Menu

Ağ Evlə “Fitch” agentliyi arasında qalmaqal – ABŞ-ın kredit reytinqi aşağı salındı

02.08.2023, 16:41
Ağ Evlə “Fitch” agentliyi arasında qalmaqal – ABŞ-ın kredit reytinqi aşağı salındı

“Fitch” reytinq agentliyi ABŞ hökumətinin kredit reytinqini bir pillə - ən yüksək AAA səviyyəsindən AA+ səviyyəsinə endirib.

“AzPolitika.info” ABŞ mediasına istinadla xəbər verir ki, səbəb kimi agentlik hökumətin bütün səviyyələrində - federaldan tutmuş yerli səviyyəyə qədər borc yükünün artmasını və son iyirmi ildə dövlət idarəetmə standartlarının davamlı şəkildə pisləşməsini göstərib.

Bununla belə, endirilmiş reytinq investisiya dərəcəsinə aiddir. Eyni zamanda, kredit reytinqinin aşağı salınması zaman keçdikcə ABŞ hökuməti üçün borclanma xərclərinin artmasına səbəb ola bilər.

“Fitch”in hökuməti AAA reytinqindən məhrum edəcəyi mayın 24-də məlum olub. Sonra Konqress yenidən milli borc tavanını qaldırmağa çalışıb. Bir həftə sonra borclanma limitinin müvəqqəti olaraq götürülməsi və növbəti on il ərzində federal büdcə kəsirinin 1,5 trilyon dollar azaldılması barədə razılıq əldə edilib.

Reytinqin aşağı salınması ABŞ tarixində ikinci dəfədir. 2011-ci ildə Standard & Poor's, milli borc tavanının artırılması ilə bağlı uzun sürən qarşıdurmadan sonra ABŞ-ı ən yüksək AAA reytinqindən məhrum edib. ABŞ Hesabatlılıq Ofisi hesab edir ki, 2011-ci ilin büdcə qarşıdurması həmin il Xəzinədarlıq Departamenti üçün borclanma xərclərini 1,3 milyard dollar artırıb. Ağ Ev “Fitch”in qərarını tənqid edib.

ABŞ-ın maliyyə naziri Janet Yellen də reytinqin aşağı salınması ilə razılaşmadığını bildirib. Nazirin sözlərinə görə, “Fitch”in dəyişikliyi özbaşınadır və köhnəlmiş məlumatlara əsaslanır.

Yellen, ABŞ iqtisadiyyatının pandemiyanın yaratdığı tənəzzüldən tez sağaldığını, işsizlik səviyyəsinin demək olar ki, yarım əsrin ən aşağı səviyyəsi olduğunu və ikinci rübdə artımın illik müqayisədə demək olar ki, 2,5% olduğunu qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol