Menu

PAŞİNYAN İRƏVANI İTİRƏ BİLƏR – Yeni paytaxt meri gizli səsvermə ilə müəyyənləşəcək

18.09.2023, 18:17
PAŞİNYAN İRƏVANI İTİRƏ BİLƏR – Yeni paytaxt meri gizli səsvermə ilə müəyyənləşəcək

Məlum olduğu kimi, ötən gün İrəvanın Ağsaqqallar Şurasına (paytaxt meriyası) seçkilərdə Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu hakim “Mülki Müqavilə” partiyası seçicilərin cəmi 32,57% səsini qazanıb. Hakim partiyanın müttəfiqi sayılan, Ermənistanın KTMT-dən və Avrasiya İqtisadi İttifaqından çıxmasının tərəfdarı olan “Respublika” partiyası 11,32% səs toplayıb.

İkinci yeri Paşinyanın keçmiş müttəfiqi Ayk Marutyanın başçılıq etdiyi, qərbyönlü “Milli Tərəqqi” Partiyası tutub. Seçicilərin 18,89%-i ona səs verib. Üçüncü yerdə 15,43% səs ilə rusiyayönlü “Ana Ermənistan” bloku qərarlaşıb. Nəhayət, İrəvanın Ağsaqqallar Şurasına seçilən son partiya qalmaqallı bloqer Vardan Qukasyanın “İctimai səs” partiyası olub. O, seçicilərin 10 faizə yaxınının səsini ala bilib.

Beləliklə, İrəvan merini seçəcək Ağsaqqallar Şurasına hakim partiyadan 24, Ayk Marutyanın partiyasından 14, rusiyayönlü “Ana Ermənistan”-dan 12, Paşinyanın müttəfiqi “Respublika”-dan 8, “İctimai səs”-dən isə 7 nəfər düşüb. Təkbaşına mer seçmək üçün 33 səsə ehtiyac olduğunu nəzərə alsaq, görərik ki, hakim partiya və onun müttəfiqinin birlikdə səsi 32-dir(24+8). Digər 3 partiyanın birgə səsi isə 33-dür. Lakin bu 3 partiyanın koalisya yarada biləcəyi böyük sual altındadır. Çünki İrəvanın sabiq meri, Paşinyanın adamı kimi tanınan, lakin sonradan hakim partiya ilə münasibətləri pozulan, mer vəzifəsindən getməli olan Marutyanın rusiyapərəst qüvvələrlə birləşməsi o qədər də inandırıcı görünmür. Həmçinin, rusiyapərəstlər qalmaqallı Vardan Qukasyanın da “ipinin üstünə odun yığa” bilməzlər. Baxmayaraq ki, bu gün Ermənistan mətbuatında Qukasyanın “Ana Ermənistan”-la ittifaqa girməyə hazır olduğuna dair məlumatlar yayılıb.

Lakin Paşinyandan bərk incik düşmüş Marutyan rusiyapərəstlərlə və Qukasyanla birləşsə, İrəvan meri postunu özünə geri qaytara bilər. Bu o deməkdir ki, İrəvan Paşinyanın əlindən çıxacaq...

Məsələnin hüquqi prosedur tərəfinə gəlincə, qalib siyasi qüvvə səslərin 50 faizdən çoxunu toplaya bilmədiyi halda, İrəvan meri Ağsaqqallar Şurasının gizli səsverməsi nəticəsində seçilir. Bu halda namizədlərin heç biri 33 səs toplaya bilmirsə, ikinci tur keçirilir. İkinci turda 33 səs toplamaq vacib deyil, yalnız səs çoxluğu qazanan mer seçilir. Nəhayət, ikinci turda da səslər eyni olsa, o zaman yaşca böyük olan namizəd qalib elan olunur.

Nəzərə almaq lazımdır ki, istər Marutyanın, istərsə də Qukasyanın seçiciləri vaxtilə Paşinyana səs vermiş, lakin sonradan onun hakimiyyətindən narazı qalmış insanlardır. Lakin onlar rusiyapərəstləri də qəbul etmirlər və bir növ Paşinyanın xəttini davam etdirən, lakin ondan daha bacarıqlı namizəd axtarışındadırlar. Bunu nəzərə alsaq, sözügedən iki partiyanın rusiyapərəst qüvvə ilə birləşməsi çətin görünür. Həm Marutyanın, həm də “Ana Ermənistan”ın nə öz aralarında, nə də hakim partiya ilə anlaşması az ağlabatandır. Nəticədə, Paşinyan hakimiyyətinin İrəvandakı mövqeyi demək olar, dünənə qədər qalmaqallı, açıq söyüşlə, təhqirlə tanınan bloqer Qukasyanın “kefindən” asılı vəziyyətə düşür. Onun partiyası hakim koalisiyaya cəmi bir səs versə, İrəvanın növbəti meri Paşinyanın adamı olacaq...

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol