Ölkənin aparıcı idman qəzetinin – “Futbol+” gündəliyinin baş redaktoru Mahir Rüstəmli noyabrın 15-də “Media forum” saytına deyib ki, metrolarda qəzet satışına qoyulan qadağa qəzetçilik institutu üçün faciədir: “Metro insanların sıx gediş-gəliş məkanıdır. Qəzet ən çox metroda satılırdı. “Metroservis” MMC ilə işləmək bizim üçün sərfəli idi, pulumuzu rahat ala bilirdik. Bu firmanın sıradan çıxması qəzetlərə böyük zərbədir. Metroda satışa qadağa qoyulması bizim tirajımıza təsir edəcək, maliyyə böhranından yan ötə bilməyəcəyik. Artıq qəzeti xilas etmək üçün çıxış yolları axtarmağa başlamışıq”.
Mahir Rüstəmli qəzet yayımına indiki münasibəti anlamaqda çətinlik çəkdiyini vurğulayıb: “Bir vaxt deyirdilər ki, yazılı mətbuat elektron versiyalara, saytlara uduzub sıradan çıxaracaq. Amma Azərbaycanda ayaq üstə qala bilən, özünü dolandıran bir neçə qəzet mövcud idi. İndi o nəşrlər böyük zərbə aldı.
Yeni köşklərdə bizim qəzetləri çox az miqdarda satılır. Bu köşklər “Qasid”in qurduğu sistemin yerini alana qədər, biz əvvəlki tirajı bərpa edənədək uzun vaxt lazım idi. Bu problem həll olunmamış metrodan qəzetin yığışdırılması çap mətbuatının sonu deməkdir.
Biz çıxış yolu olaraq abunəçi tapmağa çalışacağıq. Amma bu yolla da yaxın günlərdə böyük uğur qazanacağımıza inanmıram. “Qasid”in borcumuzu qaytarmamağı da işimizi çətinləşdirir. Firmanın bizə 10 min manatdan çox borcu var... Ancaq hansı yola olur-olsun qəzeti yaşatmağa çalışacağıq”.


Şərhlər