Menu

“QARABAĞDA ERMƏNİ QALMAYACAQ...” – “Erməni diasporu 5 ildir ki, parçalanıb”

23.08.2023, 16:04
“QARABAĞDA ERMƏNİ QALMAYACAQ...” – “Erməni diasporu 5 ildir ki, parçalanıb”

Rusiyanın qətiyyən sülhə xidmət etməyən Qarabağ siyasətində istifadə etdiyi “alətlər”dən birinin də Rusiyadakı erməni diasporu olduğu heç kimə sirr deyil. Məhz bu diaspora Qarabağın məlum ərazində qalan separatçıların maliyyə və silah təminatında əhəmiyyətli rol oynayan təşkilatlardan biridir. Onun başındakı Ara Abramyanın isə Rusiya xüsusi xidmət orqanlarının qulluğunda durduğu, onların tapşırıqları ilə hərəkət etdiyi məlumdur.

“AzPolitika.info” xəbər verir ki, Rusiyadakı erməni diasporunun başçısı Ara Abramyan avqustun 23-də jurnalistlərlə görüşündə Ermənistanın indiki hakimiyyətini sərt tənqid edərək, onu dünya erməniliyinin maraqlarını satmaqda ittiham edib. 

Abramyan deyib ki, Nikol Paşinyan Qarabağı tam şəkildə Azərbaycan ərazisi kimi tanımaqla təkcə Qarabağ ətrazində qalan ermənilərini “ac” qoymayıb, həm də erməni-rus münasibətlərinə ağır zərbə vurub.

Yəni ki, Qarabağın tam şəkildə Azərbaycan ərzisi kimi tanınması qətiyyən Rusiyanın maraqlarına uyğun deyil və bunu qəbul edən Paşinyan rus-erməni münasibətlərini korlayıb: “Bu, artıq ən aşağı səviyyəyə düşmüş Ermənistan-Rusiya münəsibətlərində də mənfi şəkildə əks olunur. Ermənilər bunu öz üzərlərində hiss edirlər. Rusiya ona qarşı aparılan anti-Rusiya siyasətini yaxşı görür. Bu gün Rusiyanın alternativi yoxdur. Kimdir alternativ? Türkiyə? Mən sülhün əleyhinə deyiləm. Erməni xalqı sülh istəyir, amma nəyin bahasına? Biz nə qədər tez təslim oluruqsa, vəziyyət bir o qədər pisləşir...

Ermənistanda tez-tez deyirlər ki, gəlin Qarabağı verək, sülh qazanaq. Lakin əksinə olacaq, Qarabağda bir nəfər də erməni qalmayacaq”.

Abramyan gileylənib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın tələbi ilə keçirilən son toplantısında Azərbaycana qarşı nə qətnamə qəbul edilib, nə də sanksiya tətbiq olunub. Buna görə Ermənistan hakimiyyətini ittiham edən Abramyan onu da əlavə edib ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra xaricdəki erməni diasporları parçalanmağa başlayıb: “Diaspora 5 ildir ki, parçalanıb. Rusiyada 400 (erməni) milli təşkilatları açılıb və onlar bizi (Rusiya erməniləri ittifaqını-red.) tənqid ediblər, ardınca da tez bağlanıblar. Hamı bir-birinə qarşı çıxır, hamı bir-birini gözdən salır və sonra da istəyirlər ki, bu təşkilatlar hansısa faydalı iş görsünlər”.

Abramyan Paşinyan hakimiyyətinin apardığı daxili siyasəti də “baltalayıb”. O, deyib ki, hökumət Ukrayna müharibəsi nəticəsində Rusiyadan Ermənistana yönələn investisiyadan, maliyyə axınından, ixtisaslı işçi qüvvəsindən lazımınca istifadə etmir və biznes üçün münbit şərait yaratmır.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanda tez-tez Ara Abramyanın Rusiya ermənilərindən Qarabağda qalan ermənilərə yardım üçün topladığı vəsaitləri mənimsəməsi və bunun hesabına milyonçuya çevrilməsi barədə məlumatlar, faktlar dərc edilir. Həmçinin, onun hazırda Azərbaycandakı iri vəzifəlilər və imkanlı şəxslərlə qohumluq əlaqələri olduğu barədə də məlumatlar var.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol