AZƏRBAYCANA DƏYİŞƏN MÜNASİBƏT

Nurəddin İsmayıl

Azərbaycana baxış dəyişilib. Bir zamanlar Azərbaycanı gücsüz, arxasız, beynəlxalq aləmdə təklənmiş sananlar zəfərlə başa çatan 44 günlük Vətən savaşından sonra dövlətmizin hansı inkişaf yolunu keçməsinin, hansı hərbi-siyasi, iqtisadi gücə sahibləndiyinin fərqində oldular.

Gördülər, anladılar ki, Azərbaycan beynəlxalq şərtlərin zor gücünə diktə olunduğu, savaşda siyasi əngəllərlə, zorən əl qolunun bağlandığı, masada təcavüzkar Ermənistanın xeyrinə güzəştə məcbur edildiyi 30 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycan bu gün xarici siyasətində addım-addım hədəflərini dəqiq müəyyənləşdirmə vərdişinə yiyələnən, ABŞ başda olmaqla Qərbin ikili standartlarının, xristian təəssübkeşliyinin mahiyyətini dərindən anlayan, məkrli İran və Rusiya siyasətinin ağırlığından qurtulmaq üçün önləyici tədbirlər alan, ən müasir hərbi texnika ilə müdafiə qabiliyyətini durmadan gücləndirən, qardaş Türkiyə, İsrail, Pakistan kimi söz sahibi dövlətlərlə dərin, qırılmaz ilişkilər quran ölkə halına gəlmişdir.

Azərbaycan bir çox dövlətlərin qarşılıqlı maraqlarına xidmət edən beynəlxalq iqtisadi projelərdə aktiv iştirakı olan, uzun müddət Qoşulmama Hərəkatına ev yiyəliyi edən, arxasında Türk Dövlətləri Təşkilatının siyasi dəstəyi, mənəvi gücü duran, ərazisindən Qərbin neft, mavi qaz ehtiyacının təmin olunmasına yönəlik kəmərlər keçən əhəmiyyətli dövlətdir. Artıq dövlətimiz onunla zor dili ilə danışanlara öz zorunu göstərdi. Hərbi, siyasi, diplomatik üstünlüklər qələbəmizi şərtləndirdi və Qərblə Rusiya arasında variasiyalar edən əbləh Paşinyan 10 noyabr kapitulyasiya aktına imza atmağa məcbur edildi.

Bir daha bəlli oldu ki, bu marionet dövlət öz gücünü forpostu olduğu Rusiyadan və erməni lobbisinin kapital gücü hesabına kök saldığı Qərb dövlətlərindən alır. Qərbin daha faydalı beynəlxalq oyunlara cəlb olunduğu, Rusiyanın əlinin, onun sığala yatan çiynindən götürüldüyü zaman, bu dövlətin səbatsızlığı, hiyləgər olduğu qədər də qorxaqlığı, siyasi çəkisizliyi, hərb sahəsində qeyri-peşəkarlığı aşkar oldu.

Azərbaycan beynəlxalq şərtlərin onun xeyrinə olduğunu, aparılan 30 illik siyasətin bəhrə verdiyini dəyərləndirərək, millətimizin milli məsələlərdə yekdil olduğunu gözə alaraq hərəkətə keçdi və 30 illik təcavüzə son qoydu. Bir sıra dövlətlərin əlində oyuncağa çevrilən, maşa rolunu oynayan Ermənistan ağaları tərəfindən sahibsiz buraxıldı və öz qınına çəkilməyə zorlandı. Müharibə hər bir dövlətin hansı hərbi, siyasi peşəkarlığa malik olduğunu göstərdiyi qədər, hər bir millətin də nəyə qadir olduğunu ortaya qoyur. 44 günlük Vətən müharibəsi göstərdi ki, özlərini İran-Yunan savaşının qalibi olan 300 spartalı qəhrəmanla müqayisə edərək lovğalanan haylar, doğma torpaqlarının azadlığı uğrunda qəhrəmancasına vuruşan, şəhid olan igidlərimizin şücaəti, hərbi peşəkarlığı, ölməz ruhu qarşısında necə də miskin görünür.

Acı məğlubiyyəti heç bir vəchlə qəbul etməyən, 44 günlük müharibənin uğursluq sindromunu yaşayan, 30 ildə işğal etdiyi ərazilərimizdə törətdiyi vəhşilikləri beynəlxalq aləmdə faş olan, çarəsiz Ermənistan hazırda yaranmış fasilədən, ona verilən vədlərdən bəhrələnmək, güc toplamaq və yenidən hərəkətə keçmək fikrinə düşüb. Hiyləgər erməni təbliğatı dünyaya səs salaraq Qarabağda yaşayan erməni əhalisinin humanitar fəlakətlə üzləşdiyini, guya genosidlə üz-üzə qaldığını beynəlxalq kürsülərə daşıyır və arxalandığı dövlətlərin vasitəsi ilə Azərbaycana hərbi, siyasi təzyiq edə biləcəyini zənn edir.

Azərbaycan Ermənistan və havadarlarının dövlətimizə qarşı yenidən hərəkətə keçməsinin fərqindədir və keçmişin acı təcrübəsindən nəticə çıxararaq əzmlə, siyasi iradə ilə, hazırkı beynəlxalq situasiyanı real dəyərləndirməklə öz məqsədinə doğru irəliləyir. Diş qıcıyanların dişi qırılır, sülh istəyənlərə sülh təklifi edilir.

Əlbəttə, rus sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazilərimizdə, elə o sülhməramlı adını daşıyan missiyanın iştirakı ilə törədilən təxribatlar, silah, canlı qüvvə daşınması, separatçı rejimin himayə olunma faktları tam aradan qalxmayıb və Xankəndində bayrağımız dalğalanmayınca, orada yaşayan erməni əhalisi Azərbaycan qanunlarına tabe edilməyincə bu halların baş verməsi qaçılmazdır.

Laçın buraxılış məntəqəsində Azərbaycanın dövlət orqanlarının fəaliyyəti təmin olunduqdan sonra təşvişə düşən ermənilər Xankəndi iqtisadi rayonun tam şəkildə yurisdiksiyamıza daxil olduğu zamanın daha böyük təşvişini yaşayacağı günü gözləyirlər. Ona görə də Azərbaycan tərəfindən təklif edilən reinteqrasıyanı, humanitar yardımları, qanunlarımıza tabe olmaq çağrışlarını qəbul etmək istəmir, düçar olduqları “böyük ermənistan” xəstəliyinin iy basmış yatağında mürgü vururlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar