BÜTÖV AZƏRBAYCANA DOĞRU

Nurəddin İsmayıl

Bir çox xalqlar, ölkələr kimi, Azərbaycan da tarixin müxtəlif dönəmlərində işğala, ilhaqa və sonda imperialist güclərin apardığı ədalətsiz siyasətin qurbanına çevrilərək parcalanmaya məruz qalıb. 

Bu baxımdan 12 oktyabr 1813-cü il Gülüstan və 10 fevral 1828-ci il Türkmənçay müqavilələri xalqımızın qan yaddaşında mənhus bir tarix kimi qalacaq. Bu tarixlər çar Rusiyası və Qacarlar dövləti arasında bağlanan Gülüstan və Türkmənçay müqaviləsi ilə vahid bir toplum olan Azərbaycan xalqının parçalandığı, tarixi ərazilərinin şovinist fars və rus dövləti arasında bölüşdürüldüyü günlərdir.

Bir çox dövlətlər tarixin verdiyi fürsətdən yararlanaraq yenidən vahid dövlət halında birləşmək haqlarına yiyələnsə də, vahid Azərbaycan dövlətinin yaranmasından canına üşütmə düşən dövlətlər, özəlliklə Yaxın Şərqdə və Cənubi Qafqaz bölgəsində imperialist maraqları üst-üstə düşən Rusiya, Böyük Britaniya, Fransa kimi nəhəng dövlətlər Azərbaycana öz tarixi ərazilərində vahid dövlət qurmaq imkanını vermədilər. Vahid coğrafi əraziyə, vahid dilə, qədim soydaşlığa söykənən və bu gün Güney və Qüzey Azərbaycan deyə birləşmə harayını çəkdiyimiz bir xalq iki yerə parçalanaraq, yarısı fars-pəhləvi–molla rejiminin, yarısı çar və sonradan bölşevik Rusiyasının təbəəliyini qəbul etməyə zorlandı. İki yüz ilə qədər Rusiya müstəmləkəsinin əsarətində qalan Qüzey Azərbaycan böyük ərazi itkiləri, soyqırımlar, qanlı fəlakətlər, repressiyalar, deportasiyalar hesabına başa gəlsə də, sonda öz müstəqilliyini əldə edə bildi. Lakin Güney Azərbaycanda yaşayan soydaşlarımız nəinki dövlət qurma haqqından, eləcə də tərkibinə qatılıdğı İran dövləti ərazisində insan kimi yaşamaq, öz dilində təhsil almaq, mədəniyyətini, soyunu yaşatmaq kimi doğal haqlardan da məhrum edildi.

Bu müqavilələrin hər bəndinə nəzər saldıqca o taylı-bu taylı Azərbaycanın başına gətirilən bəlaların məhz həmin tarixlərdən qaynaqlandığının şahidi oluruq. Məhz Gülüstan sazişinin daha amansız formada davamı olan Türkmənçay müqaviləsinin ağır şərtləri min ildən artıq İran dövlətinin başında duran türk soyunun dövlət qurma haqqının danılmasına, 30 milyondan çox güneyli soydaşımızın milli haqlar tanımayan fars rejiminin əsarətində qalmasına stimul vermişdir. Məhz həmin müqavilənin ağır şərtləri Qüzey Azərbaycanın 200 ilə qədər zaman kəsiyində Rusiyanın qanlı caynaqlarında boğulmasına, ayrı-ayrı dövrlərdə “parçala, hökm sür”, köçürmə siyasətini yeridərək tarixi ərazilərimizin azğın ermənilərə peşkəş edilməsinə səbəb olmuşdur. Məhz dünənə qədər ağrısını yaşadığımız Qarabağ problemi, yüz minlərlə soydaşımızın Qərbi Azərbaycandan deportasiya edilməsi, tarixi ərazilərimizə böyük sayda erməni köçünün başlanması, Borçalının, Dərbəndin əldən verilməsi o mənhus müqavilələrin ədalətsiz şərtlərindən irəli gəlmişdir.

Biz öz tariximizi dərindən öyrənmədikcə, başımıza gələn müsibətlərin səbəblərinin nədən qaynaqlandığını dəqiqləşdirmədikcə, dostun kim, düşmənin kim olduğunu aydınlaşdırmadıqca, tarixi səhvlərimizdən ibrət götürmədikcə qloballaşan, daha mürəkkəb sferaya daxil olan dünya siyasətinin içində əriməyə məhkum olaçağıq. Biz öz siyasətmizdə oğru, qaraçı, özgə torpaqlarına göz dikən ermənini göz önünə alıb onun arxasında duran, ərazilərimizi işğala məruz qoyduran, lobbilərini gücləndirib üstümüzə saldıran Rusiyanın, Fransanın, İngiltərənin, ABŞ-ın məkrli planlarını bir anlığa unutsaq daha böyük itkilərə, millətimiz haqqında daha böyük ədalətsiz hökmlərin çıxarılmasına şahid olaçağıq. Tarixi unutqanlıq millət üçün böyük fəlakətlərə yol açır. Məhz fars kimliyinin arxasında duran hiyləgər və qəsbkar niyyətləri unutmağımız yenidən məzhəbçi bir zehniyyətin din pərdəsi altında mühitimizə soxulmasına, məhz rus qəsbkarlığını, onun davamlı olaraq maddi, mənəvi sərvətlərimizi talamasını, zəka sahiblərimizi repressiyaya uğratmasını, milli kimliyimizi assimilyasiyaya məruz qoyma cəhdlərini unutmağımız sonda Rusiyanın müstəqilliyimizə qənim kəsilməsinə, məhz tarixi ərazilərimizdə məskunlaşıb yox yerdən dövlət quran ermənilərin iyrənc və məkrli planlarını vecə almamağımız sonradan onların üstümüzə ayaq açmasına münbit şərait yaratmışdır.

Biz iki yüz il bundan əvvəl bağlanmış və bir xalqı iki yerə ayırmış Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərini dəyşdirmək üçün tarixi şəraitin yetişdiyinin fərqində olmalı, bu ədalətsiz saizişləri bizə sırıyan, bu gün də vahid, bütöv Azərbaycan ideyasının gerçəkləşməsi yolunda əngələ çevrilən dövlətlərin çağımızda millətimizə qarşı yönələn təcavüskar niyyətlərini neytrallaşdıran siyasət izləməliyik. Maariflənmə, siyasi təbliğat o istiqamətdə getməlidir ki, hər bir azərbaycanlı bizi parçalayan bu müqavilələrin hər bir bəndini bilməli, hər bir kəs erməni sevimlisi qraf Paskeviçi, Yermalovu, Gəncəni qətlima yetirən Sisyanovu, türk soyuna, Azərbaycan varlığına həqarətlə baxan Rza pəhləvini, Güney Azərbaycanda soydaşlarımıza haq tanımayan, millətimizin qanına susayan, məzhəb davasını ümmətin fövqündə qoyan ayətulla-molla rejiminin qabaqda gedənlərini tanımalı və unutqan olmamalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar