ABŞ vitse-prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İŞİD-ə qarşı mübarizə yollarını və Suriya müxalifətini gücləndirməyi müzakirə ediblər.
Bayden Suriyada “siyasi dəyişikliyi” də müzakirə etdiklərini deyib. Bu barədə BBC xəbər verir.
ABŞ İŞİD əleyhinə mübarizədə Türkiyənin daha böyük rol oynamasını istəyir. Türkiyə isə bu planı Suriya prezidenti Bəşər əl-Əsədin hakimiyyətdən kənarlaşdırılması ilə əlaqələndirməyə çalışır.
Bayden Suriya qaçqınlarına göstərdiyi köməyə görə Türkiyə hökumətinə təşəkkürünü bildirib. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Bayden İraq və Suriya böhranlarını hərtərəfli müzakirə etdiklərini bildirib. “Biz beynəlxalq koalisiyanın tərkib hissəsi kimi DAEŞ-in zəifləməsi və nəticədə məğlub edilməsi ilə bağlı gördüyümüz işləri müzakirə etdik”, - İŞİD-i ərəblər kimi DAEŞ adlandıraraq o deyib. Bayden Suriya ilə bağlı bir sıra məsələləri müzakirə etdiklərini bildirib. “İŞİD-ə “təhlükəsizlik sığınacağı” kimi baxılmamalı, Suriyada müxalifət gücləndirilməli və “Əsəd rejimi”dən yeni siyasi rejimə keçid olmalıdır”, - o deyib.
“Biz ABŞ-la əməkdaşlığımızı möhkəmləndirmək və davam etdirmək arzusundayıq”, - Ərdoğan bildirib.
Türkiyəyə 3 günlük səfərə gəlmiş Bayden bildirib ki, humanitar sahədə Türkiyə üzərinə ağır yük düşür. Ölkədə 1,6 milyondan çox Suriya qaçqını var. O, həmçinin Suriyada vətəndaş müharibəsindən zərər çəkmiş mülki şəxslərə əlavə 135 milyon dollarlıq humanitar yardım göstəriləcəyini bəyan edib.
Görüş Suriyaya görə hər 2 ölkə arasında münasibətlərin gərginləşdiyi və Türkiyənin İŞİD əleyhinə mübarizədə rolunun artdığı bir vaxta təsadüf edib. Türkiyə Suriya üzərində qapalı uçuş zonasının yaradılmasını təklif edir, ABŞ isə bu fikri dəstəkləmir.
Xatırladaq ki, Türkiyənin Suriya ilə sərhəddindən xarici mücahidlərin ölkəyə keçidi Bayden və Ərdoğan arasında mübahisəyə səbəb olmuşdu. Ötən ay ABŞ vitse-prezidenti bildirmişdi ki, Ərdoğan təklikdə ona Türkiyənin xarici mücahidlərin Suriyaya keçidinə icazə verdiyini deyib. Türkiyə prezidenti isə bu fikirləri qəzəblə inkar edərək demişdi ki, “Bayden bu sözləri deyibsə, onda onunla münasibətlərimiz mənim üçün bir tarixdir”. Baydenin ofisi vitse-prezidentin üzr istədiyini bildirmişdi. Vitse-prezident isə bildirmişdi ki, bu üzrxahlıq deyil, açıqlamadır.
“Dostlar”
Noyabrın 21-də Bayden baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Davudoğlu hər 2 ölkə arasında “dərin kökləri” olan münasibətləri tərifləyib.
“Biz uzun müddətdir ki, dostluq edirik. Dostumuz və NATO müttəfiqi olan Türkiyəyə yenidən səfərimin üstünlüyü odur ki, biz həmişə bir-birimizlə səmimiyik”, - Bayden deyib.
İŞİD döyüşçüləri bu il İraq və Suriyada geniş əraziləri ələ keçirərək minlərlə insanı öz evlərini tərk etməyə məcbur ediblər. Noyabrın 22-də İraq ordusu Anbar əyalətində əsasən İŞİD-in nəzarətində olan Ramadi şəhərinin müəyyən hissəsini geri qaytarmaq üçün əməliyyat keçirib. ABŞ və müttəfiqləri hava hücumları ilə İraq ordusunu dəstəkləsələr də, Anbar əyalətinin demək olar ki hamısı mücahidlərin nəzarətindədir.
Türkiyə öz sərhəddi yaxınlığındakı Kobani şəhərinin müdafiəsi üçün bəzi kürd döyüşçülərin İraqdan ölkəyə keçidinə icazə verərək hərbi kampaniyalara töhfə verib.


Şərhlər