Sentyabrın 18-dən 27-dək Haaqa Beynəlxalq Məhkəməsində soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında beynəlxalq konvensiyaya uyğun olaraq Ukraynanın işğalı ilə bağlı Rusiyaya qarşı cinayət işi üzrə ilkin dinləmələr keçiriləcək.
Ukrayna bu iddianı 2022-ci il fevralın 27-də, Rusiyanın hərbi müdaxiləsindən üç gün sonra qaldırıb. Məhkəmə daha əvvəl qərar vermişdi ki, 32 ölkənin Ukraynanın iddiasına qoşulmaq hüququ var - bunlar demək olar ki, bütün Avropa dövlətləri, həmçinin Kanada, Avstraliya və Yeni Zelandiyadır. ABŞ Roma statuna qoşulmadığı üçün onun iddia qaldırmaq hüququ rədd edilib.
İlkin dinləmələr zamanı Rusiya tərəfinin Beynəlxalq Məhkəmənin yurisdiksiyasında olmadığını sübut edəcəyi gözlənilir. "Kiyevin iddiaları əslində BMT Nizamnaməsinə uyğun olaraq xüsusi hərbi əməliyyatın keçirilməsinin qanuniliyinə, həmçinin DXR və LXR-nin statusuna etiraz etməkdən ibarətdir. Sözügedən konvensiyanın bu məsələlərə heç bir aidiyyatı yoxdur", - Rusiya XİN-dən daha əvvəl bildiriblər.
Ukrayna tərəfi hesab edir ki, Rusiyanın Ukraynaya qarşı hərəkətlərində soyqırım əlamətləri var. Sübutlardan biri uşaqların Ukraynadan məcburi çıxarılmasıdır. Xatırladaq ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Prezident Vladimir Putinin barəsində bu cinayətdə rolu olduğu şübhəsi ilə həbs qərarı çıxarıb. Lakin bu məhkəmənin irəli sürdüyü ittihamlara soyqırımı cinayəti daxil deyil.
Sentyabrın əvvəlində BMT-nin Ukraynadakı cinayətləri araşdıran komissiyasının rəhbəri Erik Mouz bildirmişdi ki, BMT-də hələ ki, soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın hüquqi tələblərinə cavab verəcək kifayət qədər sübut yoxdur.
BMT məhkəməsi işin yurisdiksiyasına dair qərar qəbul edərsə, mahiyyəti üzrə dinləmələrin gələn ildən tez baş tutmayacağı və çox güman ki, illərlə uzanacağı gözlənilir.
Haaqa Beynəlxalq Məhkəməsi Ukraynanın Rusiyaya qarşı növbəti iddiasına da baxır. İyun ayında Rusiya tərəfinin iki beynəlxalq konvensiyanı (terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında) pozması iddiası ilə bağlı ilk dinləmələr keçirilib. İddia Ukrayna tərəfindən hələ 2017-ci ildə Rusiyanın Krımı ilhaqı və Donbassdakı silahlı əməliyyatları ilə bağlı qaldırılıb.
Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin əsas məhkəmə orqanıdır. O, Haaqada (Hollandiya) Sülh Sarayında yerləşir və dövlətlər arasında hüquqi mübahisələri beynəlxalq hüquq normalarına uyğun həll edir. Rusiya ümumiyyətlə onun yurisdiksiyasını tanıyır, lakin ayrı-ayrı hallarda mübahisə edir.
Bu məhkəməni eyni zamanda Haaqada yerləşən, lakin BMT orqanı olmayan və Rusiya tərəfindən tanınmayan Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə qarışdırmaq olmaz. Putinin həbsinə order verən BCM olub.
“AzPolitika.info”


Şərhlər
Azpolitka çox sağolun,belə ətraflı və düzgün məlumata görə,özlərini siyasətçi adlandıranlar hələdə Beynalxalq cinayət məhkəməsini Haaqa Beynalxalq məhkəməsinə qarışıq salır.
BMT - nin sedri ..............Quttereş iki üzlü adamdır və BMT - də siyasi bazar ( səs sayları alqi və satqısı) var. Haaqa Beynəlxalq Məhkəməsi ləng, uzun - uzadı, bürokratik metod ilə, vaxt itgisinə yol verir, çox gec qərar qəbul edir. Rusiya qovulmalıdır BMT - dən.
BMT islahatlar etməlidir ki, fəaliyyəti düzgün və ədalətli olsun.