Qərb regionda Rusiyanı əvəz etsə, Azərbaycan hansı addımları atacaq?
Azərbaycan ordusunun uğurlu anti-terror əməliyatından sonra yaşayış məskənlərini təcili tərk etmiş ermənilərin sonrakı aqibətinin necə olacağı onların öz seçimlərindən asılıdır. Lakin hiss olunur ki, bu adamlar nə baş verdiyini hələ də anlamırlar...
Rusiya imperiyasının gətirib Qarabağa tökdüyü ermənilər 200 illik təxribatçı əməllərinin acı nəticəsilə üzləşdilər. Bundan sonra onlardan kimlərinsə geriyə qayıdıb Azərbaycana reinteqrasiya olunmağa razılaşması perspektivini soyuqqanlıqla və normal qarşılamalıyıq. Amma ilk baxışdan görünən odur ki, inteqrasiyaya hazır olanların sayı hələ ki, çox azdır. Yəqin ki, qorxurlar və bunun da başlıca səbəbi keçmişdə törətdikləri əməllərdir. Onlar elə zənn edirlər ki, biz də onlar kimi davrancağıq, çünki hər şeyi öz xislətləri ilə ölçürlər.
Bir də ki, sıravi insanlardan heç də hər şey asılı deyil və geriyə qayıtmaq istəyənləri müxtəlif bəhanələrlə Ermənistandan buraxmaya da bilərlər. Elə düşünməyək ki, ermənilərin üzərindən yenidən bizə qarşı xoşagəlməz təbliğat kampaniyasına başlamaq istəyən güclər yoxdur...
Ermənilər tarixi çöküş yaşayırlar və onların öz qarşılarına qoyduqları demək olar, bütün layihələr məhv olub. Onlar meqa strateji məqsədləri olan “Böyük Ermənistan”ın qurulması istiqamətindəki bütün əngəlləri ortadan qaldırmağı planlaşdırmışdılar. Həmin plan çərçivəsində “erməni məsələsi” həll edilməli, Türkiyə uydurma genosidə görə kompensasiya ödəməli və ərazi güzəştə getməliydi. Lakin bunun mümkünsüz olduğunu anlayan ermənilər və tərəfdarları Türkiyəyə qarşı irəli sürdükləri iddiadan müvəqqəti əl çəkib daha “zəif bəndə” hücum etməyi qərara aldılar. Sözügedən “zəif bənd” isə SSRİ-nin dağılmasından sonra təzəcə müstəqilliyini əldə etmiş və hələ özünü dövlət kimi möhkəmləndirə bilməyən Azərbaycan Respublikası idi.
Rusiyanın bölgədəki “parçala hökm sür” siyasətinə xidmət edən və hər cür mənfur əməli törətməyə hazır vəziyyətdə dayanmış ermənilər “miatsum” ideyasını həyata keçirməyə girişdilər. Nəticədə beynəlxalq hüquqa məhəl qoymadan Kremlin hərtərəfli yardımı ilə torpağımızın bir hissəsini qamarlaya bilmişdilər. Bəli, 1990-cı illərdə Azərbaycan zəif idi, müvafiq tələblərə cavab verə biləcək ordumuz yoxuydu, hələ üstəlik, iqtisadiyyatımız böyük qaçqın kütləsinin ağır yükünü daşımaq məcburiyyətində qalmışdı. Bizim strateji müttəfiqimiz Türkiyə də indiki qüdrətə malik deyildi...

Amma bizim bir yolumuz vardı: səbrli olmaq, zamanın şərtlərini düzgün dəyərləndirməklə güclü döyüş qabiliyyətinə malik ordu yaratmaq. Onsuz da öncədən bəlliydi ki, danışqlar vasitəsilə ermənilər tərkisilah olub işğal etdikləri rayonlardan çıxmayacaqlar. Nəticədə aparılan uzun müddətli ağır iş, ardıcıl fəaliyyət sayəsində qarşıya qoyulan tarixi tapşırığın öhdəsindən müvəffəqiyyətlə gəlindi. Bundan sonrakı mərhələnin xarakteri fərqli meyarlara söykənəcək.
Otuz il bundan əvvəl Rusiyanın bölgədə ermənilərə münasibətdə hansı siyasəti yürütməsinə baxmayaraq , hazırda vəziyyət geostrateji mübarizə üzündən dəyişib. Belə olan təqdirdə təbii ki, biz də ilk növbədə Moskvanı neytrallaşdıraraq öz maraqlarımız kontekstində Qarabağ məsələsini həll etdik. Ancaq otuz il bundan öncə arxa planda dayanan Qərb dünyası xeyli aktivləşməyə başlayıb və konkret Rusiyanı əvəzləmək niyyətindədir. Bəs, əgər Qərb Rusiyanı Ermənistandan vurub çıxararsa, bölgədə hansı siyasəti aparmağa üstünlük verəcək? Biz nə Rusiya, nə də ki, Qərbə tərəf qətiyyən meyllənməməliyik.
Azərbaycanın yalnız bir strateji müttəfiqi var - Türkiyə! Əgər geostrateji rəqabət fonunda bizimlə yaxınlaşmaq istəyən başqa qüvvə olarsa, onunla əlaqələrimizi öz maraqlarımız əsasında qura bilərik.

Qərbin bizə qarşı yeni təzyiq metodlarından istifadə edəcəyi ehtimalını hesabdan silməyək. Buna görə də onların “yazıq ermənilər etnik təmizlənməyə məruz qalıb” şüarlarına layiqli cavab verilməlidir. Elə düşünməyək ki, Fransa kimi dövlətlər və ələlxüsus da separatçı tör-töküntülər dinc oturacaqlar. Yalan və böhtan kampaniyası, hətta sərhəd boyu təxribat əməllərinə hazır olmalıyıq. Beynəlxalq təşkilatlara elə təklif və arqumentlər irəli sürməliyik ki, onların hamısının səsi birdəfəlik kəsilsin. BMT müşahidə missiyasına real mənzərə gərəkli şəkildə göstərilməlidir ki, məkirli qüvvələr suveren ərazimizi mübahisəli və gərgin ocaq kimi təqdim edə bilməsinlər.

Biz dəfələrlə Qarabağı tərk edən ermənilərə “evlərinizi tərk etməyin, sizin təhlükəsizliyiniz və bütün hüquqlarınız tam şəkildə təmin olunacaq” demişik və bu, ən yetərli arqumentdir. ABŞ başda olmaqla Qərb dünyası erməniləri öz geostrateji mübarizəsində alət edərsə, onları müxtəlif təhriklərlə təxribata çəkərsə və Ermənistan hakimiyyəti də buna məmnuniyyətlə gedərsə, o zaman vəziyyətləri daha da ağırlaşacaq.
İstər Ermənistan və istərsə də bizim üçün ən yaxşı variant iki ölkə arasında sülh müqaviləsinin bağlanmasıdır. ABŞ və Avropa bölgəyə sülh və əmin-amanlıq gətirmək niyyətindədirlərsə, açıq şəkildə bu müqavilənin tərəfdarı kimi çıxış etməlidirlər. Əks halda, əlavə baş ağrıları gətirəcəkləri üçün onları bu məsələdən uzaqlaşdırmaq lazımdır. Bunu isə, region dövlətlərinin birgə səyləri nəticəsində həyata keçirmək olar.
Vaqif Nəsibov
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanmışdır.


Şərhlər
Rusbaşlatrın başı elə Prezident Aparatında və Nazirlər KabinetindədirOna görə Azəbaycan qeyri-müəyyən vəziyyətdədir.Bir də ki,Azərbaycan sərvətlərinin xaricə daşınmasına imkan verənlər kimlər olduğuna diqqət edin.Bu necə özbaşına ola bilər?Bu idarə olunan və müəyyən YAP-çılata imkan.verildiyinə sübutdur.Adi vətəndaş xaricə gedəndə 1000 dollardan artıq keçirə bilmir.
Fizuli adı ilə yazana: Sizinlə tamamilə razıyam, ancaq bizim öz aramızda Türkiyəni sevməyən, rusu daha çox sevənlər məncə bəs qədərdir və mən onları xalqımızın düşməni hesab edirəm...
Cənab Fizuli , Azərbaycan məmurlarının zəngin var - dövləti , saysız - hesabsız , möhtəşəm, milyonlarla dollar dəyərində mülkləri var qərb ölkələrində, həmçinin, məmurların övladları
keyf edirlər bu ölkələrdə .
Sual olunur , qərb pisdirsə , niyə , məmurlar milyonlarla məbləqdə oqurladıqlarını, qeyri qanuni,
Dövlət Büdcəsindən mənimsədiyi pulları qərb ölkələrində Bank -larda saxlayırlar ??????????
Hər şey özümüzdən asılıdır.Biz güclü olduqca,ermənini dəstəkləyənlərin səsi batacaq.