Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:
- Qüdrət bəy, Ermənistanın silahlandırılması barədə Fransa və digər Qərb ölkələrinin fəaliyyətinə münasibətiniz necədir?
– Fransa bilir ki, Ermənistanın silahlandırılması regionda heç nəyi dəyişməyəcək. Sadəcə bu yolla Ermənistanı Rusiyanın forpostu olmaqdan çıxarıb, öz “pet”lərinə çevirmək istəyirlər. Onlar erməniləri düşünsəydilər, onları başa salardılar ki, sizə silahlanma yox, Türkiyə və Azərbaycanla dostluq lazımdır, çünki nə qədər silahlansanız da, Türkiyə və Azərbaycandan güclü olmayacaqsınız. Yeni müharibə Ermənistanın mövcudluğuna son qoyacaq. Fransa kimi ölkələr bu cür təhlükəli addımları ilə bölgəyə sülh gətirmirlər, özlərinin islamafob, beynəlxalq hüquqa hörmətsiz münasibətlərini orataya qoyurlar. Ona görə xalqımız bilməlidir ki, Qərb dairələrinin onlara lazım olandan-olana bizimlə bağlı qaldırdıqları mövcud olan, yaxud olmayan problemlər həmin problemlərin həlli üçün edilmir, Azərbaycana təzyiq məqsədi daşıyır. Hamı bilməlidir ki, 30 ildən artıq məşəqqətli həyat yaşayan bir milyon azərbaycanlı qaçqını görməyib, könüllü olaraq, Azərbaycan vətəndaşı olmaq istəmədikləri üçün Qarabağı tərk etmiş 100 min erməniyə görə Qərb siyasi institutları özlərinə necə əl qoyublar. Elə-belə demirlər ki, hər pis işin bir yaxşı tərəfi də var.
- Xankəndi və ətraf rayonlara qaçqınların köçürülməsi niyə yubanır?
– Hazırlıq işləri görülür. Tezliklə həm işğal nəticəsində evlərindən qovulmuş azərbaycanlılar öz evlərinə qaytarılmalı, həm də Ermənistandan qovulan soydaşlarımız ermənilərin boş qalmış evlərinə köçürülməlidir. Ermənistanla sülh sazişi imzalansa və razılaşsaq, Ermənistandan qovulan soydaşlarımız Ermənistana öz evlərinə, Qarabağdan könüllü köçmüş erməni sakinləri də istəsələr öz evlərinə qayıda bilər.
- Qarabağın bərpası və sürətli iqtisadi inkişafı üçün görülən tədbirləri yetərli sayırsınızmı?
– Hökumətin bu istiqamətdə göstərdiyi səyləri yüksək qiymətləndirirəm. Amma onu da bilməliyik ki, Qarabağa dövlətdən başqa sahibkarlar da böyük həcmdə investisiya yatırmalıdırlar. Bunun üçün böyük özəlləşdirilməyə gedilməlidir. Sovet İttifaqının taleyi sübut edir ki, dövlət mülkiyyəti özünü doğrultmur. Neftin qiyməti aşağı düşən kimi SSRİ-nin iqtisadiyyatı çökdü. 2014-cü ildə neftin qiyməti aşağı düşdü, iqtisadiyyatı neft gəlirlərindən asılı olan Azərbaycanda manat dəyərini iki dəfədən çox itirdi. Böyük iqtisadi inkişafa nail olmuş Sinqapur və Çin təcrübəsi göstərir ki, tam “azad bazar” iqtisadiyyatı formalaşdırmadan və korrupsiyaya qarşı effektli mübarizə təşkil etmədən qeyri-neft sektorunu inkişaf etdirib iqtisadi uğurlara imza atmaq mümkün deyil. Dövlət iqtisadiyyatda tənzimləyici rol oynamalı, iqtisadiyyata nəzarət etməyə son qoymalıdır. Bu halda əlverişli coğrafi mövqeyə malik Azərbaycana xarici investisiya da axacaq, daxildən də xaricə valyuta çıxarılmayacaq. Mülkiyyətə təminat üçün güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Bu istiqamətdə ciddi qərarlar qəbul olunsa, bir neçə ilə dövlət büdcəsinin gəlirlərini 50 milyard dollara çatdırmaq olar. Bu isə Qarabağın bərpası və sosial problemlərin həlli deməkdir.
- Gürcüstanın 3+3 formatında Tehran danışıqlarından imtinasını necə qarşıladınız? Həqiqətənmi bu Rusiyanın orda olmasına görədir?
– Gürcü xalqı İvanişvilinin komandasına onun Rusiya ilə əlaqəsinə görə səs verib. Hazırda Gürcüstanın bir çox sahələrdə Rusiya ilə əməkdaşlığı var. Qonşularla əməkdaşlıq sülhə və iqtisadi inkişafa xidmət edir, bütün xalqların xeyrinədir. Gürcüstan hərb yolu ilə ərazi bütövlüyünü bərpa etməyəcəyini hər addımda bəyan edir. Belə olduğu halda Rusiya ilə əməkdaşlıq yolu ilə bu problemi həll etmək daha ağlabatan variantdır, nəinki Rusiyanın dağılmasını gözləmək. Azərbaycan nümunəsi ortadadır. Onu da qeyd edim ki, Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması hər iki ölkəyə MDB-nin üzvü olmağa mane olmamışdı. Ona görə inanıram ki, qarşıdakı dövrdə Gürcüstan da bu formata qoşulacaq.
- Azərbaycanın İranla münasibətlərində ciddi problemlərinin olduğu bir vaxtda İranla 3+3 formatında əməkdaşlığı məqbul sayırsınızmı?
– Ermənistanla münaqişə dövründə İran işğalçı dövləti həmişə müdafiə edib. İndi də Zəngəzur dəhlizinin əleyhinə çıxır, amma İranlıq bir şey yoxdur. Əgər sabah Ermənistan Zəngəzuru Azərbaycana qaytarsa, İran nə edəcək ki? Onlar sadəcə ürək bulandırırlar, ayağımıza dolaşan nəsə deyillər. Biz bu formatda, müttəfiqlik münasibətlərinə malik olduğumuz Türkiyə və Rusiya ilə birlikdə İranla əməkdaşlıq etməklə farslar tərəfindən milli hüquqlardan məhrum edilmiş cənublu soydaşlarımızın yaxın gələcəkdə ən azından ana dilində təhsil almaq hüquqlarına sahib olmalarına kömək edə bilərik. Ümumiyyətlə, düşünürəm, 3+3 formatı Avrasiya İttifaqının nüvəsini təşkil edə bilər. Gələcəkdə Orta Asiya respublikaları, Ukrayna və Moldova da bu ittifaqa qoşularsa, Çinlə Avropa İttifaqı arasında yeni bir güc mərkəzi formalaşar. Rusiyanın Ukrayna və Moldava ilə aparacağı danışıqların nəticəsi olaraq hər iki ölkənin 1991-ci il sərhədləri bərpa olunarsa, bunu mümkün sayıram. Azərbaycan böyük ittifaqlar çərçivəsində sürətlə inkişaf edib sülh və rifah içərisində yaşaya bilər.
(elchi.az)

Şərhlər
ilk yerleri tutur menasiz menasiz danishmaqda
Ən önəmlisi büdcənin miqdarı yox,onun ölkə ehtiyaclarına necə xərclənməsidir.Hər il büdcədən xərclənməyə artıq milyardlar qalır.Bəs bu necə olur? Niyə bu vəsait təyinatı üzrə xərclənməmiş qalır? Büdcə vəsaitlərinin məmurlar tərəfindən oğurlanmasına,mənimsənilməsinə yol verilməməlidirƏfsus ki,belə hallar açılmır,davam edir və daha eybəcər hal alır.Ən əsası isə büdcənin məsrəf bölməsində əhalinin maddi rifah halına cüzi vəsait ayrılır ki, bu da əhalinin güzəranını çətinləşdirib.Bir də Azərbaycanın təbii sərvətləri və igər sahələr büdcəni 100 milyarda da çatdırmaq imkanına malikdir.Təki mənimsəmə və oğurluqların qarşısını alan olsun.