Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın İsrailə məlum hücumundan sonra rəsmi Tel-Əviv Qəzza zolağını bombalayaraq intiqam almağa çalışır. Əvvəlki dörd hücumdan fərqli olaraq, bu dəfə İsrail administrasiyası Qəzzada “HƏMAS-ı tamamilə məhv edənə qədər” dayanmayacaqları mesajını verib.
Bəs Qəzzaya quru əməliyyatının gündəmdə olduği bir vaxtda İsrail hökuməti nəyi planlaşdırır?
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, İsrailin əsas hədəfi HƏMAS-ı hərbi və inzibati qanadı ilə birlikdə tamamilə zərərsizləşdirməkdən ibarətdir. Burada ordunun qarşısındakı ən böyük maneə israilli girovların olmasıdır.
Netanyahu administrasiyası girovları xilas etmək üçün HƏMAS ilə danışıqlar aparır. Digər tərəfdən isə ABŞ əsgərlərinin də iştirak edə biləcəyi mümkün girov xilasetmə əməliyyatı üzrə planlar qururlar.

Hərbi ekspertlər İsrail ordusunun şəhər müharibəsində HƏMAS döyüşçülərinə qarşı çoxlu sayda itki verə biləcəyini deyirlər. Ümumi fikir ondan ibarətdir ki, HƏMAS-ı ləğv etmək çox vaxt aparacaq və bu, İsrailə baha başa gələcək. Siyasi analitiklərin fikrincə, İsrail Qəzzanı HƏMAS-dan “təmizlədikdən” sonra orada qalmaq fikrində deyil.
Bir çox ekspertlər isə HƏMAS-ın Qəzzada dərin iqtisadi, dini və sosial bazasının olduğunu, bu qruplaşmanın tamamilə sıradan çıxarılmasının mümkün olmadığını düşünürlər.
Netanyahu hökumətinin başqa bir variantı isə Qəzza zolağının tamamilə ələ keçirilməsi və uzunmüddətli perspektivdə saxlanmasıdır. Bu variant isə böyük hərbi və iqtisadi itkilərə səbəb olacağından mümkün hesab edilmir.

Regional ekspertlər deyirlər ki, “İsrailli siyasətçilərin son istədiyi şey İsrail ordusunun hər həftə Qəzzadan gələn əsgər ölüm xəbərləridir”. Bununla belə, Netanyahunun ifrat sağçı hökumət tərəfdaşları və ictimaiyyətin təzyiqləri qarşısında əvvəlkilərə bənzər qısamüddətli “intiqam əməliyyatı” ilə kifayətlənəcəyi də bəlli deyil.
Qəzzada Fələstin administrasiyasının yaradılmasının çətinliyi nəzərə alınarsa, İsrailin bu bölgəyə birbaşa nəzarət etməyə çalışacağı düşünülür. Ekspertlər bildirirlər ki, bu, İsrail cəmiyyətində parçalanmaları daha da dərinləşdirəcək.
“AzPolitika.info”

Şərhlər