Daxili siyasəti dəyişməyin vaxtı gəldi...

Nurəddin İSMAYIL

15 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin Xankəndində Azərbaycan Dövlət Bayrağını ucaltması, de-fakto Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam bərpası idi.

Bu şanlı qələbənin arxasında ilk növbədə xalqımızın yekdilliyinin, fədakarlığının, ordumuzun qüdrətinin, ölkə başçısı və Ali Baş Komandan kimi İlham Əliyevin müstəsna tarixi xidmətlərinin durduğunu heç kəs inkar etməməlidir. Eyni zamanda Azərbaycan dövlətinin öz ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı mübarizədə bizə arxa-dayaq olan qardaş Türkiyənin, İsrail, Pakistan və digər döst dövlətlərin oynadığı rolunu minnətdarlıqla qeyd etməliyik.

Azərbaycanın Xankəndi iqtisadi zonasında öz suverenliyini bərpa etməsi, 200 illik bir dövrdə xarici güclərin regionda oynadığı məkrli siyasi oyunlarının pozulması ilə nəticələndi. Azərbaycan ərazilərinin parçalanmasına, işğalına, ilhaqına səbəb olan Kürəkçay, Türkmənçay və Gülüstan müqavilələri mənfur tarixi dəyərini müəyyən dərəcədə itirdi. Bu tarixi qələbə dövlətimizin, xalqımızın beynəlxalq nüfuzunun bir daha möhkəmlənməsinə təkan verməklə yanaşı, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və hər iki xalqın dinc və yanaşı yaşaması üçün böyük imkanlar yaratdı. Bu tarixi hadisənin təkcə Azərbaycan üçün deyil, bütünlükdə Cənubi Qafqazda sülhün, əmin-amanlığın və sabitliyin yaradılması üçün ciddi imkanlar açacağı şəksizdir. İndi qarşımızda bir sıra vacib məsələlər durur.

Azərbaycan dövlətinin Qarabağ iqtisadi zonasında öz suverenliyini tam bərpasından sonra Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın öz dədə-baba torpaqlarına qaytarılması və onların həmin ərazilərdə təhlükəsizliyinin təmin olunması mexanizminin yaradlması sahəsində səylər gücləndirilməli, tarixi torpaqlarımızın geri qaytarılması istiqamətində məqsədyönlü dövlət siyasəti yürüdülməlidir. Ölkənin dinc dövrə qədəm qoyması hökumətdən öz daxili siyasətində fundamental dəyişikliklər etməyi, vətəndaş-məmur münasibətlərinin və kadr siyasətinin yenidən qurulması üçün ciddi islahatlar həyata keçirməyi tələb edir. Dövlət başçısı müharibə dövründə sərgilədiyi qətiyyəti mülki həyat müstəvisinə köçürməli, vətəndaş-dövlət münasibətlərinin demokratik qaydada tənzimlənməsi, məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq faktlarının aradan qaldırılması üçün geniş islahatlara yön verməlidir.

Biz, müharibə bitdi deyə, hələ hər şeyin asanlıqla sona çatacağı qənaətində deyilik. “Şimal ayısı”nın yaralı pəncəsini hara gəldi çırpdığının fərqindəyik. Bu baxımdan V.Putinin Rusiya hərbi kontingentinin 2025-ci ilə qədər ən azı formal baxımından Qarabağda qalmasının vacibliyi ilə bağlı səsləndirdiyi fikirlər narahatlıq doğurmaya bilməz. Lakin unudulur ki, Xankəndi iqtisadi zonasının rəsmən Azərbaycanın suverenliyinə daxil edilməsindən sonra Rusiya hərbi kontingentinin hər hansı bir ad altında Azərbaycan ərazisində qalmasının heç bir hüquqi, siyasi, və mənəvi əsası yoxdur. Belə ki, hüquqi baxımdan, Azərbaycan Konstitusiyasına görə, ölkə ərazisində hər hansı bir xarici dövlətin hərbi birləşmələrinin olması qadağandır, siyasi əsasının olmaması ondan ibarətdir ki, rus hərbi kontingentinin Qarabağda mövcudluğu başqa siyasi güclərin də regionda təmsil olunmasına zəmin yaradır, mənəvi əsasının olmaması isə Rusiyanın Azərbaycan xalqına qarşı tarix boyu yürütdüyü işğalçılıq siyasətidir.

Günü gündən şidddətlənən, daha çox insan qırğınına yol açan İsrail-Həmas müharibəsi dünyanı ciddi narahat edən məsələlərdəndir. Fikrimizcə, bu münaqişənin dinlər arası münaqişə kimi təqdim olunması düzgün deyil. Bu müharibədə humanitar fəlakətə səbəb olan, müharibə cinayətlərinə yol açan hərəkətlərin ortaya çıxarılması və səbəbkarların məsuliyyətə cəlb olunması üçün beynəlxalq komissiyanın yaradılması vacibdir. İsrail-Həmas müharibəsi fonunda ABŞ-ın regiona böyük miqdarda hərbi kontingent yollaması regionda böyük hərbi eskalasiya riskini artırır və bu faktor qardaş Türkiyənin və digər bölgə dövlətlərinin suverenliyi üçün təhdid yaradır. ABŞ və digər qərb partnyorları tərəfindən bu qədər hərbi gücün bölgəyə daşınması onların xoş niyyətindən xəbər vermir və dislakasiyalar İsrailin təhlükəsizliyinin qorunmasından çox, onların Yaxın və Orta Şərq regionunda zəngin iqtisadi rıçaqları ələ keçirmək barədə çoxdan qurduqları planların işartılarıdır.

Son zamanlar erməni lobbisinin təsiri altında olan beynəlxalq təşkilatlar Azərbaycan dövlətinin Qarabağ zonasında öz suverenliyini bərpa etməsinə qarşı qərəzli kampaniya aparır. Bəllidir ki, Azərbaycan dövləti bölgədə heç bir etnik təmizləmə aparmayıb, özünün ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquqa əsasən bərpa edib. Azərbaycan dövlətinə qarşı aparılan bu kampaniya ikili standartlı yanaşmadır, qərəzlidir. Azərbaycan ərazilərindən gedən ermənilər könüllü şəkildə əraziləri tərk edib, bir nəfər də olsa dinc əhali zərər çəkməyib, onlara qarşı hər hansı bir təhdid elementləri olmayıb, onların Azərbaycan ərazisində qalmaları üçün hər bir şərait yaradılıb. Bu tipli kampaniyalar xristian təəssübkeşliyindən, türk və müsəlman xalqlarına qarşı düşmənçilikdən qaynaqlanır və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına, bölgədə sülhün və əmin-amanlığın təmin olunmasına, ümumilikdə isə Qafqaz xalqları arasında etimad mühitinin formalaşmasına mane olur.

635x100

Şərhlər

Müəllifə 2023-10-22 01:00:26

bu siyasəti kim dəyişəcək?Bu iqtidrın belə fikri olmadığı gedən proseslərdən tam aydındır.Bəs kim?

Son yazılar