Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərlə bağlı qərar verməyə tələsmir. Halbuki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarıyla son telefon danışığından sonra Putinin bu ayın sonunda Ankaraya gələcəyini bildirmişdi. Kreml isə hələ ki, susur, səfər xəbərini təsdiq etmir. Putin nədən Türkiyəyə səfər etmək qərarında tərəddüd keçirir?
Konfliktoloq Arif Yunus isə liderlərin Bakıda görüşməsi ilə bağlı Ankara-Moskva arasında müzakirələrin getdiyini açıqlayıb. Hələlik bu müzakirələrin yekunu bəlli deyil, A.Yunus hesab edir ki, avqustun 24-30 aralığında görüşün gerçəkləşməsi mümkündür.
Politoloq Elxan Şahinoğlu isə Putinin Türkiyəyə səfərə getməkdə tərəddüd etməsinin bir neçə səbəb bağlaıyır:
“Birincisi, Rusiya Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlığını davam etdirsə də, iki ölkə arasında fikir ayrılığı yaradan mövzular az deyil. Məsələn, Kreml Türkiyənin Ukraynaya pilotsuz uçuş aparatları satmasından narazıdır. Türkiyə Ukraynaya nəinki pilotsuz uçuş aparatları satır, üstəgəl Ukraynada dron istehsal edən zavodun tikintisinə yardım edir. Yəqin Putin düşünür ki, bu şərtlər altında Türkiyəyə səfər etsə, Ankaranın Kiyevə dəstəyinə göz yummaq məcburiyyətində qalacaq. Putin belə bir görüntünün yaranmasını istəmir”.
Təhlilçi onu da qeyd edir ki, son günlər Rusiya-Türkiyə münasibətlərində suallar yaradan başqa hadisələr də baş verib. Onun sözlərinə görə, Kremlin Rusiya televiziya kanallarındakı rupor-aparıcıları keçmiş illərdə olduğu kimi Türkiyə əleyhinə açıqlamalar verirlər: “Bundan başqa Rusiya hərbçiləri Qara dənizdə üzən Türkiyənin ticarət gəmisinə basqın ediblər. Putinin birbaşa tapşırığı olmadan Türkiyənin gəmisinə basqın təşkil etmək mümkün deyil. Demək, Putin Türkiyə ilə ikili oynayır”.
E.Şahinoğlu hesab edir ki, bu vəziyyətdə Putinin Türkiyəyə səfərinin təxirə salınma ehtimalı var. O, başqa variantların da mövcud olduğunu qeyd edir:
“Putin Ərdoğanı Soçiyə dəvət edə və ya görüş üçüncü ölkələrdən birində baş tuta bilər. Görüş yeri kimi Bakının adı hallanıb. İki ölkənin prezidenti Bakıda görüşərlərsə, bu Azərbaycanın bölgədə artan roluna işarə olacaq. Ancaq görüşün Bakıda baş tutma ehtimalı yüksək deyil. Çünki belə görüntü yaranacaq ki, Putin və Ərdoğan arasında fikir ayrılığı o qədər dərinləşib ki, iki ölkənin lideri başqa ölkədə görüşməyə qərar veriblər. Belə bir görüntü hər iki liderin ziyanınadır. Ərdoğanın Putinlə görüşmək üçün Moskva və ya Soçiyə getməsi isə Türkiyə müxalifəti tərəfindən kəskin tənqid olunacaq. “Putin Ankaraya gəlməkdən imtina etdiyi halda Ərdoğan niyə Moskvaya gedir” sualı səslənəcək”.
Rasim
“AzPolitika.info”

Şərhlər