İSRAİLİ, YOXSA FƏLƏSTİNİ?...

Nurəddin İsmayıl

Dövlət başçısı İlham Əliyev Qranadada keçirilən görüşdə iştirakdan vaz keçdi və düz etdi. Ermənistanı özünə kumir seçən Fransa və onun arxasınca sürünən Almaniyanın qatıldığı bu formatda Azərbaycanın qardaş Türkiyəsiz iştirakı məqbul hesab edilə bilməzdi.

Mövzu Azərbaycan-Ermənistan məsələsidirsə, söhbət geniş mənada Cənubi Qafqazdan, bu bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsindən gedirsə, bu işdə adı çəkilən dövlətlərdən fərqli olaraq Türkiyənin daha çox haqqı var. Coğrafi yaxınlıq, tarixi bağlılıq, regionda baş verən münaqişələrin həllində qərəzsiz iştirak, ta Osmanlı zamanından üzübəri bölgə xalqlarının adət-ənənəsinə, birgəyaşıyış qaydalarına sayqı, ərazi bütövlüyünün, müstəqil dövlət quruluşunun qorunmasında heç bir dini ayrıseçkiliyə, ikili standarta yol verməməsi Türkiyənin Cənubi Qafqazda nüfuz dairəsinin artmasını şərtləndirən amillərdir. Bunun əksinə olaraq Fransa, Almaniya eləcə də əsrlədir Qafqazı bütövlükdə əsarətində saxlayan Rusiya Cənubi Qafqazda münaqişə alovunun qızışdırılmasında, bu münaqişələrdə barışdırıcılıqdan çox tərəfə çevrilməsində, qanlı münaqişələrin qalıcı olmasında maraqlı olmuş, bölgənin tarixi varislik üzrə şəkillənməsini önləyən hər cür hərbi, siyasi, ekpansionist çabalar göstərmişdir.

Azərbaycanla Ermənistan arasında 30 ildən çox davam edən münaqişə və bu münaqişədə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransanın sərgilədiyi ermənipərəst mövqe, birinci və ikinci Qarabağ müharibəsində ölkəmizi “etnik təmizləmə”də, “humanitar fəlakət”də suçlama cəhdləri, təcavüzkar, işğalçı Ermənistana hərbi texniki yardımlar göstərməsi, beynəlxalq kürsülərdə onun müdafiəsinə qalxması bu ölkənin qərəzli, hiyləgər planlarından xəbər verir. Bütün bu gedişatları, məkrli oyunları diqqətlə izləyən, bu gedişlərin hansı məqsəd daşıdığını diplomatik həssaslıqla izləyən ölkə rəhbəri hər iki ölkə üçün strateji əhəmiyyat daşıyan beynəlxalq məsələlərdə qardaş Türkiyə ilə bir mövqedən çıxış etmənin zərurətini çoxdan öz xarici siyasət prioritetinə daxil edib. Hadisələrə çevik siyasi reaksiya, qlobal dəyişilmələrdə ölkəni kataklizmlərdən qorumaq bacarığı, mənsub olduğu hər bir sayca kiçik ölkənin idarəçiliyini həyata keçirən rəhbəri dərindən düşündürməli və hadisələrin yedəyində qalan ölkələrin acı təcrübəsindən nəticə çıxarmalıdır. Məhz bu təcrübədən çıxış edən Prezident İ.Əliyev Ermənistanla sülh sazişinə dair Avropada keçirilən görüşlərin Fransanın iştirakı olmadan, olursa Türkiyənin iştirakı təmin edilməklə baş tutmasının tərəfdarı olduğunu açıq nümayiş etdirdi. 

Hazırda dünya Yaxın və Orta şərqdə daha amansız xarakter alan İsraillə Fələstin arasında assimetrik hibrid savaşın qorxusunu yaşayır. İki gündür “Həmas” və “Hizbullah” terror təşkilatları İsrailə qarşı ölkənin dinc sakinlərinin çoxsaylı ölümü ilə nəticələnən raket zərbələri endirir. Buna adekvat olaraq İsrail də Qəzza bölgəsini, “Həmas” qrupunun rəhbərlərinin gizlənməsi ehtimal olan yerlərinə raket zərbələri endirir.

Azərbaycan bu məsələdə hansı mövqe tutmalı? 

Son Qarabağ savaşında ölkəmizə hərbi, siyasi, mənəvi dəstək verən İsrailinmi, yoxsa müsəlman ölkəsi olmasına baxmayaraq Qarabağda etnik azlıq ermənilərə müstəqil dövlət haqqı tanıyan Fələstin yönətiminin yanında yer almalıdır? Fikrimizcə, başlanan bu müharibədə İsrailə dəstək verən ictimai sektordan fərqli olaraq rəsmi dövlətin əsas mövqeyi hansı tərəfdən törədilməsindən asılı olmayaraq dinc əhalinin ölümünə qarşı yönəlmiş bu cür terror aktlarını qətiyyətlə pisləməkdən, tərəfləri tez bir zamanda bu hərbi qarşıdurmaya son qoymağa çağırışdan ibarət olmalıdır. Açıq müdafiə xətti terror təşkilatlarının himayədarı olan dövlətləri üstümüzə yönəltmək, erməni məsələsi tam bitməmiş ölkəmizə qarşı yeni cəbhə açmaqla nəticələnə bilər. Biz “Həmas” və “Hizbullah”ın hansı dövlətlər tərəfindən himayə olunduğunun fərqində olmalıyıq. Azərbaycan-İsrail əlaqlərinin yaxşılaşmasına, uzun illərdən sonra bu ölkədə səfirliyimizin açılmasına görə İranın hansı hoqqalardan çıxması, guya Azərbaycanı İrana qarşı üçüncü ölkənin casus şəbəkəsinə, hərbi platsdarmına çevirməsi ilə bağlı absurd, eyni zamanda təhdidedici bəyanatlarını yaddan çıxarmamalıyıq. Biz İsraillə hər cür siyasi, iqtisadi, hərbi əməkdaşlığımızı inkişaf etdirməklə, bizi Fələstindən dolayı müsəlman dünyası ilə üz-üzə qoyan siyasətdən uzaq olmalıyıq.

Fikrimizcə, bu məsələdə də mövqeyimiz Türkiyənin izlədiyi xətlə üst-üstə düşməlidir.

635x100

Şərhlər

Watchman 2023-10-09 19:12:16

Sizin nə vaxt öz fikriniz olub ki?

Son yazılar