Menu

Qərbin iki yüz ildir davam edən "ikiüzlü" siyasəti...- İndi də Qubad İbadoğlundan istifadə edirlər

10.08.2023, 22:10
Qərbin iki yüz ildir davam edən "ikiüzlü" siyasəti...- İndi də Qubad İbadoğlundan istifadə edirlər

Son günlər Qərbdəki bir sıra dairələrin fəallıq nümayiş etdirərək Azərbaycanın daxili işlərinə qarışmağa cəhd etdiyinin şahidi oluruq. Azərbaycanın inkişafı və dünyadakı artan nüfuzundan narahat olan bu dairələr, ölkədə mövcud sabitliyi pozmaq üçün müxtəlif yollara əl atırlar. Biz Qərbin bu ikili standartları ilə hələ ötən əsrin 90-cı illərindən tanışıq. Təəssüf ki, Qarabağ məsələsi ilə bağlı danışıqların getdiyi 30 illik müddət ərzində Qərb və bu koalisyanın tabeliyində olan beynəlxalq təşkilatlar hər zaman Ermənistanın maraqlarına uyğun qərarlar veriblər. Məsələn, onlardan ATƏT-in Minsk qrupunun 30 il Qarbağla bağlı apardığı danışıqlar Azərbaycan üçün heç bir müsbət töhfə verməyib. Bu illər ərzində də Azərbaycan dövlətinin əleyhinə çıxış edənləri müdafiə edib, onları mütəmadi olaraq təlimatlandırıb, yeni oyunlarına daxil ediblər.

Qərbin iki yüz ildir yürütdüyü siyasətin təməlində digər ölkələrdə daxili gərginlik yaratmaq və bundan hakimiyyətlərə təzyiq rıçaqı kimi istifadə etmək durur. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycana da təzyiq üçün bu cür rıçaqlar əldə etməyə cəhd göstərilir. Vaxtaşırı bu cür cəhdlər edilir, amma istənilən nəticə əldə olunmur, çünki Azərbaycanda daxili sabitlik, iqtidar-xalq birliyi hökm sürür. 44 günlük müharibədəki tarixi qələbədən sonra isə bu sabitlik və birlik daha da möhkəmlənib. İllərdir “radikal müxalifət” adlanan qruplardan istifadə edən və nəticə əldə etməyən Qərb dairələri indi fərqli personajdan – “radikallıqdan uzaq alim, nəzəriyyəçi professor” Qubad İbadoğludan emissar kimi istifadə etməyi qərara alıblar.

Məlum olduğu kimi, bu günlərdə ölkə ərazisində keçirilən əməliyyat nəticəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev, təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev, o cümlədən, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlu həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Hazırda ilkin istintaqın getdiyi bir dönəmdə Qərbin bu cür davranışlara yol verməsi özünün hər zaman istinad etdiyi beynəlxalq hüquqa, həmçinin Azərbaycan qanunlarına qarşı hörmətsizlikdir.

Onu da qeyd edək ki, Q.İbadoğlunun 44 günlük müharibədən sonrakı fəaliyyəti açıq şəkildə Azərbaycanın qələbəsinə kölgə salmaq, azad olunmuş ərazilərdə aparılan miqyaslı tikinti və quruculuq işlərinə kölgə salmağa yönəlib – ərazilərin bərpası, hava limanlarının, yolların və digər infrastruktur layihələrinin icrası zamanı guya “yeyintilər və korrupsiyanın” olması, azad olunmuş rayonlarda əhalinin torpaqlarının guya “əllərindən alınması” və s. haqda mütəmadi şəkildə açıqlamalar edib. Bununla Q.İbadoğluna tarixi zəfərə kölgə salmaq, bu həssas məsələdə əhali arasında çaşqınlıq yaratmaq, böyük qayıdış prosesini əngəlləmək üçün hazırlanan ssenaridə əsas rollardan biri həvalə olunub. O da məlumdur ki, Q.İbadoğlunun və ümumilikdə bu xəttin arxasında Qərbdəki FETÖ şəbəkəsi və Soros dayanır, həmçinin, açıq şəkildə Virkotiya Nuland dəst-xətti də hiss olunur.

Hər halda Qərb də FETÖ-nün terror təşkilatı kimi tanınmasından xəbardardır. Çünki Türkiyədə çevriliş etməyə cəhd göstərən bu təşkilatın ABŞ tərəfindən dəstəkləndiyi və maliyyələşdirildiyini sübut edən çoxsaylı faktlar mövcuddur.

Q.İbadoğlunun saxlanmasına Qərb ölkələri səflriklərinin reaksiyası da bu prosesin arxasında olduğunu sübut edir. Heç bir ölkənin hər hansı dövlətdəki səfirliyi həmin məkanın sosiumunda və ya daxili siyasi müstəvisində yaşanan proseslərlə bağlı ultimativ qaydada bəyanat verməyə birmənalı olaraq səlahiyyətli deyil, ola da bilməz. Bəyanat həm də sözügedən səfirliklərin mövcud reallıqları dürüst qiymətləndirə bilməməsinin göstəricisidir.

Azərbaycanın bu cür məsələlərə mövqeyinə gəlincə, dövlətimizin mövqeyi birmənalı və açıqdır. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verilməyib və bundan sonra da imkan verilməyəcək!

Rasim Əliyev

"AzPolitika.info"

Şərhlər

Aleks 2023-08-11 14:14:18

Heyif , irasim de bele getdi...

Əhməd 2023-08-11 05:26:05

Sən heç 5azdığıns özün inanırsan, ay ...??düz deməyib də Qubadoğu hə??yoxdurda korrupsiya, yeyinti hə???

Cəmil 2023-08-10 23:50:14

Qərbin bu siyasətinə niyə biz imkan yaradırq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol