“Kimlər hansı yollarla pul qazanıb, hamısının uzun bir siyahısı var”
“Sərdar Cəlaloğlunun nəslində, tayfasında çoxları Rəsul Quliyevin imicindən, onun göndərdiyi məktublardan istifadə edərək xaricə getdilər”. Bu barədə ACP Ali Məclisinin keçmiş sədri, siyasi istiqamət etibarilə Rəsul Quliyevə yaxınlığı ilə seçilən Zəminə Dünyamalıyeva Publika.Az –a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlunun Rəsul Quliyevi ADP-ni dağıtmasında, bir çox insanların bədbəxtliyinə səbəbkar olmasında, onun partiya üzərindən pul qazanmasında ittiham etməsinə cavabında deyib. Onun sözlərinə görə, Sərdar Cəlaloğlunun özü, dostları, tanışları, yaxınları Rəsul Quliyevdən bəhrələnib: “Sərdar Cəlaloğlu bugünkü imicinə görə Rəsul Quliyevə təşəkkür etməlidir. O zaman bir çoxları ADP-yə gəldi, amma onları Rəsul Quliyev çağırmamışdı. Onlar demokratik dəyişikliyin tərəfdarı idi və bu ideyaların ən yaxşısını Rəsul bəyin yanında olduğunu düşünürdülər. Düzdür, bir çoxları siyasi proseslərdə əziyyət çəkdi. Amma əksəriyyəti Sərdar bəy başda olmaqla çox şey uddular. Əksəriyyəti də ADP-yə məhz xaricə getmək üçün gəlmişdi. Biz istəmədik, getmədik. Bunu didərgin əhval-ruhiyyəsi kim təqdim etmək lazım deyil”.
Z. Dünyamalıyeva qeyd edib ki, siyasi lider adını daşıyan adam Azərbaycan dövlətinə, cəmiyyətinə, xalqına xidmət ola biləcək məsələlərlə maraqlanmalıdır: “Yoxsa alverçi kimi alver söhbətlərindən danışmamalıdır. Mən təəssüf edirəm ki, Sərdar Cəlaloğlu siyasi liderlikdən çıxıb sıravi adam kimi danışır. Deyir ki, deputatlar istefa verib ADP-yə gəldi, sonra da didərgin düşdülər. Rəsul Quliyevin də onlara borcu var. O deputatların içində mən də olmuşam. Düşüncəm budur ki, o deputatların heç biri Rəsulun onlara maddi və mənəvi borcu olduğunu düşünmür. O heç kimlə danışıq aparmayıb ki, mənim olduğum düşərgəyə gəlin. O deputatlar öz təşəbbüsü ilə gəlib. Rəsul Quliyev isə cəmiyyətin normallaşması, demokratiya üçün, müəyyən deyilən və deyilməyən səbəblərə görə istefa verərək xaricə getdi. Bizim müxalifətə transferimiz də Azərbaycanda demokratiyanın inkişafı il bağlıdır. Buna görə kiməsə minnət vurmaq heç birimizdə olmayıb. Sərdar Cəlaloğlu yaxşı olar ki, özündən danışsın”.
Avtobus məsələsinə gəlincə, Z. Dünyamalıyeva bildirib ki, avtobus Azərbaycana gəlib çıxmayıbsa niyə pul verilməlidir: “Avtobus gəlib çıxmayıbsa, onun pulunu verən adamlar qabağa düşərək pullarını verib almalı idilər. Rəsul Quliyev nə üçün pul verməli idi? Rəsul Quliyevin hesabına kimlər hansı yollarla pul qazanıb, hamısının uzun bir siyahısı var. Lazım gələrsə dərc edərik, onu oxuyub qurtarmaq mümkün olmaz. Sərdar Cəlaloğlu yaddaşını təzələsin. Bu düşüncəli adamlar qabağa düşüblər, cəmiyyəti qabağa aparmaq əvəzinə geri aparırlar. O, yaxı bilir ki, Rəsul Quliyev maddi və mənəvi borcdan danışanda nəyi nəzərdə tutur. Ona aid olmayan məsələyə niyə qarışır, niyə məhz o qabağa düşüb? Görünür, başqa nələrsə də var”.
Z. Dünyamalıyeva hesab edir ki, Sərdar Cəlaloğlu emosiyalara qapılıb. “Rəsul bəyin dediklərinin heç biri Sərdar bəyə aid deyildi. Buna onun cavab verməsi düzgün deyildi. Söz deyilmişdi, hər kəs də öz payını götürmüşdü. Rəsul bəy nə edibsə demokratiya üçün, Azərbaycan üçün edib. Bunu indiki nəsil bilməsə də, gələcək nəsillər qiymətini verəcək. Kimlərsə böhtan atmaqda davam edirsə, onlara cavab verməyə dəyməz”-deyə o bildirib.
Z. Dünyamalıyeva Rəsul Quliyevi ittiham edənlərə sual ünvanlayıb: “Rəsul Quliyev gəlsəydi və siz də ondan yararlansaydınız, onda deyəcəkdiniz ki, Rəsul Quliyevə borcumuz var? İndi o gəlməyib, çoxları da bildiyi kimi danışır. Bəs gəlsəydi, necə olacaqdı? Mən də bu suala cavab vermələrini istəyirəm”.


Şərhlər