“Qərb tərəfdaşları Ukraynanın əks-hücumuna sadiqdirlər, lakin Prezident Volodimir Zelenskinin yekun hədəflərinə nail olunmasına kifayət qədər skeptik yanaşırlar”.

“AzPolitika.info” xəbər verir ki, “SkyNews”-un Ukraynadakı vəziyyətlə bağlı şərhində belə deyilir.

Sky News”-un şərhçiləri qeyd edirlər ki, Rusiya hər zaman Qərbin maraqları üçün təhlükə törədib, ona görə də Qərb dövlətlərinin müdafiə büdcələri həmin təhlükəyə uyğun şəkildə formalaşdırılıb. Lakin Sovet İttifaqı dağılandan sonra bu məsələ bir müddət arxa plana keçib.

Daha sonra isə Vladimir Putin fantastik neft və qaz gəlirlərindən istifadə edərək, Rusiyanı supergücə çevirməyə və NATO-nun genişlənməsinin qarşısını almağa çalışıb. Buna paralel olaraq isə Avropanın Rusiyanın enerjidaşıyıcılarından asılılığı artıb: “Lakin heç kim genişmiqyaslı təcavüzü gözləmirdi. Ancaq Rusiyanın üstünlüyünə baxmayaraq, Ukraynanın müdafiəsi cəsarətli, qəti və effektiv oldu. Ukrayna NATO üzvü deyildi və Qərbin Rusiya ilə birbaşa münaqişədə marağı yox idi. Lakin Rusiyanın işğal niyyəti Avropa üçün birbaşa təhlükə yaradırdı və Ukrayna dözüm göstərməsəydi, Avropanı nə gözləyirdi? Qərb Rusiyanın qalib gəlməsinə imkan verə bilməzdi, ona görə də hədəfin sağlam şəkildə dərk edilməsi Ukraynaya hərbi dəstəyi gücləndirdi”.

Mütəxəssislər qeyd edirlər ki, Qərbin məqəsədi Rusiyanın Avropaya təhlükə törədə bilməməsi, Ukraynanın hədəfi isə bütün ərazilərini işğaldan azad etməkdir. Bu məqsədlər və hədəflər əsas etibarilə bir-birilə uzlaşır və Ukrayna ilə Qərbin vahid cəbhədə çıxış etməsinə şərait yaradır.

Qərb qarşısına qoyduğu məqəsədlərə çatır. Belə ki, Rusiya böyük itkilər verir, onun ordusunun bütün çatışmazlıqları üzə çıxır, Qərb sanksiyaları Rusiya iqtisadiyyatını dağıdır, Rusiya “izqoy” dövlətə çevrilir, Putin Beynəlxalq Məhkəmə tərəfindən axtarışa verilir, NATO genişlənir və sair. Üstəgəl, Putin Priqojinin qiyamı nəticəsində ilk dəfə öz hakimiyyətini real şəkildə itirmək təhlükəsilə üz-üzə qaldı.

Lakin bütün bunlara baxmayaraq, şərhçilər hesab edirlər ki, Qərb böyük ölçüdə hədəflərinə nail olsa da, Ukraynanın öz yekun məqəsədlərinə çatması olduqca problemlidir: ”Rusiya artıq Avropaya real təhlükə törətmir. Qərb bu münaqişə il bağlı hədəfinə çatır. Lakin Ukrayna hələ də Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən qovulması uğrunda ağır mübarizə aparmaqdadır”.

Şərhdə qeyd olunur ki, Qərbdəki liderlərin əksəriyyəti Ukrayna hakimiyyətinin bütünlükdə ölkə ərazisinin işğaldan azad edilməsilə bağlı hədəflərinə real baxmırlar.

Digər yandan, Qərbdə Ukraynaya hərbi dəstəyin sonsuza qədər davam etdirilməsinə qarşı çıxanların sayı artır. Misal olaraq göstərilir ki, “CNN”-in keçirdiyi son sorğuya görə, amerikalıların yarıdan çoxu Konqresin Rusiya ilə müharibə üçün Ukraynaya əlavə vəsait ayırmasının əleyhinədir. Ona görə də Qərb liderləri hər nə qədər Ukraynaya dəstək şüarları sələndirsələr də öz ölkələrindəki reallıqları da nəzərə almalı olurlar: “Sərt reallıq ondan ibarətdir ki, Ukraynanın hədəfləri artıq onun tərəfdaşlarının hədəfləri ilə uyğun gəlmir.

Ukraynalıların əksəriyyəti bütün rusiyalıların ölkə ərazisindən qovulmasını istəyirlər. Bu, Ukraynanın haqqıdır, onun mübarizəsidir, onun gələcəyidir, onun qurbanlarıdır. Daha artıq qurbanlar, dağıntılar, əzablar Ukraynada çox ağır miras, iz qoyacaq.

Lakin sülhün qiyməti nədir?”. Bununla da qeyd olunur ki, Ukrayna üçün hazırkı şəraitdə sülhün qiyməti ərazi itkiləri, mübarizəni davam etdirməyin qiyməti isə çoxsaylı insan itkiləri, dağıntılar və məhrumiyyətlərlə barışmaq olacaq.

C.Məmmədov

“AzPolitika.info”