Rüfət Əhmədzadə

Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın nümayəndəsi olan Yeqişe Kirakosyan Ermənistanın müvəqqəti tədbirin tətbiqi çərçivəsində Ermənistanın Azərbaycana qarşı on qısa iddiasını təqdim edib.

“Hraparak” xəbər verir ki, Yeqişe Kirakosyan qeyd edib ki, rəsmi İrəvan Azərbaycana qarşı 10 şərt (və ya tələb) irəli sürüb.

“Tələblərə” görə, guya Azərbaycan 2023-cü il sentyabrın 19-dan sonra girdiyi rayonlardan hərbçi və hüquq-mühafizə orqanları əməkaşlarını çıxarmağa “borcludur” və separatçı rejimin nümayəndələrini, həmin rejimə rəhbərlik edən “şəxsləri təqib etməməlidir”. Həmçinin, tələblər sırasında Qarabağdakı ermənilərin qaz, işıq və su ilə təminatı, humanitar yardımlar və BMT nümayəndələrinin səfərlərilə bağlı tələblər var. Digər tərəfdən, Ermənistan həyasızlıqda bir az da irəli gedib və əli Azərbaycan xalqının qanına bulaşan şəxslərin heykəlləri və işğaldan sonra qurulmuş “soyqırım abidəsi”ni mədəni irs kimi qəbul etdirməyə çalışıb.

Ən sonda isə həyasızlığın zirvəsi müşahidə olunur: “Azərbaycan qanuni vətəndaşlıq reyestrlərini, şəxsiyyəti təsdiq edən sənədləri, mülkiyyət hüquqlarını və Dağlıq Qarabağın hakimiyyət orqanları tərəfindən yaradılmış reyestrləri tanımağa və nəzərə almağa borcludur. Azərbaycan bu reyestrləri və sənədləri məhv etməməyə və müsadirə etməməyə borclu olmalıdır”.

Bir vaxtlar – daha dəqiq desək, üç il bundan əvvəl də Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana qarşı 7 şərt irəli sürmüşdü. Sonra isə, kim bilir, harda gizlənib 10 noyabr bəyannaməsini imzalamışdı... Görünür ki, Ermənistan uduzduqca, tələbləri və istəkləri daha da artır.

Bu barədə bir neçə dəfə yazmışıq. Ermənistanın illər boyu Qarabağda erməni sayını artırmaq üçün gah Ermənistandan, gah Livandan, gah da Suriyadan erməni ailələri köçürməsi barədə dünya mediasında da faktlar var. Bu barədə BBC-nin bir neçə reportajı var. Xüsusilə də, 30 il ərzində Qarabağı tərk etmiş ermənilər birdən-birə “sentyabr qaçqını” olur və onların yadına “Qarabağa qayıtmaq düşür”. Buyursunlar, qayıtsınlar. Azərbaycan xalqına – günahsız insanlara qarşı cinayət işlədənlər cəzalanmalıdır və cəzalanacaqlar. Bunu beynəlxalq konvensiyalar da tələb edir.

Və reyestrdən danışarkən, Ermənistan tərəfi məhz bu tələbi qorxusundan irəli sürüb – Çünki illər boyu yaradılmış “etnik ermənilər”lə bağlı sabun köpüyü bir anda dağıla bilər.

Hazırda həbsdə olan Qukasyan, Saakyan, Arutyunyan və Vardanyan kimi şəxslərin cinayətlərinə əmin olmaq elə də çətin deyil. Beynəlxalq məhkəməyə məhz “Google” kömək edə bilər. Gəncə və Bərdənin bombalanmasını şəxsən özü əmr etdiyini Araik Arutyunyan demişdi. Ruben Vardanyanın qanunsuz silahlı birləşmələrə maddi dəstək verdiyinə və müharibəyə çağırdığına dair də, öz dilindən yetərincə sübutlar var.

O ki qaldı, Qarabağ ermənilərinin işıq, qaz və su ilə təchizatına... Bu məsələ çoxdan həllini tapıb. BMT nümayəndələri də istədikləri vaxt gəlib Qarabağı gəzə bilirlər. Ola bilər ki, bu gəzinti o qədər xoşlarına gəlsin, yenə də xahiş etsinlər... Turist kimi, heç bir problem yoxdur.

Humanitar yardım karvanlarına da kimsə maneə törətmir. Abidələr barədə danışarkən, Azərbaycan hətta Bakıda olan erməni kilsəsinə dəyməyibsə, ermənilərin (əslində Qafqaz albanlarının) Qarabağda kilsə və məbədlərinə niyə toxunsun?

Pardon, dinc insanların qanını tökən, Kəlbəcər sakinlərinə evlərini tərk etmək üçün 2 saat vaxt verən, yüzlərlə insana işgəncə verib öldürən Melkonyanın heykəlini saxlamalıyıq?

Yaxud, heç bir tarixi irslə əlaqəsi olmayan, sonradan Amerika ermənilərinin sifarişi və pulu ilə quraşdırılmış “soyqırım abidəsi”ni qorumalıyıq?...

Belə yerdə, sadəcə bir cavab var: OK.