətə və Paşinyana təzyiq cəhdidir. Maraqlıdır, bu aksiya həm də Xankəndində Paşinyanın “adamı” hesab olunan “dövlət naziri” Qurgen Nersesyanın təşəbbüsü ilə keçirilir. Belə nəticə çıxarmaq olur ki, Paşinyanerməni xislətinə uyğun olaraq ikili oyun oynayır. Danışıqlarda öz mövqeyini möhkəmləndirmək üçün Qarabağ ermənilərindən istifadə etməyə cəhd göstərir. Bu, həm də bölgədə status-kvonun qalmasında maraqlı olan Rusiyanın da maraqlarını təmin etməkdir.

Azərbaycanın reaksiyası Brüsseldə keçirləcək görüşün nəticələrinə uyğun ola bilər. Gözlənilir ki, İlham Əliyev bu görüşdə Paşinyandan Xankəndində qalan Ermənistan hərbçilərinin çıxarılmasını tələb edəcək.

Bəzi ekspertlər Azərbaycan liderinin Ermənistana konkret vaxt verəcəyini istisna etmirlər. Görünür, Paşinyan Bakının bu təzyiqlərini neytrallaşdırmağa cəhd etmək üçün Xankəndində “erməni kartını” işə salıb. Amma təcrübə göstərir ki. Azərbaycan müəyyən etdiyi “yol xəritəsini” addım-adım icra etməkdə davam edir. Ermənistanın və Qarabağda qaan azsaylı erməni separatçıların bütün cəhdləri bu dəfə də səmərəsiz olacaq.

Rasim Əliyev

“AzPolitika.info”